Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1709/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehler Cavabdeh1 və Cavabdeh2 9300 manat pulun və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərin birgə rəhbərlik etdikləri "xxxx" MMC ilə rəsmi müqavilə bağlamadan Bakı şəhəri Novxanı, Nardaran və Mərdəkan qəsəbələrində yerləşən müxtəlif şəxslərə aid fərdi yaşayış evlərinin təmirində alçıpan ustası kimi iştirak etmiş, ödənişi nağd şəkildə almaqla işləri aparmışdır. Əlavə işçi qüvvəsi cəlb etməklə ümumilikdə o, cavabdehlərin sifarişi ilə 5 fərdi yaşayış evi olmaqla alçipan tavan işləri görmüşdür. Cavabdeh1 Hüseyn oğlu hissəli şəkildə işlərin görülməsi müqavilində ödənişlər etmişdir. Sonuncu evi işləyərkən cavabdeh borclu olduğu məbləğin 15300 manat hissəsini tikinti materialları alınması bəhanəsi ilə saxlayaraq yaxın müddətdə ödəyəcəyi barədə vəd vermişdir. Cavabdeh2 borclu olduğu pulu tələb etdikdə ustalara ödənişlərin Cavabdeh1 Hüseyn oğlunun verdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehlərin qanunsuz əməlləri nəticəsində Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, cavabdehlər gətirilməklə hissəli şəkildə ödəniş edəcəklərinə vəd vermişlər. Lakin cavabdehlər bir daha pulu ödəməmişlər. Sonradan DİN-nin göstərişi əsasında araşdırma aparılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsinə dəvət edilmişdir. BMCMİ-də Cavabdeh1 Hüseyn oğlu 6000 manat pul vəsaiti ödəməklə, qalan 9300 manat pulu qısa müddətdə ödəyəcəyini demiş, lakin cavabdehlər borc məbləğlərini ödəmədiyindən digər şəxslərin zəhmət haqqıların öz vəsaiti hesabına ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, polisdə izahatı o özü yazmış, Cavabdeh1 Hüseyn oğlundan pul tələb edir. Cavabdeh2 qarşı pul tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia əsassızdır, o, iddiaçıya olan borcunu tam şəkildə BMCMİ-də ödəmiş və X3 şikayətini geri götürmüşdür. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cinayətin başlanmasının rədd edilməsi və X2 dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır; Bakı şəhəri Nizami Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 80 Ş-22 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir; xx.xx.2024-cü il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində təsdiqlənmiş ərizədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində 8İ-16288 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən imtina edir; xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış, polis mayoru ona 2000 manat məbləğində pul verərək, 15300 manatı alması və şikayətinin olmaması barədə ərizə yazmasını demişdir. O etiraz edərək 2000 manatı alıb çıxmışdır. Başına gələn hadisə və gördüyü iş barəsində fləşkart var və iş yoldaşları ifadə verib bunu təsdiqləyirlər; xx.xx.2023-cü il tarixli X1 Azərbaycan Respublikası DİN Baş Mütəşkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizədən görünür ki, onun Cavabdeh1 tələb etdiyi 15300 manat məbləğində pul araşdırma zamanı tam şəkildə ödənilmişdir, həmin şəxsdən şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacadır. Qeyd olunanlar nəzərə alınaraq, araşdırmanın dayandırılması xahiş edilmişdir; xx.xx.2023-cü il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində təsdiqlənmiş ərizədən görünür ki, X1 Cavabdeh1 qarşı heç bir iddiası, şikayəti və maddi tələbi yoxdur; Cavabdeh1 izahatından görünür ki, o, "xxxx" MMC-nin təsisçisi və icraçı direktorudur, işi evlərin dizaynı ilə məşğul olmaqdan ibarətdir. O, Vüqar Qurbanov ilə 2021-ci il tarixdə tanış olmuşdur, kiminsə evi təmir olunacaqdısa Vüqara müraciət edir, Vüqar isə usta taparaq işlərinə nəzarət edirdi. Təmir etdirdiyi evlərdə pul alma prosesində gərginlik, işlərin zəifləməsi səbəbindən o, Vüqarın pulunu verə bilməmiş, Vüqar onun əvəzinə 6 min manat ustalara pul vermişdir. Hazırki şikayətdə ondan 15300 manat pul tələb edilir. Lakin sonuncu dəfə Vüqar ondan şikayət edəndə 6000 manat pulu ödəmişdir, buna görə Vüqara heç bir məbləğdə pul verməli deyildir; Cavabdeh2 izahatından görünür ki, o, "xxxx" MMC-nin təsisçisidir. Bundan əvvəl "xxxx" MMC-də sinif yoldaşı Orxan Zeynallının yanına gedib gəlmiş, "xxxx" MMC-də ümumi olaraq işləri öyrənmişdir. Lakin o, həmin MMC-də heç bir vəzifə tutmamışdır. O, MMC-yə Orxanın yanına gələndə Vüqar Qurbanov usta işləyirdi. Vüqara heç bir məbləğdə pul verməmiş və ya ondan pul almamışdır. Aralarında iş münasibəti olmamışdır; X1 izahatından görünür ki, o, MMC-də işləyən zaman MMC-nin rəhbəri Orxan Zeynallı, ortağı isə X5 olmuşdur. Onların hər biri öz göstərişlərini və əvəzində pul vermişdir. 2020-ci ildə "xxxx" MMC-də işləyən zaman Səddam Cabbarovun göstərişi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində ev təmir etdirilmişdir. Təmir qurtardıqdan sonra ona 9300 manat pul verməli idi. Səddamdan pulu istəyəndə onu Orxan Zeynallının yanına göndərmiş, Orxan həmin pulu ödəməyəcəyini, göstərişi Səddamın verdiyini, buna görə də Səddamdan pulunu istəməli olduğunu bildirmişdir. Orxan Zeynallı təmir olunacaq evlərin pulunu hissə-hissə olmaqla ona vermiş, daha sonra isə material lazım olduğu adı ilə hissə-hissə ondan almışdır. Buna görə də 15300 manat borc yaranmışdır. 6000 manatını Orxan ödəmişdir. Qalan 9300 manatı isə ödəməmişdir. Orxanın deməsinə görə həmin pulu Səddam ödəməlidir; Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Alçıpan ustası kimi çalışan X3 Cavabdeh1 vasitəsi ilə Bakı şəhəri Novxanı, Nardaran və Mərdəkan qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin təmirinə cəlb olunmuş, həmçinin təmir zamanı digər işçilər taparaq onlara nəzarəti həyata keçirmişdir. Cavabdeh1 iddiaçı X2 görmüş işlərə görə pulu tikinti materialları alacağı səbəbindən verməmiş, ödənişi daha sonra edəcəyini vəd etsə də, sonradan iddiaçıya hər hansı ödəniş etməmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, hazırki mülki işin başlanmasına səbəb olan iddia əsassızdır. Belə ki, ilk növbədə iddiaçı X3 iddia ərizəsində cavabdehlər qismində Cavabdeh1 və Cavabdeh2 göstərsə də, məhkəmə iclası zamanı Cavabdeh2 qarşı pul tələbinin olmamasını vurğulamışdır. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh2 tikinti işləri ilə hər hansı əlaqəsi və ustalara tapşırıq verməsi halları aşkarlanmamışdır. O, əvvəllər sinif yoldaşı Cavabdeh1 yanına gedib gələrək, "xxxx" MMC-də ümumi olaraq işləri öyrənmiş lakin müəssisədə heç bir vəzifə tutmamışdır. Yəni Cavabdeh2 mübahisəyə aidiyyəti yoxdur və iş üzrə o, cavabdeh kimi məsuliyyət daşımır. İddiaçı X3 Cavabdeh1 9300 manat məbləğində pul tələb etsə də, Azərbaycan Respublikası DİN Baş Mütəşkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizədə cavabdehdən tələb etdiyi 15300 manat məbləğində pulun araşdırma zamanı tam şəkildə ödənildiyini, həmin şəxsdən şikayəti və tələbinin olmadığını, həmçinin gələcəkdə də belə bir tələbə yol verməyəcəyini vurğulamışdır. Hətta xx.xx.2023-cü il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində təsdiqlənmiş ərizəsində cavabdehə qarşı heç bir iddiası, şikayəti və maddi tələbinin olmadığını qeyd etmişdir. Cavabdeh1 izahatında sonuncu dəfə Vüqar ondan şikayət edəndə 6000 manat pulu ödədiyini, buna görə heç bir məbləğdə borcunun olmadığını bildirmişdir. Adıçəkilən materiallardan görünür ki, vaxtı ilə Cavabdeh1 iddiaçı X2 borcu olsa da, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət olunan zaman cavabdeh tərəfindən borc məbləği ödənilmiş, bu ödənilmə və qalıq borcun mövcud olmaması iddiaçının BMCMİ-yə ünvanladığı və notariat ofisində tərtib etdirdiyi ərizəsində də öz əksini tapmışdır. İddaçı sonradan xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində təsdiqlənmiş ərizə ilə xx.xx.2023-cü il tarixli, 8İ-16288 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən imtina etsə də, məhkəmə həmin imtinanın sui-istifadə üçün edilməsi qənaətindədir və onu qəbul etmir. Həmçinin xx.xx.2023-cü il tarixli ərizədə, X4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığını, polis mayorunun ona 2000 manat məbləğində pul verərək, məcburi çəkildə şikayətinin olmaması barədə ərizə yazdırdığını, hətta bununla bağlı fləşkart və iş yoldaşlarının ifadəsinin olduğunu qeyd etsə də, bu halı əks etdirən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. O cümlədən, iş materialları içərisində cavabdehin borcu qaytarmamasını (borclu olmasını) təsdiq edən heç bir sübut mövcud deyildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Dəymiş ziyanın mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının iddia etdiyi ziyanın cavabdehlər tərəfindən vurulmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki Prosessual Məcəllənin sübutların mümkünlüyünü əks etdirən 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənlərə məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1709/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1709/2025
21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver