Məhkəmə qərarları › İş №2(005)-1649/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1649/2023

28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1649/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2015-ci il təvəllüdlü X3 və 07 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan aliment məbləği artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 223 manat, ümumilikdə 446 manat məbləğində alimentin və həmçinin mediasiya üçün ödənilmiş 56 manat dövlət rüsumunun dəyərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 20 oktyabr 2014-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə rəsmi nikahdan 04 dekabr 2015-ci il tarixdə Ömər adlı oğlu və xx.xx.2017-ci il tarixdə isə Əsmanur adlı qızı anadan olmuşdur. Nikah Zəngilan Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulan zaman övladları saxlanması üçün cavabdehin qazancını və başqa gəlirlərinin 1/3 hissəsi miqadında aliment tutulması qət edilmişdir. Daha sonra İddiaçı tərəfindən 2022-ci ildə Zəngilan rayon məhkəməsinə iddia ilə müraciət olunmasına baxmayaraq, aliment artırılmasına dair iddiası təmin edilməmişdir. Lakin cavabdeh hazırda 450 manat civarında əmək haqqı almasını bildirir. Cavabdeh əlavə gəlirlərini gizləyir. Bu isə uşaqların saxlanılmasında böyük problemlər yaradır. İddiaçı tək ana olaraq uşaqları həmin məbləğdə alimentlə saxlanılmasında çətinlik çəkir. Bununla bağlı 8 saylı Mediasiya qurumuna müraciət etsə də, cavabdeh tərəf alimentin artırılmasına razılıq vermədi, buna dair xx.xx.2023-cü il tarixli arayış verildi. Hal-hazırda təyin olunan aliment məbləği uşaqların saxlanması üçün yetərli deyil, bu səbəbdən hesab edir ki, təyin edilmiş aliment artırılmalıdır. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, hazırda cavabdehdən iki uşağa görə 200 manatdan aşağı aliment ödənilir. Özü tibb bacısı kimi işləsə da uşaqlara baxması ilə əlaqədar daimi iş saatlarında çalışa bilmir. Qazancından özünün və uşaqlarının saxlanılması üçün istifadə etməklə yanaşı, ev kirayə haqqını da ödəyir. Cavabdeh tərəfindən ödənilən aliment məbləği uşaqların ehtiyaclarını cuzi qarşılayır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Eyni zamanda cavabdehin nümanəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsində olacaq məhkəmə iclasında iştirak etməsi ilə bağlı olaraq hazırki iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; - Zəngilan Rayon Məhkəməsinin 2(034)-157/2022 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə 04 dekabr 2015-ci il təvəllüdlü X3 və 07 oktyabr 2017-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqadında aliment tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Zəngilan Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş AZ-İ 351955 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur və bu barədə həmin tarixdə 28 nömrəli qeyd aparılmışdır. - Zəngilan Rayon Məhkəməsinin 2(034)-117/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamədən müəyyən olunur ki, İddiaçı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutulan aliment məbləğinin dəyişdirilməsini və Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-117/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir və əsas olaraq iddiaçının əmək qabiliyyətli olması, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olması və iddiaçının cavabdeh tərəfindən uşaqların yemək, geyim və dərman vasitələri də daxil olmaqla digər xərclərini ödədiyini təsdiq etməsi göstərilmişdir. - “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh gəlir məlumatlarından çıxarışdan görünür ki, "xxxx" QSC-də elektrik çilingər, vəzifəsində işləyir. Əmək haqqı 445,0 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə, İddiaçı iddia tələbini aliment tutulması qaydasının dəyişdirilməsi hissəsində əsaslı hesab edir. Belə ki, 02 iyun 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə alimentin valideynin qazancından hissə kimi tutulması qət edilən vaxt cavabdeh "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi və Ümumi Tikinti işləri üzrə dəstəsində qəlibçi peşəsində işləmiş və aylıq əmək haqqı 1217 manat təşkil etmişdir. Hazırda isə cavabdehin aylıq əmək haqqı 445 manat təşkil edir. Digər tərəfdən qətnamənin qəbulundan 3 ilə yaxın vaxt ötmüşdür. Bu müddət ərzində uşaqlar da böyümüş, onların xərcləri də artmışdır. Cavabdehin rəsmi aylıq əmək haqqına yönələn 1/3 hissədə tutma təqribən 148,33 manat edir, bu məbləğ isə qanunvericiliklə bir uşağa görə müəyyən edilmiş dolanacaq xərclərindən də çox aşağıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet saytında olan kalkulyator vasitəsilə aparılmış hesablamadan görünür ki, 2023-cü ilin aprel ayında 2020ci ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 134.0 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 34.0 faiz artmışdır. Sadalanan halları nəzərə alaraq məhkəmə alimentin cavabdehin qazancından hissə formasında tutulmasını uşaqların mənafeyinə zidd hesab edir. Belə ki, görünür ki, uşaqların xərclərinin artmasına, qiymətlərin bahalaşmasına baxmayaraq, uşaqlara ödənilən aliment nəinki artmış, hətta azalmışdır. Halbuki Zəngilan Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra presedentlərində də uşaqların üstün mənafeləri məsələsi xüsusi vurğulanmışdır: Uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], 135-ci bənd; X Latviyaya qarşı [BP], 96-cı bənd). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur (Şahin Almaniyaya qarşı [BP], 66-cı bənd). Məhkəmə tutulmalı aliment məbləği ilə bağlı qeyd edir ki, iddiaçının əmək qabiliyyətli olması və uşağın qayğısına qalmağın hər iki valideyinin üzərinə düşməsi nəzərə alınmalı, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin “mediasiya üçün ödənilmiş 56 manat dövlət rüsumunun dəyərinin cavabdehdən tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mediasiya haqqında AR Qanununun” 36.5-ci bəndinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mülki işin materiallarında olan arayışdan görünür ki, cavabdehin mediasiya prosesində iştirak etmişdir. Buna görə də məhkəmə mediasiya xərci olan 56 manat ödənişinin yarısının, yəni 28 manat məbləğində pulun cavabdehdən tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 04 dekabr 2015-ci il təvəllüdlü X3 və 07 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilsin. İlkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş rüsumun yarısı, yəni 28 (iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar