Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-158/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və “X4 Korporasiyası” ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və “X4 Korporasiyası” ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “X5 Korporasiyası” ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 06.08.2013-cü il tarixli, İ-13/50 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 31024.16 manat əsas, 2829.45 manat faiz borcu olmaqla, cəmi 33853.61 manat məbləğində kreditborcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" iddia tələbinə dəqiqləşdirilməsinə dair 06.09.2021-ci il tarixdə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 06.08.2013-cü il tarixli, İ-13/50 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 31024.16 manat əsas, 3543 manat faiz borcu olmaqla, ümumilikdə 34567,16 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" iddia tələbinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 06.08.2013-cü il tarixli, İ- 13/50 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 31024.16 manat əsas, 6190,40 manat faiz borcu olmaqla, ümumilikdə 37214.56 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.08.2013-cü il tarixli, İ-13/50 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə, Y.Əliyev küçəsi, 2 saylı binanın, 163/192 nömrəli mənzilin alınması üçün 113 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 49246.01 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank “X5 Korporasiyası” ASC ilə 06.08.2013-cü il tarixli, İ-13/50 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu 31024.16 manat əsas, 2829.45 manat faiz borcu olmaqla, cəmi 33853.61 manat təşkil edir. Beləliklə, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının səlahiyyətli nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, onu iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Nərimanov" filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.08.2013-cü il tarixli, İ-13/50 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borclu Cavabdeh1 119 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 45801,67 manat məbləğində kredit xəttinin açılması öhdəliyini götürür. İş materiallarında olan 06.08.2013-cü il tarixli, İ-13/50 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Bank “X5 Korporasiyası” ASC ilə bank arasında zaminlik müqaviləsi bağlamışdır. İş materiallarında olan 16 may 2022-ci il tarixli № 1632 nömrəli arayışdan görünür ki, Cavabdeh1nın 31024.16 manat əsas, 6190,40 manat faiz borcu olmaqla, ümumilikdə 37214.56 manat kredit borcu vardır. İş materiallarında olan 01.06.2021-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq ödənilməsini təklif etmişlər, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizasının 9/7178 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh1 ayrılmış kredit vəsaiti üzrə kredit borcu 12.06.2021-ci il tarixə əsas borc üzrə 31024,16 manat, faiz borcu üzrə 2817,52 manat, 28.01.2022-ci il tarixə (rəy verilən tarixə) əsas borc üzrə 31024,16 manat, faiz borcu üzrə 5154,67 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarış və ödəniş qəbzlərinin məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ümumilikdə 10.11.2020-ci il tarixədək 46.560,00 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 14.777,51 manatı əsas borca, 31.782,49 manat isə faiz borcuna silinmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə cavabdeh “X4 Korporasiyası” ASC-yə münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə mülki işə əlavə olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır və cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən əsas borc üzrə 31024.16 manat əsas, 6190,40 manat faiz borcu olmaqla, ümumilikdə 37214.56 manat kredit borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə faiz borcuna münasibətdə əlavə olaraq bildirir ki, ekspert rəyində cavabdehlərin kredit vəsaiti üzrə faiz borcu 28.01.2022-ci il tarixə 5154,67 manat təşkil etmişdir. Lakin hazırda iddiaçı bankın təqdim etdiyi 16.05.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin faiz borcu 6190,4 manat təşkil edir, yəni ekspertin hesablamasından sonra təxmini 4 ay müddət keçmişdir və bu müddət ərzində cavabdehlər tərəfindən hər hansı vəsait ödənməmişdir ki, nəticə etibarilə faiz borcunun da müvafiq olaraq artması labüddür. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 330 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq 145 (bir yüz qırx beş) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən 31024.16 manat əsas, 6190,40 manat faiz borcu olmaqla, ümumilikdə 37214.56 manat və 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-158/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-158/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver