Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1641/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Şirinova Fatima Ağamehdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin 2023-cü il üçün yaşayış minimumu miqdarında-220 manat məbləğində artırılaraq tutulmasına və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Fikrət oğlu ilə 2011-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2012ci il təvəllüdlü Hikmət adlı oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalarda sonradan ailə münasibətləri pozulmuş, nikahları 16 oktyabr 2017-ci il tarixində məhkəmə qaydasında pozulmuş və 28 yanvar 2015-ci ildə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış, sabit pul məbləği ilə 175 manat müəyyən edilmişdir. Lakin övladı böyüdükçə maddi çətinlikləri artmışdır və məhkəmənin müəyyən etdiyi alimentin məbləği hazırkı şəraitlə bağlı uşağın saxlanması üçün yetərli deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əmək haqqı 760 manat təşkil edir və 175 manat məbləğində alimenti çətinliklə ödəyir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 anadan olmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, birgə nikahdan anadan olmuş X2 anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 3174/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(005)-4562/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3174/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1641/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1641/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver