Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1651/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlandan İddiaçı xeyrinə 3000 manat borcun, 700 manat hüquqi xidmət üçün ödənilmiş pulun və dövlət rüsumuna görə ödənilmiş 60 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı, hazırki Cavabdeh 2020-ci ilin mart ayında ümumilikdə 3000 manat pul vermişdir. Aralarındakı şifahi razılaşmaya əsasən Cavabdeh həmin pulu 2020-ci ilin sonuna qədər ödəyəcəyini bildirmişdir. Lakin o vaxtdan bugünə qədər hələ də borcunu ödəməyib və iddiaçı dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticə yoxdur. Cavabdeh iddiaçının onunla münasibətindən istifadə edərək onu aldatmışdır. Eyni zamanda, tərəflərin arasında olan yazışmalarda da cavabdeh pulu qaytaracağını bildirmişdir. İddiaçı dəfələrlə ondan pulun ödənilməsini tələb etsə də, cavabdeh götürdüyü borcu qaytarmaqdan yayınır, müxtəlif bəhanələr gətirməklə əlavə müddət istəyir. Nəticə etibarilə iddiaçıda cavabdehin pulu könüllü şəkildə qaytarmayacağına dair əsaslı şübhələr yaranmışdır. İddiaçı bu barədə Prokurorluğa və Polis idarəsinə ərizə ilə müraciət etmişdir, lakin, ona mülki iddia ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh pulu könüllü sürətdə vəd edilmiş vaxtda qaytarmadığı üçün iddiaçı bir sıra problemlərlə üzləşib və məhkəmədə iddia qaldırmaq üçün əlavə xərclər çəkib. Belə ki, İddiaçı iddianın məhkəməyə verilməsi üçün 60 manat dövlət rüsumu və vəkillə hüquqi xidmət müqaviləsi bağlamaq üçün 700 manat ödəmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq 3000 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddiaçıya 3000 manat borcunun olduğunu, lakin imkanı olmadığından ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Whatsapp” yazışmalarından görünür ki, Cavabdeh iddiaçıya borcunun olmasını qəbul edir və onun ödənilməsi üçün iddiaçıdan möhlət istəyir; Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 31 saylı vəkil bürosunun hesabına 700 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh 3000 manat borc pul vermişdir. Bu tərəflər arasında olan “Whatsapp” yazışmaları və cavabdehin özü tərəfindən məhkəməyə ünvanlanmış etiraf ərizəsi ilə təsdiq olunur. Hazırda iddiaçı qeyd edilən 3000 manat borcdan heç bir ödənişin aparılmadığını bildirərək, borc verilmiş 3000 manat pulun və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 700 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən borcunun olduğunu qəbul etmişdir və bununla bağlı ərizə təqdim etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək 3000 manat borcunun olduğunu etiraf etdiyindən, iddiaçı cavabdehə borc verdiyini sübut etmə vəzifəsindən azaddır. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin borcun etirafı haqqında ərizəsi qəbul edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 700 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 21.1 və 21.3-cü maddələrinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən isə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilə ödənilmiş pulun ağlabatan və ədalətli məbləğdə tutulması zərurətini və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu, eləcə də hazırki işin hallarını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli və hüquqi yardım göstərilməsi üçün 200 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh borca görə 3000 manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat olmaqla, cəmi 3260 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 3000 manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat olmaqla, cəmi 3260 (üç min iki yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1651/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1651/2023
18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver