Məhkəmə qərarları › İş №2(005)-1598/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1598/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1598/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul vəsaitinin, ona hesablanmış gecikdirilmiş faiz məbləğinin, hüquqi yardıma görə ödənilmiş pul məbləğinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul vəsaitinin, ona hesablanmış gecikdirilmiş faiz məbləğinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.630 (bir min altı yüz otuz) manat məbləğində pul vəsaitinin, 1.630 (bir min altı yüz otuz) manat məbləğində pulu vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə 1.630 (bir min altı yüz otuz)manat məbləğində pul vəsaitinə hesablanmış faiz məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Toyota Rav-4” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikində olan nasazlığı təmir etdirmək üçün ustaya müraciət etməli idi. Məsləhət almaq üçün qonşusu Ənvər Süleymanova müraciət etmişdir. Sonuncu ona Bakı şəhəri, Babək prospektində yerləşən avtomobil təmiri servisinə müraciət etməyini məsləhət görmüşdür. O, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Babək prospektində “Green Wood” mebel dükanının arxasında yerləşən avtomobil təmiri məntəqəsinə getmişdir. Orada Cavabdeh ilə tanış olmuşdur. Sonuncu ona bildirmişdir ki, onun özü avtomobil mühərriki ustasıdır və bu sahədə kifayət qədər təcrübəsi vardır. O da Cavabdeh səmimiyyətinə inanıb avtomobilini ona təmir etdirmək qərarına gəlmişdir. Cavabdeh onun avtomobilinə baxış keçirdikdən sonra ona bildirmişdir ki, avtomobilini təmir etmək üçün ehtiyyat hissələrinin alınması və usta haqqı ilə birlikdə ondan 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti alacaqdır. O da Cavabdeh təklifi ilə razılaşmışdır. İki həftə ərzində o, Cavabdeh hissə-hissə olmaqla, ümumilikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti vermişdir. Maşını təxminən 15-20 gün ərzində Cavabdeh işlədiyi avtomobil təmiri emalatxanasında qaldıqdan sonra sonuncu ona zəng vuraraq, avtomobilini təmir edib qurtardığını bildirmişdir. O, avtomobilini götürmək üçün Cavabdeh işlədiyi avtomobil təmiri məntəqəsinə getmiş, orada Cavabdeh ilə görüşmüş və sonuncu ona bildirmişdir ki, avtomobilini tam olaraq təmir edibdir. Artıq onun maşınında heç bir nasazlıq yoxdur. Avtomobili işə saldıqda maşınında titrəyiş olduğunu hiss etmişdir. Bunun səbəbini soruşanda Cavabdeh ona bildirmişdir ki, 2.000 km məsafə qət etdikdən sonra bu titrəyiş tam olaraq kəsiləcəkdir. O, təxminən iki ay avtomobilini sürmüş, lakin titrəyiş kəsilmədiyindən yenidən Cavabdeh işlədiyi təmir məntəqəsinə getmişdir. Cavabdeh bu dəfə də onun avtomobilinə baxış keçirdikdən sonra ona demişdir ki, 5.000 km məsafə qət etdikdən sonra titrəyiş düzələcəkdir. Bundan sonra o iki aya qədər də avtomobilini sürmüş, lakin titrəyiş kəsilməmişdir. Məcburiyyət qarşısında qalıb 2019-cu ilin may ayının əvvəli avtomobilini Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Toyota” Servisə aparmışdır. Orada Elşən adlı usta avtomobilinə baxış keçirdikdən sonra ona bildirmişdir ki, avtomobilinin mühərriki düzgün yığılmayıbdır və yenidən yığılmalıdır. Onu da bildirdi ki, əgər avtomobilini bu vəziyyətdə bir qədər də sürsəydi mühərrikin klapanı dağılacaqdır. Bundan sonra o Cavabdeh da özü ilə barəbər Elşən adlı ustanın yanına gətirmişdir. Orada Elşən usta ona vəziyyəti izah etmiş, mühərrikin düzgün yığılmadığını bildirmişdir. Cavabdeh da öz səhvini anlamışdır. Sonuncu ona söz vermişdir ki, ondan aldığı 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini tez bir zamanda onun özünə qaytaracaqdır. Bu hadisədən sonra o anladı ki, Cavabdeh avtomobil mühərrikinin təmiri barədə bilikləri çox azdır. Bundan sonra o dəfələrlə Cavabdeh müraciət edərək, pulunu qaytarmasını tələb etmişdir. Pulunu istəməyə gedəndə dostu Bəxtiyar Məmmədov da onunla olmuşdur. Bayramov X2 Məmmədovun yanında ona pulunu qaytaracağı barədə söz vermişdir. X3 da Cavabdeh ilə danışaraq onun pulunu qaytarmasını bildirmişdir. Pulunu qaytarması barədə Cavabdeh onlara söz versə də, həmin puldan cəmi 100 (bir yüz) ABŞ dolları məbləğində pul qaytarmış, yerdə qalan 1.630 (bir min altı yüz otuz) manat məbləğində pulunu hər dəfə müxtəlif bəhanələr uyduraraq, qaytarmaqdan yayınır. Hal-hazıra kimi iddiaçı ondan pulunu ala bilmir. Bu olanlardan sonra ona aydın oldu ki, Cavabdeh onu aldadır və verdiyi pul məbləğinin qalığını ona qaytarmayacaqdır. Cavabdeh ondan aldığı puldan 1.630 (bir min altı yüz otuz) manat məbləğində hissəsini geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq ona ödənilməlidir. Həmçinin hesab edir ki, cavabdeh şəxs onun pulunu qanunsuz olaraq qaytarmaqdan yayınmaqla, həmin puldan faydalanmış, ona görə də həmin vəsaitin məbləğində ona faizlər ödəməlidir. Cavabdeh pulunu 2019-cu ilin may ayında qaytarmalı olduğu nəzərə alınsa, faizlər 2019-cu ilin may ayından başlayaraq məbləğ ödənildiyi günədək hesablanmalıdır. Belə ki, 2019-cu ilin may ayında Cavabdeh bildirdilər ki, iddiaçı şəxsin avtomobilinin mühərrikini düzgün təmir etməyibdir və pulunu geri qaytarmalıdır. O, da öz səhvini etiraf etmiş və söz vermişdir ki, tez bir zamanda onun pulunu qaytaracaqdır. İddiaçı xx xxxx 2020-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.630 (bir min altı yüz otuz) manat məbləğində pul vəsaitinin, 1.630 (bir min altı yüz otuz) manat məbləğində pul vəsaitini vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə 1.630 (bir min altı yüz otuz) manat məbləğində pul vəsaitinə hesablanmış faiz məbləğinin, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 211 (iki yüz on bir) manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən xx xxx 2017-ci il tarixdə verilmiş AC seriyalı 848104 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şöbəsinin surətindən görünür ki, 2006-cı il buraxılışlı, “Toyota RAV-4” minik markalı, **- KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xüsusi mülkiyyətindədir; Cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ünvanladığı izahatının surətindən və məzmunundan görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Green Wood” mebel salonunun arxasında yerləşən avtomobil təmiri emalatxanasında mühərrik ustası işləyir. 2018-ci ilin noyabr ayında tanışı olan Ənvər adlı şəxsin vasitəsi ilə İddiaçı onun yanıma gələrək “Toyota RAV-4” minik markalı **-KZ-*** dövlət nömrə nişanlı avtomobilin mühərrikini yığdırmaq istədiyini bildirmişdir. O, maşının mühərrikinə baxdıqdan sonra onunla ümumi bir razılıqa gəlmiş və ona ehtiyyat hissələri ilə birlikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğində qiymətə maşının mühərrikini yığıb verəcəyini bildirmişdir. Ehtiyyat hissələrinin xərci 1.400 (bir min dörd yüz) manat təşkil etiyini, 400 (dörd yüz) manat isə zəhmət haqqı təşkil edəcəyini ona izah etmişdir. İddiaçı onunla razılaşmış, o da öz növbəsində təxminən 15-20 gün ərzində emalatxanada maşının mühərrikini yığıb ona təhvil vermişdir. İddiaçı avtomobili işə saldıqda mühərrikdə cüzi titrəyiş olduğunu ona demiş, o da öz növbəsində ona bildirmişdir ki, 2000 km məsafə sürdükdən sonra bu titirəyiş tam kəsiləcəkdir. Lakin titrəyiş kəsilmədiyindən o, avtomobilini “Toyota” Servisə aparmış, orada maşınının mühərrikini yenidən yığdırmışdır. Bundan sonra İddiaçı ondan verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Lakin o həmin pul vəsaitini ona hissə-hissə qaytara biləcəyini izah etmişdir. Həmin puldan 100 (bir yüz) ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı qaytarmışdır. Bu günə kimi onun pulunu geri qaytarmağa imkanı olmamışdır. Gələcəkdə pulunu hissə-hissə imkan olduqca geri qaytara bilər. Pulun geri qaytarılması ilə bağlı aralarında dəfələrlə söhbət olmuş, lakin maddi imkanı olmadığından pul vəsaitini geri qaytara bilməmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir; xx xxxx 2929-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri 3 nömrəli Vəkil Bürosuna hüquqi xidmət olaraq 211 (iki yüz on bir) manat məbləğində pul vəsaiti köçürmüşdür; ASAN 1 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1991ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli 80015 nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1 -ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Toyota Rav-4” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrikində olan nasazlığı təmir etdirmək üçün qonşusu Ənvər Süleymanovun məsləhəti ilə 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil təmiri servisinə getmiş və orada mühərrik ustası olan Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh şəxs onun avtomobilinə baxış keçirdikdən sonra avtomobilini təmir etmək üçün ehtiyyat hissələrinin alınması və usta haqqı 1.800 (bir min səkkiz yüz) manat məbləğində olacaqdır. Bu barədə tərəflər arasında razılaşma əldə edilmiş və iki həftə ərzində hissə-hissə olaraq, ümumilikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. Təxminən 15-20 gündən sonra Cavabdeh müvafiq avtomobili mülkiyyətçisinə təhvil vermiş, lakin avtomobilin mülkiyyətçisi olan İddiaçı avtomobilinin mühərrikində titrəmə olduğunu bildirmiş, cavabdeh şəxs isə öz növbəsində avtomobilin mühərrikinin titrəyişi 2000 km məsafə sürüldükdən sonra kəsiləcəyini bildirmişdir. Lakin titrəyiş kəsilmədiyindən iddiaçı şəxs 2019-cu ilin may ayının əvvəlində avtomobilini Bakı şəhəri, Xətai rayonunda yerləşən “Toyota” Servisə aparmış və orada mühərrikin düzgün yığılmaması müəyyən edilmişdir. Ödədiyi pulunu geri tələb edən İddiaçı cavabdeh şəxs yalnız 100 (bir yüz) ABŞ dolları məbləğində pul vəsaiti qaytarmışdır. Ona görə də məhkəmə hesab edir ki, 1.630 (bir min altı yüz otuz) manat məbləgində pul vəsaiti (1.800 manat - 170 manat (100 ABŞ dolları=170 manat) = 1.630 manat) Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçı iddia ərizəsinin “tələb edilən pul vəsaitini vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə 1.630 (bir min altı yüz otuz) manat məbləğində pul vəsaitinə hesablanmış faiz məbləğinin cavabdeh şəxsdən onun xeyrinə tutulması” tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən pul məbləğinin qaytarılması ilə bağlı faiz öhdəliyi nəzərdə tutulmadığından, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı iddia ərizəsinin “vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 211 (iki yüz on bir) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində nümayəndəyə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, nümayəndəyə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, hüquqi yardıma görə ödənilmiş pul məbləğinin əsasını təsdiq edən müvafiq qəbz iş materiallarında öz əksini tapdığından, iddia tələbi bu hissədə təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh İddiaçı xeyrinə 211 (iki yüz on bir) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.630 (bir min altı yüz otuz) manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə Bakı şəhəri 3 nömrəli Vəkil Bürosuna ödənilmiş 211 (iki yüz on bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.630 (bir min altı yüz otuz) manat, hüquqi yardıma görə Bakı şəhəri 3 nömrəli Vəkil Bürosuna ödənilmiş 211 (iki yüz on bir) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1.871 (bir min səkkiz yüz yetmiş bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar