Məhkəmə qərarları › İş №2(005)-1690/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1690/2025

07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1690/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı kompensasiya tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ona və “Şəhid Əlil və Veteranlar Birliyi”nə məxsus ərazilərə görə haqları olan kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən göründüyü kimi, ərizə qeyri-müəyyən olmaqla aydın formada tərtib edilməmiş, tələbin konkret nədən ibarət olduğu aydın şəkildə göstərilməmişdir. Belə ki, iddiaçı cavabdehdən kompensasiya tutulmasını xahiş etsə də, məbləği dəqiq şəkildə göstərməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, mövcud qanunvericiliyə əsasən işə baxan məhkəmə, aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakteri daşıyır. Belə ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Cavabdeh MTK isə kommersiya hüquqi şəxsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddia ərizəsindən görünür ki, iddiaçı avtoyuma və dayanacaq kimi istifadə etdiyi 700 kv.m sahənin, eləcə də mənzilin əvəzinin verilməsini cavabdehdən tələb edir. Göründüyü kimi hazırki mülki iş üzrə iddia tələblərinin bir qismi ümumi məhkəmədə, bir qismi isə kommersiya məhkəməsində baxılmalı olan tələblərə aiddir. Mübahisə əsas etibari ilə tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən isə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3 və 152.3-cü maddələrinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2, 152.1.1, 152.1.5, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı kompensasiya tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar