Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-156/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10300 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hər gecikdirilməsinə görə 5 faiz olmaqla 16 ay ərzində 687 manat olmaqla ümumilikdə 10987 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı, Rusiyada biznes fəaliyyəti ilə (ticarətlə) məşğul olan X3, 2021-ci ilin əvvəllərində ona zəng edərək Bakıdan ona yük maşınları vasitəsilə pomidor göndərən Yaqubov Abdulla və Cavabdeh adlı şəxslərlə tanış olmağını və maşınların yüklənməsi prosesinə nəzarət etməyini istəmişdir. İddiaçıda Yaqubov Abdulla və Cavabdehla görüşüb tanış olmuşdur. Onlarla birlikdə pomidor yetişdirilən istixanaya getmiş və pomidor yükləyərək məhsulu Qazaxıstan vasitəsilə Rusiyaya bazarına göndərmişlər. Yük maşınlarından biri sərhədi keçə bilsə də, digər 3 maşın keçə bilməmişdir. Geri qaytarılan məhsulun yarı hissəsini Azərbaycanda satmışlar. Məhsulu satdıqdan sonra Elxan, Ayaz və Abdulla satışdan kimə nə qədər pul veriləcəyini müəyyənləşdirmişlər. Bundan sonra məhsul olan maşınları yenidən Rusiya bazarına göndərmək istəmişlər. Həmin vaxt onların avtomaşınlara pomidor yüklətdirmək üçün pulları bəs etmədiyinə görə iddiaçıdan qısa müddətə borc pul istəmişlər. İddiaçıda həmin şəxslərin pomidor yükünü Elxana göndərəcəyini və avtomaşınların geri boş qayıtmaması üçün 5000 (beş min) manat pul tapıb Nərimanov metrosu yaxınlığındakı parkda Abdullaya vermişdir. Həmin vaxt Abdullanın yanında şəriki Nicat və Ayaz da var idi. Bundan 3-4 gün sonra isə yenə də həmin parkda Ayazla görüşüb birlikdə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-yə gedərək orada 10000 (on min) manat pulu ona cavabdehə vermişdir. Ayaz da pulu MMC-də işləyən X2 vermişdir. Bundan 3-4 gün sonra Ayaz mənə zəng edərək 300 (üç yüz) manat pulun çatmadığını dedi və iddiaçı 300 manatı həmin parkda görüşüb ona vermişdir. İddiaçı Ayaz və Abdullaya ümumilikdə 15300 (on beş min üç yüz) manat pul vermişdir. Lakin avtomaşınların pomidorla yüklənmədiyini biləndə o, Əliyev Zeynalın yanına getmiş və o iddiaçıya Abdulla, Ayaz və Nicatın ona köhnədən olan borcunu bağlamaq üçün pul verdiyini demişdir. İddiaçı Abdulla və Ayazın onu aldadaraq pulunu ələ keçirdiyini anlamışdır. İddiaçı Abdullaya vermiş 5000 manata görə və Ayaza verdiyi 10300 manata görə onlar iltizam yazaraq şahidin iştirakı ilə imzalayıblar. İddiaçıdan aldığı pulu qaytarmadığına görə X1 qarşı Göyçay rayon Məhkəməsində qaldırdığı iddia məhkəmə tərəfindən təmin olundu. Cavabdeh isə bu günə qədər iddiaçını aldadaraq 10300 manatı verəcəyini desə də bu barədə heç bir hərəkətlilik göstərməyərək borcu vermək istəmir. Buna görə də onun barəsində iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə 2(005)-2896-2022 saylı mülki iş üzrə məhkəmə baxışı iclası keçirilərkən, cavabdeh tərəf İddiaçı ümumi gördükləri kommersiya işinin təşkili və həyata keçirilməsi üçün 10300 manat məbləğində pul almışdır. Lakin görülən kommersiya işi itki ilə nəticələndiyindən-cavabdeh tərəf sonradan Rusiyada satılmaları üçün alınmış pomidorların ölkədən çıxarılmalarına süni maneələr yaradılması nəticəsində qalıb, xarab olmalarını nəzərə alaraq, baş vermiş ziyanın nəticələrini tamamilə öz üzərinə götürərək, İddiaçı birgə iş görmələri üçün götürdüyü qeyd olunan məbləğdə olan pulları geri qaytaracağı öhdəliyi haqqında 23 fevral 2022-ci il tarixli müvafiq iltizamı yazıb iddiaçıya vermişdir. Cavabdehin iddiaçıya 10300 manat borcu olmuşdur, lakin cavabdeh bu borcu idiaçının kart hesabına ödəmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, İddiaçı Cavabdeh mal alınması üçün 10300 manat vermişdir. Cavabdeh həmin borcu xx.xx.2021-ci il tarixədək qaytarmasını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nərimanov Rayon Polis İdarəsinin qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən araşdırılan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlə şifahi razılaşmaları əsasında 10300 manat borc pul verilmişdir. Cavabdeh tərəfindən verilmiş iltizamda iddiaçıdan aldığı 10300 manat borcu xx.xx.2021-ci il tarixədək qaytaracağını bildirmişdir. Daha sonra cavabdeh qeyd olunan borcu razılaşma üzrə vaxtında tam olaraq geri qaytarmamışdır. Belə ki, iddiaçının tələbi üzrə göstərilən borcun cəmi 3450 manatı (xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 650 manat, xx.xx.2021-ci il tarixddə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat olmaqla) cavabdeh tərəfindən ödənilmişdir. Hazırki vaxtadək cavabdeh tərəfindən borcun qalan hissəsi ödənilməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərindən Nərimanov RPİ-nə şikayət vermişdir. Nərimanov RPİ tərəfindən xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi tərəflər arasında mülki münasibətlərin tənzimlənməsi üçün müvafiq razılaşmanın olması zəruridir. Hazırda tərəflər arasında razılaşmanın olması cavabdeh tərəfindən təsdiq olunmuş iltizamda qeyd olunmuşdur. Eyni zamanda həmin iltizamda cavabdeh tərəfindən ona verilmiş borcun qaytarmasının son tarixi müəyyən edilmişdir. Lakin cavabdeh həmin iltizam üzrə göstərilmiş müddətdə öhdəliklərini tam yerinə yetirməmişdir. Hazırda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iltizamda göstərilmiş borc məbləğinin cəmi 3450 manat hissəsi ödənilsədə 6850 manat hissəsi ödənilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddiaçıdan aldığı borcunun ona məxsus kart hesabına tam olaraq ödədiyini bildirsə də, qeyd olunan hala dair sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən alınmış borcun tam ödənilməsinə dair hallar öz təsdiqini tapmamışdır. İddiaçı eyni zamanda iddia tələbində cavabdehə verilmiş borcun gecikdirilməsi üçün 687 manat faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilən maddi hüquq normasının tələblərinə əsasən iddiaçı gecikdirilmiş öhdəliklərə görə borc məbləğinin 5 faizi miqdarında borcun ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən hazırda cavabdehin tərəflər arasında razılaşma üzrə qalıq borcunun 6850 manat olması müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında tərtib edilmiş iltizam üzrə borcun son ödənilmə tarixi xx.xx.2021-ci il müəyyən edildiyindən hazırda qeyd olunmuş qanunvericiliyə əsasən qalıq borcun gecikdirilməsinə dair illik 5 faizin hesablanması, öhdəliyin yerinə yetirilməsi üçün müəyyən edilmiş son tarix götürülməlidir. Belə olan halda iddia tələbi üzrə ödənilməmiş borca görə hesablanmış 687 manat faiz borcu məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara uyğun olaraq hesablanmalıdır. Müəyyən edilmiş hallara əsasən hazırda cavabdehin gecikdirilmiş öhdəlikləri üzrə faiz borcu 399.5 (6850 manat üzrə 5 faizi illik 342.5 manat, aylıq 28.5 manat olmaqla gecikdirilmiş 14 ay X 28.5 manat =399.5) manat qəbul edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6850 manat və 399.5 manat faiz borcu tutularaq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6850 (altı min səkkiz yüz əlli) manat və 399.5 (üç yüz doxsan doqquz manat əlli qəpik) manat faiz borcu tutularaq İddiaçının xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-156/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-156/2023
08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver