Məhkəmə qərarları › İş №2(005)-1534/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1534/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1534/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh üç yetkinlik yaşına çatmamış uşağın xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 hər ay hər uşağın saxlanmasına 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat aliment pulu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov məhkəməsinin 2(005)-3171/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Qətnaməyə əsasən nikahı pozulduqdan sonra üç yetkinlik yaşına çatmamış uşağın xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması müəyyən olunmuşdur. Eyni zamanda üç uşağın saxlanmasına Cavabdeh əmək haqqından hər uşağa görə 150 manat (yüz əlli manat) tutulması qət etmişdir (Bakı şəhər Nərimanov Rayon Məhkəməsi 2(005)-1933/2023 saylı xx.xx.2023-ci il). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, cavabdeh üç yetkinlik yaşına çatmamış uşağın saxlanmasına hər uşağa hər ay 235, cəmi 705 manatı onun xeyrinə ödəməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh özü avtomobil təmiri ilə məşğul olmuş və əvvəllər vergi ödəyicisi olmuşdur. Lakin ilk dəfə alimentin təyin edilməsi ilə bağlı müraciət etdikdən sonra o VÖENnin fəaliyyətini dayandırmışdır. Hal-hazırda da avtomobilin cilalanması və digər texniki işlərlə məşğuldur. Hətta Gürcüstandan avtomobillərin ehtiyat hissələrini gətirirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hal-hazırda Memarlıq və İnşaat Universitetində liftçi vəzifəsində işləyir. 22 ildir həmin yerdə işləyir və başqa gəlir yeri yoxdur. Başqa nikahı və övladı yoxdur. Tələb olunan alimenti ödəməyə imkanı çatmır. Bu ay ancaq 96 manat əmək haqqı almışdır və qalan məbləğ alimentə çıxılmışdır. Aliment məbləğinin artırılmasına razı deyildir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 427192 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. -Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə dünyaya gəlmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. -5 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş 15 dekabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə dünyaya gəlmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. -5 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş 15 dekabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə dünyaya gəlmişdir. Atası Cavabdeh, arası İddiaçıdır. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/23 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5188/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa gorə 150 manat olmaqla, cəmi 450 məbləğində aliment tutularaq iddiaçıya verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4702/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhən Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tanxli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-4057/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” barədə iddia ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2076/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-4057/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetində liftçi vəzifəsində işləyir, əmək haqqı 660 manatdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı üç uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/23 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi iddiaçının iddia tələbi, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qeyd olunan maddədə qanunverici, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı iş üzrə isə iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə alimentin tutulmağa başlandığı 2023-cü ildən cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/23 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 150 manat aliment məbləği hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşaqların böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onların saxlanmaları üçün kifayət deyildir və uşaqlarıın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, indiki halda cavabdehdən tutulan alimentin miqdarının hər ay hər uşaq üçün 235 manat, cəmi 705 manat məbləğində müəyyən edilməsi onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra və məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər. Qanunvericiliklə alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Hazırki iş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetində liftçi vəzifəsində işləyir və əmək haqqı 660 manatdır. Digər tərəfdən, iddiaçı cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki bu halları sübutetmə vəzifəsi onun üzərinə düşür. İddiaçı yaşayış minimumunun bir uşaq üçün 235 manat olması əsası ilə hazırki tələbi irəli sürmüşdür. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2023-cü ildə aliment miqdarının artırılması, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat alimentin cavabdehdən tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən onun iddiası qismən təmin edilmiş, hər ay hər uşağa gorə 150 manat olmaqla, cəmi 450 məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 150 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və yaşayış minimumunu əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri nisbətən artmış, həmçinin uşaqlar böyümüş, onların tələbatları artmışdır. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, alimentin tutulması uşaqların saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onların əvvəlki yaşayış səviyyəsi saxlanmalıdır. Məhkəmə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/2023 saylı, 01 iyun 2023cü il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, hər iki valideynin “uşaqlarını saxlamaq” vəzifəsinin olmasını, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin əmək haqqı məbləğini (660 manat), onun əmlak vəziyyətini – adına daşınar və daşınmaz əmlakların olmamasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılaşma hallarının müəyyən olunmamasını, bununla belə uşaqların yaş həddini, böyüməsini, həyat standartları və istehlak qiymətlərinin nisbətən artmasını, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, qanunla müəyyən edilmiş 2024-cü il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun artırılmış məbləğini (2023-cü il üzrə 220 manat; 2024-ci il üzrə 235 manat – 15 manat) nəzərə alaraq, uşaqların saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının 20 manat olmaqla, hər ay hər uşağa görə 170 manat sabit pul məbləğinə artırılmasını məqsədəmüvafiq hesab edir. Alimentin sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, cavabdehin əmək haqqının az olması, başqa gəlir yerinin olmaması barədə dəlilərinə münasibətdə isə hesab edir ki, bu hallar, cavabdehi əvvəlki nikahdan olan övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Cavabdeh işləməsəydi belə, bu onu uşaqlarını saxlamaq, maddi təminatı ödəmək vəzifəsindən azad edə bilməzdi. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/23 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/23 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar