Məhkəmə qərarları › İş №2(005)-1723/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1723/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1723/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nuriyeva İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən etibarən yetkinlik yaşına çatmayan övladları xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X1 ilə bağlı Cavabdeh hər uşaq üçün hər ay 250 manat olmaqla cəmi aylıq 500 (beş yüz) manat sabit məbləğdə aliment tutulub iddiaçı İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4354/2019 saylı qətnaməsi ilə İddiaçı ilə hazırki iş üzrə cavabdeh Cavabdeh arasında bağlanmış nikah pozulmuş, bu birgə nigahdan dünyaya gələn övladları xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2015ci il təvəllüdlü X2 hazırki iş üzrə İddiaçı yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh hər uşaq üçün hər ay 160 manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit məbləğdə aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda övladlarının böyüməsi, onların yaşayış və təhsil xərclərinin artması, habelə ölkədə baş verən infilyasiya səbəbindən adı gedən aliment məbləği 2 (iki) uşağın saxlanılmasına, onların gündəlik tələbatının ödənilməsinə yetmir. Bundan başqa, nəzərə alaraq ki, iddiaçı və iki azyaşlı övladlarım hazırda qeydiyyatda olduğu və gəlin köçdüyü, cavabdehin atasının adına rəsmiləşdirilmiş evdən çıxarılmış və beləliklə də onlar kirayədə qalırlar, bu səbəbdən aylıq 300 manat məbləğində kirayə haqqı vermək məcburiyyətindədir. Bundan başqa, adı gedən kirayə pulunun üzərinə ayıq kommunal (İşıq, qaz. su, telefon, internet və s.) və digər zəruri xərcləri əlavə etdikdə, iki azyaşlı uşağımın normal qidalanması, onların zəruri ehtiyaclarının qarşılanması üçün bu qeyd olunan 320 manat aliment məbləğininə qədər az olması bir daha açıq aşkar görünür. Eyni zamanda, əsas ərzaq məhsullarının, uşaq geyimlərinin qiymətləri məlum olduğu kimi 2019-cu ilin oktyabr ayından sabit deyil uşaqların tələbatları böyüdükcə artmaqdadır, onların yaşayışı, məktəbi, inkişafı üçün əlavə vəsait tələb olunur (bu hallar hamıya bəlli olduğundan, onların sübuta ehtiyacı yoxdur). Nəzərə alaraq ki, cavabdehin kifayət qədər gəlir mənbəyi mövcuddur. Məhkəmə tərəfindən təyin olunmuş alimentin miqdarının ağlabatan miqdarda dəyişdirilməsi, hər bir uşaq üçün minimal 250 manatadək artırılması (dəyişdirilməsi) əsaslı, məqsədəuyğun və ilk növbədə uşaqlarımızın mənafeyinə xidmət edərdi. Məlum olduğu kimi, hazırda ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-cü ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.3 və 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X5 doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaqlar anasının yanında qalır, xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X1 üçün cavabdeh iddiaçının xeyrinə aliment ödəyir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 4354/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 manat, cəmi 320 alimentin ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər bir uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaqlar üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından olan xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4354/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər bir uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar