Məhkəmə qərarları › İş №2(005)-1681/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1681/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1681/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 3000 (üç min) manat borcunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Nərimanov rayonu, Hacıbəyli küç, ev 30-da yaşayan X1 “GEELY MR 7151 A” minik markalı, **-DE-*** dövlət nömrə nişan avtomobili 12.11.2019-cu tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində etibarnamə əsasında 3000 manat verərək almışdır. Sonradan həmin avtomobilin üzərinə X2 aliment öhdəliyi olduğu üçün Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən həbs qoyularaq cərimə meydançasına yerləşdirilmişdir. O, X1 maşın üçün ödədiyi 3000 manat pulunu geri tələb etmiş, o isə 3000 manata avtomobilini iddiaçıya satdığını etiraf edərək, pulumu qaytaracağını bildirmiş və qəbz yazmışdır. Həmçinin, 3000 manat uşaqlarına aliment öhdəliyini yarandığından onun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyularaq cərimə meydançasında yerləşdirildiyini bildirmişdir. Bildirmişdir ki, həmin avtomobilin heç hazırda 3000 manat qiyməti də yoxdur. İddiaçının 3000 manat pulunu qaytaracağını demişdir. X4 3000 manata maşını iddiaçıya satması ilə bağlı da şəxsiyyət vəsiqəsi ilə birlikdə qəbz də imzalamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək, borcunu ödəmək üçün ona vaxt lazım olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, “GEELY MR 7151 A” minik markalı, **-DE-*** dövlət nömrə nişan avtomobilə görə həqiqətən də iddiaçıdan 3000 manat pul almışdır. İş materiallarında olan əlyazma özünə məxsusdur. Sonradan keçmiş arvadı tərəfindən aliment tələb olunmuş, həmin borcu ödəyə bilmədiyindən avtomobil üzərinə həbs qoyulmuşdur. Hazırda iddiaçının tələb etdiyi pulu ödəmək üçün imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuşdur; 23.10.2017-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh xx.xx.1972-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır; 23.10.2017-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinin mətnində Cavabdeh əl yazması ilə yazılan və imzalanan “Mən Cavabdeh oğlu İddiaçı maşını (GEELY MR-7151A) **-DE-*** markalı maşını 3000 manata satıb pulunu almışam. Heç bir etirazım yoxdur. 12.02.2021” qeyd olunmuşdur; ƏN-V seriyalı, 075396 saylı etibarnamənin surətinə əsasən “GEELY MR 7151 A” minik markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh həmin avtomobili 6 il, 4 ay, 17 gün müddətinə, yəni 29.03.2026-cı il tarixə kimi idarə etmək üçün İddiaçı etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş 12.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh GEELY MR 7151 A” minik markalı, **-DE-*** dövlət nömrə nişanlı avtomobil üçün 3000 manat ödəniş etmiş, hazırda həmin avtomobil cavabdehin mülkiyyətində olduğundan onun aliment borcuna görə həbs qoyulmuşdur. Hazırda iddiaçı 3000 manat pulu cavabdehdən tələb edir. Cavabdeh tərəf həmin pulu aldığını etiraf edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 3000 manat pul cavabdehə iddiaçı tərəfindən verilmişdir. Bu halı tərəflər mübahisələndirmir, əlyazma ilə yazılmış qəbzə (iltizama) əsasən təsdiq olunur. İddiaçı həmin qəbzə istinadən cavabdehin ona borcunun olduğunu bildirir və qeyd edilən məbləği cavabdehdən tələb edir. Cavabdeh isə 3000 manatı iddiaçıdan aldığını etiraf edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləd vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavaddehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3000 AZN və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 AZN (üç min) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar