Məhkəmə qərarları › İş №2(005)-1689/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1689/2020

02.11.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1689/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair ilk və Cavabdeh MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində o, Cavabdeh mənzil tikinti kooperativi ilə ünvan 1 ünvanında inşa olunan yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.m, ümumi sahəsi 152,43 kv.m olan təcrid olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin tikilib ona verilməsi və onun həmin mənzilin alınması üçün Cavabdehnə 152.430 manat məbləğində pul ödəməyi barədə B-143/12 saylı müqavilə bağlamışdır. Müqavilə bağlanılan gün o, müqavilədə göstərilən mənzilin tam dəyərini, yəni 152.430 (yüz əlli iki min dörd yüz otuz) manat məbləğində pulu cavadehə ödəmiş və cavabdeh həmin pulu qəbul edərək, pulun tam həcmdə ödəməyi, cavabdehə alınan mənzil üçün heç bir borcum qalmadığı barədə 116 saylı xx.xx.2019-cu il tarixli maliyyə arayışı verdi. Cavabdehlə bağladığı xx.xx.2019-cu il tarixli 143/12 saylı müqavilənin 3.1.-ci bəndinə əsasən, «Kooperativ» (Cavabdeh nənzil-tikinti kooperativi) tikinti-quraşdrma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə «Payçı»ya təhvil verilməsini təmin edir. Adı çəkilən müqavilənin 7.1. bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam həcmdə yerinə yetirilənədək qüvvədə qalır. Həmin müqavilənin 7.3.-cü bəndinə əsasən, Müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən, imzalandıqdan və möhürləndikdən sonra etibarlıdır. Aldığı mənzilin yerləşdiyi yaşayış binası tikilib, başa çatdıqdan sonra Cavabdeh MTK-i müqavilə ilə nəzərdə tutulan mənzilin ona verilməsindən imtina edir. Cavabdeh öz imtinasını onunla əsaslandırır ki, güya iddiaçıya müqavilə əsasında verilən mənzil, Cavabdeh MTK-i tərəfindən yaranmış borcun ödənilməsi üçün hansısa hüquqi şəxsə verilməlidir. Müqavilə əsasında ona ayrılmış və dəyəri tam həcmdə ödənilmiş mənzilin yerinə isə, cavabdeh ona bir neçə müddət sonra başqa mənzil verəcəyini vəd edir. Məsələyə aydınlıq gətirmək üçün o, cavabdehə xx.xx.2020-ci il tarixində yazılı sorğu ilə müraciət edərək, Cavabdehndə ona veriləcək mənzilin konkret ünvanı barədə arayış verilməsini xahiş etmişdir. Cavabdeh yazılı sorğunu qəbul etməkdən imtina edib. Cavabdeh MTK-in arasında bağlanmış müqavilənin dəyişdirilməsi barədə tələbini əsassız, aralarında bağlanmış müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada pozulması və ya dəyişdirilməsi hədəsini isə qanunsuz hesab edir. Qeyd edilənləri nəzərə alaraq, onu Cavabdeh tərəfindən inşa edilmiş ünvan 1 ünvamndakı yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.m, ümumi sahəsi 152,43 kv.m olan təcrid olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin mülkiyyətçisi hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, İddiaçı ünvan 1 ünvanında inşa olunmuş yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.m, ümumi sahəsi 152,43 kv.m olan təcrid olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilinə sahiblik və istifadəsinə Cavabdeh MKT-i tərəfindən yaradılan maneələrə son qoyulması və həmin mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK, İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianı onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh ” MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 2 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı, mənzilə dair 10yanvar 2019-cu il tarixli B-143/12 saylı müqavilə bağlamışlar. Əlavə olaraq qeyd edir ki, ünvan 3 ünvanda xx xxxxxx 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X7- 50 mant, 50 pay haqqı, 50%, 2. X18 - 20 manat, 20 pay haqqı, 20 %, 3. X10 - 5 manat, 5 pay haqqı, 5%, 4. X6 5 manat. 5 pay haqqı, 5% və X19 20 manat, 20 pay haqqı, 20%) "Cavabdeh " Mənzil-Tikinti Kooperatini təsis etmişlər. "Cavabdeh" Mənzil-Tikinti Kooperati ünvan 4 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxxxxxxx" MMC ilə "Cavabdeh" MTK arasında xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 (Beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxxxxxxx" MMC ilə "Cavabdeh" MTK arasında bağlanmış xx xxxxxxx 2019-cu iltarixli Razılaşma müqaviləsi Hə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda xx xxxxxxx 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər Sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 4 ünvanında yerləşən 0,3112 hu torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "SƏHƏR İNCİSİ" yaşayış kompleksinin inşasnın davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvləri X8, X14 və onun qardaşı X12, X18 tərəfindən aparılması, X4 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X5 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X11 tərəfindən kooperativin digər üzvü X5 xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış Etibarnamə verilmişdir. Etibarnamə "xxxxxxxxx" MMC ilə "Cavabdeh" MTK arasında bağlanmış müqavilədən 6 ay qabaq verilmişdir. "Cavabdeh” MTK-nın üzvü X11 tərəfindən "Cavabdeh ” MTK-nın digər üzvü X5 verilən xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxxxxxxx" MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X3 qeyri-qanuni hərəkətlərindən xəbər tutan X11 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X8 qohumu və MTK-nın digər üzvü X14, onun qardaşı X12 və X18 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. X2 qohumu və MTK-nın digər üzvü X14, onun qardaşı X12 və X15 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X8 və X12 hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixli B-142/12 saylı müqavilə üzrə ünvan 5 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunda 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət В02 saylı, mənzilə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilələr bağlamışlar. Belə ki, məhkəmənin diqqətinə çatdırır ki, "Cavabdeh" MTK ilə “xxxxxxxxx" MMC arasında bağlanmış müqavilə, iddiaçı "Cavabdeh " MTK-ya podratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X19, X9, X16 etibardan sui istifadə edərək, qeyriləri ilə əlbir olaraq 3-cü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Bildirir ki, tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvülərinin maraqlarına xidmət edir. Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh ” MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyənedici sənəd tələb etməmişlər. Yəni ünvan 2 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Bildirir ki, mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Qeyd edilənləri nəzərə alaraq ünvan 2 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunda 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv. m yaşayış- sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı, mənzilə dair qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh ” MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh ararsında xx xxxxxx 2019-cu il tarixli B-142/12 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosessində İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsinin tələblərinə uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Cavabdeh MTK-ya ilə İddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli B-143/12 nömrəli müqaviləsinin surətindən görünür ki, “Kooperativ” ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152/13 m2 yaşayış sahəsi 136,40m2olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin “Payçı’-ya verilməsini. “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti QDV daxil olmaqla 1000,00 AZN (bir min manat 00 qəpik) təşkil edir: Bu Müqaviləyə əsasən “Payçı’ya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 152430,00 AZN (yüz əlli iki min dörd yüz otuz, manat 00 qəpik) təşkil edir. Bu Müqavilənin imzalandığı gün “Payçı” “Kooperativə” mənzilin ümumi dəyərini 152430,00 manat (yüz əlli iki min dörd yüz otuz manat, 00 qəpik) məbləğində ilkin avans ödənişi (pay haqqı) həyata keçirməlidir. “Payçı” mənzilin ümumi dəyərinin qalan hissəsinin yəni. 00.00 AZN həcmində vəsaiti, bu Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavə. uyğun olaraq. Müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində bərabər hissələrə bölünməklə ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 116№-li maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MTK-nın ünvan 6 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində 13 blokunun 12-ci mərtəbəsində yerləşən B02 mənzil, ümumi sahəsi 152,43m2, yaşayış sahəsi 136.40 kv.m olan 3 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə B-143/12 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MTK ilə müqavilə bağlamış və müqaviləyə əsasən ödənişlər edilmişdir. İş materiallarında olan maliyyə arayışı ilə sübut olunur ki, hazırda İddiaçı mənzilə görə heç bir borcu yoxdur. Yəni o, müqavilə üzrə öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzil ona təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi təmin edilməli, ünvan 7 ünvanında inşa olunmuş yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.m, ümumi sahəsi 152,43 kv.m olan təcrid olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə sahiblik və istifadəsinə Cavabdeh MKT-i tərəfindən yaradılan maneələrə son qoyulmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Həmin Məcəllənin 339.3-cü maddəsinin tələbinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Qarşılıqlı iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan müqavilənin buna səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edilmədi. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilə hər iki tərəfin razılığı ilə könüllülük əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliklər tam həcmdə yerinə yetirilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçı iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanan müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Cavabdeh MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlər rüsumlsrı tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. ünvan 7 ünvanında inşa olunmuş yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.m, ümumi sahəsi 152,43 kv.m olan təcrid olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə sahiblik və istifadəsinə Cavabdeh MKT-i tərəfindən yaradılan maneələrə son qoyulsun və həmin mənzil İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar