Məhkəmə qərarları › İş №2(005)-1719/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1719/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1719/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Muğanbank ASC-yə ödədiyi artıq 400(dörd yüz) manat pulun ona geri qaytarılmasını və əsasız borcunun silinməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı cavabdeh Muğanbank ASC-dən xx.xx.2014-cü il tarixində 1360 (min üç yüz altmış) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti 36 (otuz altı) ay olub. Kredit müqaviləsinə görə aylıq ödəniş 56 (əlli altı)manat məbləğində pul təşkil etmişdir. O, vaxtı-vaxtında qanuna uyğun formada öz kreditimi ödəmişdir. Ödəniş zamanı maddi vəziyyəti çətin olduqda bir müddət krediti ödəyə bilməmişdir. Cavabdeh ona qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmə prosesində xəstəliyi ilə bağlı iştirak edə bilməmişdir. Yekunda Muğanbank məhkəmə prosesini udaraq, onun banka olan borcunu Xətai rayon İcra və Probasiya şöbəsinə yönəldmişdir. Altı aydır ki, pensiyasın dan 129 manat pul tutulur. 2022-ci ilin yanvar ayında aldığı 260 (iki yüz altmış) manat pensiyanı icra şöbəsi hamısını bankın xeyrinə tutmuşdur. Bildirir ki, o, Muğanbank ASC-nin filialına müraciət etmiş və onlara ödənişlə bağlı öz etirazını bildirmişdir. Banka onlara bugünə qədər aldığı 1360 (min üç yüz altmış) manat kreditə görə 1993 (min doqquz yüz doxsan üç) manat pul ödəməli olduğunu, lakin 2400 (iki min dörd yüz) manat pul ödəmiş olduğunu bildirmişdir. Hesab edir ki, Muğanbank ASC-nin bu hərəkətləri qanunsuz və əsassızdır və məhkəmə qaydasında, Muğanbank ASC-yə ödədiyi 400 manat məbləğində artıq pul silinərək ona geri qaytarlmalıdır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, 400 manat məbləğində pulu ödəməyinə baxmayaraq, bugünə qədər hər ay pensiyasından bankın xeyrinə pul tutulur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ilə İddiaçı arasında bağlanmış QT-487/14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 27% olmaqla 1360 məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı hər ay 56 manat (sonuncu ay 33 manat) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3140 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 28 aprel 2014-cü il tarixli, QT-487/14 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən İddiaçı xx.xx.2022-ci il tarixə "Muğanbank” ASC-yə 0,80 manat məbləğində artıq ödənişi müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "Muğanbank” ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 27% olmaqla 1360 manat məbləğində kredit verilmişdir. Hazırda İddiaçı bank tərəfindən ondan 400 manat məbləğində pulun artıq alındığını iddia edir və həmin məbləğin geri qatarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı tərəfindən 400 manat məbləğində pulun artıq ödənilməsi ilə bağlı hesab edir ki, iddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə 400 manat artıq pul tutulduğunu sübut etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3140 nömrəli ekspert rəyi İddiaçı tərəfindən "Muğanbank” ASC-yə 0,80 manat əlavə ödəniş müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 0,80 manat hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Muğanbank ASC-yə artıq ödənilmiş 0,80 (səksən qəpik) manat pul tutularaq İddiaçı ödənilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 50 (əlli) manat İddiaçı (iddia tələbinin təmin olunan hissəsi cüzi məbləğ olduğundan) tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Muğanbank ASC-dən artıq ödənilmiş 0,80 (səksən qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar