Məhkəmə qərarları › İş №2(005)-1678/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1678/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1678/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.053 (on iki min əlli üç) ABŞ dollarının birdəfəlik və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qohumluq əlaqələri vardır, münasibətləri əvvəllər normal olmuşdur. 2015-ci ilin əvvəllərində cavabdeh ona zəng edərək bildirdi ki, ona təcili pul lazımdır, əlində bir ev məsələsi var, həmin evi satıb onun pulunu qaytaraçaqdır. Həmin ilin əvvəllərində, yəni yanvar ayından başlayaraq müntəzəm olaraq onun adına Bank vasitəsi ilə cəmi 12053 (on iki min əlli üç) ABŞ dolları göndərmişdir. Bu fakt Bank sənədləri ilə tam təsdiq olunur. Belə ki, 2015-ci ilin 20 yanvarında cavabdehə 5.203 ABŞ dolları, 21 yanvardı 2.093 ABŞ dolları, 06 martda 1578 ABŞ dolları, 30 apreldə 597 ABŞ dolları, 09 iyunda 2 dəfəyə hər dəfə 900 ABŞ dolları, 16 iyunda 450 ABŞ dolları və 15 iyul 2015-ci il tarixdə 329 ABŞ dolları cəmi 12.053 ABŞ dolları faizsiz borc vermişdir. Bir müddətdən sonra o, cavabdehdən borcu istədikdə o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırmağa başladı. O, Türkiyədə yaşadığı üçün cavabdehlə hər hansı yazılı borc müqaviləsi bağlamamışdır, həm də aralarında qarşılıqlı inam və etibar var idi. O, hər dəfə ona pul göndərdikdə pulu alandan sonra ona minnətdarlıq edirdi və söz verirdi ki, evi tezliklə sataçaq hətta pulunu artıqlaması ilə qaytaracaqdır. O bildirirdi ki, artıq pul ona lazım deyil evi satan kimi pulu hissə-hissə deyil, borcu tam birdəfəlik bank vasitəsi ilə göndərsin. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona verdiyi pulu qaytarmır, hətta telefon zənglərimə cavab vermir, elə ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində oldu. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın tam əsassız olduğunu, bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Dekont (Western Union) pul köçürməsi sistemindən 20.01.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, göndərici İddiaçı 5000 ABŞ dolları vəsaitini 203 ABŞ dolları komissiya haqqı olmaqla Cavabdeh adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Dekont (Western Union) pul köçürməsi sistemindən 21.05.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, göndərici İddiaçı 2000 ABŞ dolları vəsaitini 93 ABŞ dolları komissiya haqqı olmaqla Tahirə Kərimovanın adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Dekont (Western Union) pul köçürməsi sistemindən 06.03.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, göndərici İddiaçı 1500 ABŞ dolları vəsaitini 78 ABŞ dolları komissiya haqqı olmaqla Tahira Kərimova adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Dekont (Western Union) pul köçürməsi sistemindən 30.04.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, göndərici İddiaçı 550 ABŞ dolları vəsaitini 47 ABŞ dolları komissiya haqqı olmaqla Tahirə Kərimova adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Dekont (Western Union) pul köçürməsi sistemindən 09.06.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, göndərici Cavabdeh 900 ABŞ dolları vəsaitini İlyna Güngör adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Dekont (Western Union) pul köçürməsi sistemindən 09.06.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, göndərici Tahirə Kərimova 903 ABŞ dolları vəsaitini İlyna Güngör adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Dekont (Western Union) pul köçürməsi sistemindən 15.07.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, göndərici Tahirə Kərimova 300 ABŞ dolları vəsaitini İlyna Güngör adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Dekont (Western Union) pul köçürməsi sistemindən 16.06.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, göndərici Cavabdeh 450 ABŞ dolları vəsaitini İlyna Güngör adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Western Union pul köçürülməsi sistemindən 11.06.2015-ci il çıxarışa əsasən Cavabdeh 450 ABŞ dolları vəsaitini 40 ABŞ dolları komissiya haqqı olmaqla İlyna Güngör adına olan hesaba köçürmüşdür. İş materiallarında olan Western Union pul köçürülməsi sistemindən 09.06.2015-ci il çıxarışa əsasən Cavabdeh 900 ABŞ dolları vəsaitini 51 ABŞ dolları komissiya haqqı olmaqla İlyna Güngör adına olan hesaba köçürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasındakı borc münasibətləri 2015-ci ilin əvvəllərində yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31 may 2016-cı il tarixli № 269-VQD saylı Qanun ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 2015-ci ilin yanvar ayından başlayaraq cavabdehə bank vasitəsilə borc olaraq pul göndərmişdir. İddiaçı ilə cavabdeh arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Tərəflər şifahi olaraq razılaşmışdırlar ki, cavabdeh pulu birdəfəlik bank vasitəsilə qaytaracaq. İddiaçı qeyd edir ki, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh onun pulunu ödəməkdən imtina edir. Cavabdeh isə ilkin olaraq iddiaçıdan borca heç vaxt pul almadığını daha sonra isə ödənişə dair qəbzləri təqdim edərək, bütün borcunu geri qaytardığını bildirir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi şifahi borc müqaviləsi üzrə ödənilməmiş borcun tutulması hissəsində qismən əsaslıdır, yəni 3650 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, mülki işə əlavə olunmuş 20.01.2015-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh 5000 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir, həmin vəsaitin göndərilməsi üçün 203 ABŞ dolları məbləğində xidmət haqqı tutulmuşdur. 09.06.2015-ci il tarixli qəbzin surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən 900 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus bank hesabına göndərilmişdir. Həmin tarixli Western Union vasitəsilə pulun köçürülməsi haqqında qəbzdən görünür ki, Cavabdeh tərəfindən 900 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı göndərilmişdir, pulun köçürülməsi üçün 51 ABŞ dolları məbləğində xidmət haqqı tutulmuşdur. 16.06.2015-ci il tarixli qəbzə əsasən, Cavabdeh tərəfindən 450 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus bank hesabına göndərilmişdir. 11.06.2015-ci il tarixli Western Union vasitəsilə pulun köçürülməsi haqqında qəbzdən görünür ki, Cavabdeh tərəfindən 450 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı göndərilmişdir, pulun köçürülməsi üçün 40 ABŞ dolları məbləğində xidmət haqqı tutulmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən cavabdehə cəmi 5000 ABŞ dolları məbləğində pul vəsaitinin göndərildiyi sübut olunur ki, həmin vəsaitdən də 1350 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına göndərildiyi müəyyən olunur. Bundan başqa məhkəmə, tərəflər arasında borc münasibətləri ilə bağlı razılaşma zamanı borc pulun bank vasitəsilə göndərilməsinə dair razılığa gəlsələr də xidmət haqqının cavabdeh tərəfindən ödəniləcəyi barədə razılığın olmasına dair sübutlar təqdim edilməmiş, məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəfindən buna dair izahatlar verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 203 ABŞ dolları məbləğində pul vəsaiti borc olaraq cavabdehə verilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır. Bununla belə qeyd edilməlidir ki, yuxarıda sadalanan 20.01.2015-ci il, 09.06.2015-ci il və 16.06.2015-ci il tarixli qəbzlər məhz iddiaçının özü tərəfindən iddia ərizəsinə sübut qismində əlavə edilmişdir. Digər qəbzlərdə isə pul vəsaiti hazırki iş üzrə cavabdehin adına olmamaqla üçüncü bir şəxsin adına göndərilmişdir.(tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin şəxs iddiaçının bacısı, cavabdehin isə arvadı olub) Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin pul vəsaitlərinin məhz cavabdehə borc olaraq göndərilməsi aşkar olunmur, habelə iddiaçı tərəfindən buna dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Üstəlik də cavabdeh öz etirazlarında keçmiş arvadının adına göndərilmiş vəsaitlərin hazırki mülki iş üzrə iddiaçının nümayəndəsinə verildiyini iddia edir və bununla bağlı iddiaçıya göndərilmiş pul vəsaitlərinə dair həmin ödəniş qəbzlərini təqdim edir. Belə olan təqdirdə məhkəmə iddiaçı tərəfindən digər şəxsin (Tahirə Kərimovanın) adına borc olaraq göndərilmiş pul vəsaitinin hazırki cavabdehə aidiyyətini müəyyən etmədiyindən cavabdeh tərəfindən təqdim edilmiş sonuncunun adına olan ödəniş qəbzlərinə də hüquqi qiymət verməyə zərurət görmür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, həmin qəbzlər üzrə pul vəsaitlərinin cavabdehə verilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan borc pul vəsaitlərini Cavabdeh verdiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı müvafiq qəbzlər mövcuddur deyildir, qeyd olunduğu kimi həmin qəbzlərin bir qismi digər şəxsin adına göndərilmiş pul vəsaitlərini özündə əks etdirir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, cəmi 12.053 ABŞ dolları faizsiz borc pul vəsaitini cavabdehə verdiyini bəyan edirsə və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Həmin məbləğdə pul vəsaitinin cavabdehə verilməsinə dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3650 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul və 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar