Məhkəmə qərarları › İş №2(005)-172/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-172/2024

03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-172/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “çatışmayan sahəyə görə pul ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənaye tikinti İnvestisiyası korporasiyası müəssisəsi ASC-dən ona dəymiş 5500 manat ziyanın indiki dəyərlə hesablanıb, tikinti şirkətindən alınaraq iddiaçı X2 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan tərəflərin ərizəsi əsasında əsl olmayan iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci ildə qızı İddiaçı Camaləddin qızının adına Akkord sənaye tikinti investisiya korporasiyası müəssəsindən 13367 saylı müqavilə ilə ümumi sahəsi 67,10 m2, dəyəri 30240 manat olan bir otaqlı mənzil almışdır. Hər kvadratına 450 manat pul ödəmişdir. Evi sənədləşdirərkən mənzilin ümumi sahəsinin 55,1 m2 olduğu müəyyən olunub, Akkord sənaye Tikinti şirkəti onu 12 m2 kvadrat aldadaraq ondan 5500 manat artıq pul alıb, ondan artıq alınan pulun qaytarılması üçün dəfələrlə Akkord Sənaye tikinti şirkətinə yazılı müraciət etməsinə baxmayaraq, heç kim cavab verməyib. Cavabdeh "xxxx" ASC etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdehin tikdiyi binaların layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, Layihədə mənzillərin sahələri o dövrdəki ölçmə qaydaları əsasında hesablanaraq müəyyən edilmiş, bina layıhəyə uyğun tikilmiş, müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzillərin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərmişdir. İddiaçıya satılmış mənzilin ölçüsü də alqı-satqı müqaviləsində layihədə qeyd olunan ölçüyə uyğun olaraq 67.2 kv.m. göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası Qanununun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Hamıya məlumdur ki, mənzillərin sahələrinin ölçülməsi müxtəlif dövrlərdə fəqli olmuşdur. Hazırda isə mənzillərin sahələri Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. Akkord mənzilləri həmin qaydalar qüvvəyə minməmişdən əvvəl satmışdır. Bu səbəbdən də Akkordun satdığı mənzillərin müqavilələrdə göstərilən ölçüləri dövlət reyestrindən çıxarışlardakı ölçülərlə uyğun gəlmir. Akkord heç bir alıcını aldatmamış, müqavilə əsasında mənzillər satılmış, mənzillərin sahəsi də layihədə qeyd olunan sahələrə uyğun göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdehlə iddiaçı da öz aralarında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlamışlar. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddianı tamamilə əsassız və qanunsuz hesab edirlər. Cavabdeh "xxxx" ASC həmçinin məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən xx.xx.2011-ci il tarixli, 13367 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, bina 8, blok 1, sahəsi 67.2 kv.m. olan 114 (indiki 137) saylı mənzili satın almışdır. Mənzil iddiaçıya xx.xx.2011-ci il tarixli təhvil-təslim aktı ilə təhvil verilmiş, ötən bu müddət ərzində iddiaçının mənzillə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Mənzilin alınmasından 13 il müddət keçmiş, uzun müddətdən sonra iddiaçı əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Beləliklə, o, iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 111 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 67.2 kv.m olan mənzili İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür; - N 5647 saylı, xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Y. Əliyev küç., 2595 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 8-bina, 1-blok, 12-ci mərtəbədə, 67.10 m2 ümumi sahəsi olan 114 saylı mənzilin ümumi dəyəri 30240 manat tam ödənilib, heç bir borcu yoxdur; - xx.xx.2011-ci il tarixli aktın surətindən görünür ki, “X6” MMC-nin ünvan 1 ünvanda inşa etdiyi mənzili 13367 saylı, xx.xx.2011-ci il tarixli müqavilənin 3.1.23-cü maddəsinə uyğun olaraq alıcı İddiaçı təhvil verilir; - ƏMDK yanında DƏDRX-in çıxarışından görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 2595, Yavər Əliyev küçəsi, bina 8, mənzil 137 (Yeni qaydalarla : AZ 1040, ünvan 2 ünvanında yerləşən 55.1 kv.m sahəsi olan mənzil İddiaçı oğlunun adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixində qeydə alınmışdır; - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5725 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin azaltma əmsalları nəzərə alınmadan və faktiki sahəsi 61.44 kv.m. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla hesablandıqca 56,44 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin 1.2-ci maddəsinə uyğun olaraq, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 67,1 kv.m olduğu müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2011ci il tarixdə Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 2595, Yavər Əliyev küçəsi, bina 8-də yerləşən 67,2 m2 ümumi sahəsi olan 1 otaqdan ibarət mənzilə dair alğı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən mənzilin sahəsi 67,2 kv.m. müəyyən edilmiş, çıxarışda isə mənzilin sahəsi 55.10 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə təhvil verilməli olan 67.2 kv.metr əvəzinə 55.1 kv. metr sahəsi olan mənzilin təhvil verildiyinə istinad edərək, çatışmayan sahəyə görə 5500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Tərəflər arasındakı mövcud hüquq münasibətləri 13367 nömrəli, xx.xx.2011-ci il tarixli “Mənzilin alğı-satqı müqaviləsi” əsasında yaranmışdır. Həmin müqavilənin 1.1 və 1.3-cü bəndlərinə uyğun olaraq satıcı Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 111 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 67.2 kv.m olan mənzili alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Satıcı aldığı mənzili binanın tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini, müqavilə yə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 1.2-ci bəndinə görə mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Bağlanmış müqavilələrin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında əsasən podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı binanın tikinti işlərini tam başa çatdırdıqdan sonra mənzili alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, hazırki müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Lakin hazırki iş üzrə tərəflər arasında mənzilin sahəsinin hesablanma qaydası müəyyən edilmiş, divarların, arakəsmələrin də mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınması şərti razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilədə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanması nəzərdə tutulmuşdur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan (12 kv.m. az) mənzil verildiyini bildirmişdir. Müqavilə şərtlərinin məcburiliyini nəzərə alaraq, təhvil verilən mənzilin müqavilə şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin azaltma əmsalları nəzərə alınmadan və faktiki sahəsi 61.44 kv.m. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla hesablandıqda 56,44 kv.metr olduğu müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci maddəsinə uyğun olaraq, divarların və arakəsmələrin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 67.1 kv.m. olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Beləliklə, ekspert rəyindən də göründüyü kimi iddiaçıya müqavilə şərtlərinə uyğun sahəsi olan mənzil təhvil verilmişdir. Mənzil sahələri arasında cüzi fərq aşkar edilmişdir. Belə ki, müqavilədə mənzilin sahəsi 67.2 kv.m. göstərilmiş, ekspert rəyi ilə 67.1 olduğu müəyyən edilmişdir. Mənzillərin sahəsi arasında isə cüzi fərqin olması ağlabatandır. Bu baxımdan iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. İddiaçı yalnız çatışmayan 0,1 kv.m. sahənin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin iddia müddəti ötürüldüyündən iddia həmin hissədə də təmin edilə bilməz. İddia müddətinin anlayışını və başlanma anını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 377.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla və iddiaçının özünün izahatı ilə müəyyən edilir ki, mübahisələndirilən mənzil iddiaçıya xx.xx.2011-ci il tarixdə akta imza edilməklə təhvil verilmişdir. Həmin il iddiaçı mənzilə köçərək yaşamağa başlamışdır. Mənzilə dair çıxarış isə xx.xx.2022-ci il tarixdə alınmışdır. İddiaçı mənzili təhvil aldıqdan 12 il sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar