Məhkəmə qərarları › İş №2(005)-1572/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1572/2022

06.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1572/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi mediasiya şöbəsinə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 03 mart 2009-cu il təvəllüdlü Şirəlizadə Oğuz yetkinlik yaşına çatanadək saxlanılması üçün, müalicə xərcləri və digər xərcləri nəzərə alınmaqla Cavabdeh hər ay 400 (dörd yüz) manat alimentin ondan alınaraq iddiaçı az yaşlının anası İddiaçı Hüseyinəli qızına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)- 5039/2015-saylı qətnaməsi ilə 03 mart 2009-cu il təvəllüdlü Şirəlizadə Oğuz Cavid oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Xannayib oğlundan hər ay 120 manat sabit pul məbləğində aliment iddaçı İddiaçı Hüseyinəli qızının xeyrinə tutulmasına (ödənilməsinə) dair qətnamə çıxarmışdır. Hal-hazırda az yaşlının 13 yaşı var. Bakı şəhər Nərimanov Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın məsrəfləri yetərincə artmışdır. Bundan başqa, Sirəlizadə Oğuz Sağlamlıq imkanından məhduddur. Allergik üstünlüyü ilə müşahidə olunan astma, Bronxil asma, atopik forma tez-tez residiv verən ağır gedişli. Digər allergik rinitlər, Allergik rinit. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmamazlıgı, tənəffüs çatışmamazlıgi 2-ci dərəcə. Az yaşlı mütəmadi olaraq həkim nəzarəti altındadır, ay ərzində bir necə dəfə müalicə və müayinə olunur. İctimai nəqliyyatdan istifadə edə bilmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bu səbəbdən də alimentin artırılmasına dair mediasıya şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh mediasiya şöbəsinə dəvət edilsə də, o mediasiya şöbəsinə gəlməmişdir. Oarada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qeyd edilən bu məbləği ödəməyə imkanı var. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş, alimentin artırılmasına etiraz etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5039/2015 nömrəli qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilk iddia qismən, qarşılıqlı iddia rədd edilmiş, 03 mart 2009-cu il tarixdə İddiaçı Hüseyn qızı tərəfindən doğulmuş Şirəlizadə Oğuz Cavid oğlunun atasının xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh olması müəyyən edilmiş, Masallı rayonu Təklə kənd Ərazi nümayəndəliyi tərəfindən verilmiş saylı doğum haqqında şəhadətnamədə müvafiq dəyişiklik aparılacaq uşağın soyadı Orucov ata adı Famil, ata qrafasında Cavabdeh göstərilməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilmiş, 03 mart 2009-cu il təvəllüdlü Şirəlizadə Oğuz Cavid oğlunun yetkinlik yaşına olana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi tarixdən, yəni 18 avqust 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı Hüseyn qızının xeyrinə tutulmuşdur. 15.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Elektron çıxarışdan görünür ki, 03 mart 2009-cu il təvəllüdlü Şirəlizadə Oğuz Cavid oğlunun sağlamlıq imkanları məhdud olmaqla müavinət almaqdadır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin faktiki nikahından 03 mart 2009-cu il təvəllüdlü X6 adlı uşaq doğulmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda uşağın saxlanılması üçün cavabdehdən müalicə xərcləri və digər xərcləri nəzərə alınmaqla hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tələb edir. Uşağa alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olması və müntəzəm aylıq gəlirə malik olması halı müəyyən edilməmişdir. İddia ərizəsi məhkəməyə 04.03.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat 2məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin müntəzəm aylıq gəlirə malik olması müəyyən edilməmişdir. İddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, 03 mart 2009-cu il təvəllüdlü X3 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, 03 mart 2009cu il təvəllüdlü X1 üçün Cavabdeh hər aya görə 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması ədalətli və əsaslıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “müalicə xərcləri və digər xərcləri nəzərə alınmaqla Cavabdeh hər ay sabit məbləğdə alimentlə birgə 400 (dörd yüz) manat alınaraq iddiaçıya verilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Buna görə də iddianın həmin hissəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatının surətinə əsasən, Şirəlizadə Oğuz Cavid oğlu “allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma, atopik forma, tez-tez residiv verən ağır gedişli, digər allergik rinitlər, allergik rinit, başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı – İİ dərəcə” diaqnozu ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəlləsinin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Beləliklə, hazırkı iş üzrə azyaşlı uşağın xəstə olduğundan uşağın müalicəsi üçün hər hansı bir xərcin çəkilməsini və yaxud gələcəkdə müalicəsi üçün çəkilməli olan xərcləri təsdiq edən sübutlar olduğundan iddia həmin hissədə qismən təmin edilməlidir. Belə olan halda müalicə xərcləri nəzərə alınmaqla əlavə olaraq hər ay 50 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 03 mart 2009-cu il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aya görə 193 manat sabit pul məbləğində aliment və hər ay 50,00 (əlli) manat məbləğində əlavə müalicə xərci İddiaçı xeyrinə tutulmalı, aliment məbləği iddiaçının Mediasiya Şurasına müraciət etdiyi vaxtdan, yəni 15.02.2022-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03 mart 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər aya görə 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 09 mart 2009-cu il təvəllüdlü X2 üçün əlavə müalicə xərci olaraq 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Aliment məbləği 15.02.2022-ci il tarixdən etibarən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar