Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1666/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 1500 (bir min beş yüz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov 54 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yaşamış anası xx.xx.1930-cu il təvəllüdlü X4 may ayından etibarən onlarla yuxarıda qeyd olunan 9-cu m/kr H.Seyidzadə küçəsi 38, mənzil 105 ünvanında yaşamışdır. Avqust ayının ortalarında səhhətində problem yaranmış, hərarəti qalxdığına görə Covid-19 testi vermişdir. xx.xx.2021-ci il tarixdə onlara verilən testin cavabı pozitiv çıxmışdır. Anası yaşının çox olmasına görə xəstəxanaya getmək istəməmiş və onlar evdə müalicəsi alması ilə bağlı qərara gəlmişdirlər. xx.xx.2021-ci il tarixinə qədər onun səhhətində müəyyən irəliləyişlər olsada ümumi vəziyyəti ağır olaraq qalmış, tənəffüs çatışmazlığına görə oksigen balonuna qoşulmuşdur. Ev şəraitində müalicə almasına baxmayaraq, onlara Covid-19 xəstələri ilə işləyən Cavabdeh adında həkimi tövsiyə etmişdirlər. O, Zığ qəsəbəsində yerləşən modul tipli hospitalda işləyir . xx.xx.2021-ci il tarixdə axşam saat 20-21 radələrində cavabdeh Leyla həkim onların evinə gəlmiş və xəstəyə vizual baxış keçirib resept yazmışdır. Bildirmişdir ki, Covid xəstələrini sağaldan Covifor № 6 adlı dərman Covid 19 xəstələri üçün effektivdir. Həkim Cavabdeh bildirmişdir ki, adıçəkilən dərmanı onlara verəcək və həmin dərmanın bir ampulasının qiyməti 200 ( iki yüz) manat təşkil edir. Reseptdə 6 ampula olmasına görə 1200 ( bir min iki yüz) manat pul ödənilməlidir. Həkimin fərdi müalicəsi üçün həmin gün 50 manat məbləğində əlavə ödənişdə həyata keçirilmişdir. Növbəti gün xx.xx.2021-ci il tarixdə Leyla həkimin resepti üzrə dərmanlar alınmış və müalicəyə başlanılmışdır. Daha sonra onunla əlaqə saxlanılaraq, onlara çatdırılmalı olan dərmanlar barədə soruşduqda həkim bildirmişdir ki, onlarla əlaqə saxlanılıb dərmanları təhvil verəcəklər. Həmin gün saat 16:15-də onlara ***-***-**-** nömrəsindən zəng gəlmiş, həmin adam Tərlan ş/ş yanında olduğunu və tapşırılan dərmanları gətirildiyini bildirmişdir. Müvafiq ödəniş həyata keçirildikdən 6 ampula alınmışdır. Həkimin göstərişinə əsasən xəstəyə təcili 2 ampula sistem şəklində vurulmuşdur. Dərmanlar vurulduqdan sonra xəstənin halı kəskin pisləşmiş və 21:45 radələrində keçinmişdir. xx.xx.2021-ci il tarixində müvafiq məlumat həkimə bildirilmiş o isə cavabında qeyd etmişdir ki, öz nənə və babasıda bu xəstəliydən ölmüşdür. Dərmanın geridə qalan 4 ampulasını qaytarmaq istəsələr də, digər tərəf buna etiraz bildirmişdir. Həkimin peşəkarlılğının və düzgün müalicə üsulları tətbiq etməsinin araşdırılması üçün aidiyyatı orqanlara şikayətlər ünvanlanılmışdır. Binəqədi RP-nin 7-ci PB göndərilmiş xx.xx.2022-ci il tarixli məktuba xx.xx.2021-ci il tarixində cavab verərək bildirmişdir ki, məsələnin aidiyyatı üzrə məhkəmə qaydasında həll edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2022-ci il tarixli, 2733 nömrəli rəyinə əsasən 1930-cu il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X2 “Covid-19” xəstəliyi dövründə ona “Covifor № 6” dərman preparatı təyin edilmişdir. Qeyd edilən dərman preparatının anotasiyasında həmin dərman preparatı “Covid-19” xəstəliyinin müalicəsində istifadə olunur və ölümə səbəb ola biləcək əks göstəriş qeyd edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2022-ci il tarixli, 4020 nömrəli rəyinə əsasən 1930-cu il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:; Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X2 “Covid-19” xəstəliyi dövründə vəziyyətinin ağırlığından və dozalama qrafikindən asılı olaraq ona “Covifor № 6” dərman preparatının 2 ampula inyeksiya edilməsi mümkündür. Qeyd edilən dərman preparatının anotasiyasında həmin dərman preparatının “Covid-19” xəstəliyinin müalicəsində istifadə olunduğu və ölümə səbəb ola biləcək əks göstərişi qeyd edilməmişdir. “Covifor № 6” adlı dərman preparatı “Remdesivir” dərman preparatı ilə eyni tərkiblidir, lakin müxtəlif qablaşdırılır. İşin müəyyən olunan hallarına əsasən iddiaçı “Covid-19” xəstəsi olan anasının 2022-ci avqust ayında ağrılarının artması ilə bağlı müraciət etmiş, həkim Cavabdeh yönləndirilmişdir. İddiaçı anasının vəziyyətinin pisləşməsi səbəbini həkimin düzgün olmayan diaqnozunun fəsadı kimi qiymətləndirir və bu səbəbdən anasının vəfat etdiyini iddia edir. İddiaçı ilkin ekspertiza rəyinə etirazını bildirmiş və qeyd etmişdir ki, xx.xx.1930-cu il təvəllüdlü anası X4 həkim səhlənkarlığı səbəbindən vəfat etmişdir. Belə ki, həkim anasının Covid- 19 xəstəliyi ilə bağlı onlara ilkin “Covifor” dərmanını məsləhət görmüş, ancaq “Remdesivir” dərmanını gətizdirmiş və bildirmişdir ki bu preparatlar eynitərkiblidir. Cavabdeh göstərişinə əsasən xəstəyə təcili 2 ampula sistem şəklində vurulmuşdur. Dərmanlar anasına vurulduqdan sonra onun halı kəskin pisləşmiş və 21:45 radələrində keçinmişdir. Həkim anasının yaşını nəzərə almamış və həmin dərmanların xəstəxana şəraitində vurulmalı olduğuna diqqət yetirməmişdir. İddiaçı Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ekspert rəyini əsas götürərək Cavabdeh-də və həkim Cavabdeh tərəfindən iddiaçının anasının göstərilmiş ixtisaslı tibbi yardımın təyin edilmiş diaqnoza uyğun aparılmasını vurğulayır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddia tələblərindən göründüyü kimi İddiaçı anası X2 həkimi olan Cavabdeh, onun anasına yanlış diaqnoz qoyması ilə bağlı yol verməsi iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2022-ci il tarixli, 2733 və xx.xx.2022-ci il tarixli 4020 nömrəli rəyləri ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 35 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1666/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1666/2022
07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver