Məhkəmə qərarları › İş №2(005)-159/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-159/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-159/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə xitam və pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qızına qarşı “kredit müqaviləsinə xitam və pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh 1669.07 (bir min altı yüz altmış doqquz manat yeddi qəpik) AZN əsas borc, 370.77 (üç yüz yetmiş manat yetmiş yeddi qəpik) AZN faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində 74.44 (yetmiş dörd manat qırx dörd qəpik) AZN cərimə borcu, ümumilikdə 2159.67 (iki min yüz əlli doqquz manat altmış yeddi qəpik) AZN ümumi borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ''İddiaçı’' Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 1680 (bir min altı yüz səksən manat) AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirmir. Borclunun xx xxxx 2019-cu il tarixli N219- 0***-******* nömrəli kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borcu 1669.07 (bir min altı yüz altmış doqquz manat yeddi qəpik) AZN, faiz borcu 370.77 (üç yüz yetmiş manat yetmiş yeddi qəpik) AZN və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 119.83 (yüz on doqquz manat səksən üç qəpik) AZN təşkil edir, təşkil edir. Kredit üzrə ümumi borc 2159.67 (iki min yüz əlli doqquz manat altmış yeddi qəpik) manat təşkil edir. Kredit müqaviləsinin 2.3. maddəsinə əsasən borcalan kredit göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhtəsinə götürür. Həmin müqavilənin 4.13.1. bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0.50 (sıfır tam onda beş) faiz dərəcəsində dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2020-ci il tarixinə borclunun "İddiaçı” bank olmayan kredit təşkilatına ümumi 2159.67 (iki min yüz əlli doqquz manat altmış yeddi qəpik) manat borcu vardır. Məhkəmə baxışı iclasında iddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 219-0***-******* saylı “Kredit Müqaviləsi”nə əsasən Cavabdeh 12 ay müddətinə, illik 44% dərəcəsi ilə 1680 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 219-0***-******* saylı “Kredit Müqaviləsi”nə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 1680 manat məbləği illik 44%-lə, 12 ay müddətinə aylıq 175.56 AZN annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 219-0***-******* saylı “Kredit Müqaviləsi” üzrə xx.xx.2020-ci il tarixə 1669.07 manat əsas, 490.06 manat faiz borcu, cəmi 2159.67 manat borcu mövcuddur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin 1669.07 manat əsas, 370.77 manat faiz borcu var və cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən də tələb olunan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 219-0***-******* saylı “Kredit Müqaviləsi” üzrə 1669.07 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 74.44 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 10 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT "İddiaçı" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 219-0***-******* saylı müqavilə ləğv edilsin. BOKT "İddiaçı" QSC-nin xeyrinə Cavabdeh 1669,07 manat əsas borc, 370,77 manat faiz borcu, 10 manat cərimə və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar