Məhkəmə qərarları › İş №2(005)-1575/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1575/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1575/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) “minik avtomobilinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2006-cı il buraxılışlı, qara rəngli **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobilə dair 29.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunması və həmin avtomobilə ½ hissədə İddiaçı payı müəyyən olunmaqla mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X10 Cavabdeh1 qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 119 nömrəli evin, 121 nömrəli mənzilinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla və "Nissan Tiida" markalı **-DE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bölünməsi və mülkiyyət hüququnun tanınması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə, 366C saylı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi alınmış və X11 həmin torpaqda tikinti işləri aparmağa başlaması, Anar Məmmədovun iki mərtəbəli evin konstruksiyasını tikib başa çatdırdıqdan sonra maddi vəsaitinin olmaması səbəbindən evi keçmiş həyat yoldaşı İddiaçı bağışlama müqaviləsi əsasında bağışlaması, 20.04.2016-cı il tarixdə çıxarış alması, sonradan təmir tikinti işlərinə 55.000 manatdan artıq vəsait xərcləməsi, 70.000 manat məbləğində məişət avadanlıqlarının alınmasına vəsait sərf etməsi və nəticə etibarı ilə həmin fərdi yaşayış evinin təmirinə, içindəki əşyalarına əmlakın dəyərini xeyli artıran külli miqdarda vəsaitin xərcləməsi səbəbi ilə həmin əmlaka onun ½ pay hüququ tanınmalı və həmin evə köçürülməli olması ilə əsaslandırmış və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-243/2020 nömrəli 18.08.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 119 nömrəli evin 121 nömrəli mənzilə İddiaçı ½(ikidə bir) hissədə payı müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması, qalan hissədə ilkin iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "fərdi yaşayış evinə payların müəyyən edilməsi və həmin evə köçürülmə" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-243/2020 nömrəli 18.08.2020-ci il tarixli qətnaməsində ilkin iddia tələbinin digər predmeti olan 2006cı il buraxılışlı, qara rəngli **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobil Cavabdeh1 tərəfindən 01 iyul 2019-cu il tarixdə satıldığından, iddianın həmin avtomobilə payın müəyyən olunması və ya ½hissədə məbləğinin ödənilməsi hissəsi təmin edilməməsi, bununla bağlı İddiaçı 2006-cı il buraxılışlı, qara rəngli **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobilin alqı-satqı müqaviləsinin ləğvi, yaxud alqı-satqı məbləğinin yarısının ona qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə iddia vermək hüququna malik olduğu izah edilmişdir. Belə ki, mübahisə predmeti olan 2006-cı il buraxılışlı, qara rəngli **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobil Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə olunduğundan və həmin avtomobil Cavabdeh1 tərəfindən İddiaçı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadan özgəninkiləşdirildiyindən həmin əqdin mübahisələndirilməsi zərurəti yaranmışdır. Hesab edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2006-cı il buraxılışlı, qara rəngli **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobilə dair 29.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və həmin avtomobilə ½hissədə pay müəyyən olunmaqla mülkiyyət hüququ tanınmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi və bildirdi ki, 2006-cı il buraxılışlı, qara rəngli **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobil 01 iyul 2019-cu il tarixdə X1. Cavabdeh2 tərəfindən avtomaşın etibarnamə ilə idarə edilmişdir. İddia tələbini qəbul etmir, əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 243/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaklara payın müəyyən edilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə payların müəyyən edilməsi və həmin evə köçürülmə" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia qismən, qarşılıqlı iddia isə rədd olunmuş, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsindəki 119 nömrəli evin 121 nömrəli mənzilə İddiaçı ½ (ikidə bir) hissədə payı müəyyən olunması və mülkiyyət hüquqları tanınması qət edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin məhkəmənin sorğusuna cavab məktubunda qeyd olunur ki, **-DE-*** dövlət qeydiyyat nişanlı, "Nissan Tiida" markalı minik avtomobilə dair 01.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi məktuba əlavə edilmiş və həmin müqavilədə avtomobilin satış qiyməti 1600 manat göstərilmiş, avtomobil Cavabdeh1 tərəfindən X1; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 03.05.2021-ci il tarixli, 016-50309-1221 saylı məktubuna əlavə edilmiş məlumatlara əsasən **-DE-*** dövlət qeydiyyat nişanlı, "Nissan Tiida" minik markalı avtomobilə dair 26.07.2008-ci il tarixdə şəhadatnamə verilmiş, həmin avtomobil alqı-satqı müqaviləsi səbəbi ilə 01.07.2019-cu ildə qeydiyyatdan çıxmış, X5 adına 01.07.2019-cu il tarixdə şəhadətnamə verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 243/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 11.06.2005-ci il tarixdə nikah bağlanmış, tərəflərin nikah münasibətinə 07.05.2019-cu il tarixində xitam verilmişdir. 01.02.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddia üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2006-cı il buraxılışlı, qara rəngli **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobilə dair 29.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunması və payların müəyyən olunması tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Qeyd olunmalıdır ki, tərəflər, yuxarıda qeyd olunan avtomobilin onların birgə nikahları dövründə əldə edildiyini mübahisələndirmirlər; iddiaçı avtomobilin onun razılığı olmadan satıldığını iddia etmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında 2006-cı il buraxılışlı, qara rəngli **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobilə dair 29.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunması tələbini irəli sürür. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 33-cü maddəsinin əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur. Hazırkı iş üzrə isə, iddiaçının alqı satqının etibarsızlığını tələb etdiyi 29.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi mövcud deyil, **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobil 01.07.2019-cu ildə qeydiyyatdan çıxmış, X5 adına 01.07.2019-cu il tarixdə şəhadətnamə verilmiş, avtombilə dair 01.07.2019-cu il alqı-satqı müqaviləsi X9 ilə Cavabdeh1 arasında olmuşdur. İş üzrə Cavabdeh2 sözügedən avtomobili etibarnmə əsasında idarə etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirdiyi mübahisəsi gedən həmin avtomobilin X9 ilə olan alqı-satqısını mübahisələndirə, yaxud onun satılmasından cavabdehin (Cavabdeh1 ) əldə etmiş olduğu pul vəsaitinə hüquq iddia edə bilər; lakin belə bir hüququn olub-olmadığını araşdırmaq da hazırkı iddia çərçivəsində mümkün deyildir. Mülki Məcəllənin 181.1 və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli Fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” təsdiq edilmişdir. Buna görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan onun alqı-satqısına dair müqavilələr notariat qaydasında bağlanılmalıdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi isə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən isə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə də, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 33.4-cü maddəsi, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur; mexaniki nəqliyyat vasitələri rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən isə, nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir. Mülki və ailə qanunvericiliyinin göstərilən müddəalarına əsasən məhkəmə hesab edir ki, **-DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobilin hazırkı mülkiyyətçisi X7r. İddiaçı tərəf isə Cavabdeh2 arasında 2006-cı il buraxılışlı, qara rəngli **- DE-*** dövlət qeydiyyat nişanlı "Nissan Tiida" markalı avtomobilə dair 29.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmasını mübahisələndirir. Etibarnamənin verilməsi isə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Cavabdeh2 əvvəlki mülkiyyətçi tərəfindən etibarnamə verildiyindən və Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi bu təmsilçilik üçün nəzərdə tutulduğundan iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib, yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) “minik avtomobilinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-30-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) “minik avtomobilinə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar