Məhkəmə qərarları › İş №2(005)-1726/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1726/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1726/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, X1 iştirakı ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00162-00/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə ödənilməmiş 4909.74 manat əsas borc, 382.05 manat faiz borcu, 263.91 manat dəbbə borcu, ümumilikdə 5555.7 manat məbləğində borcun, iddia qaldırlması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00162-00/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 4909.74 manat əsas borcu, 382.05 manat faiz borcu, 263.91 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2021-ci il tarixinə ümumi borcu 5555.7 manat təşkil edir. İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti teleqram ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Asan 1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli FN-00162-00/19A nömrəli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki,borcverən 5000 (beş min man) AZN məbləğində krediti illik 21 (iyirmi bir) faizlə 24 (iyirmi dörd) ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən istehlak məqsədi ilə istifadə etməyi və onu xx.xx.2021-ci il tarixnədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli FN-00162-00/1A saylı kredit müqaviləsinə 1nömrəli əlavə üzrə ödəniş cədvəlindən görünür ki, aylıq kredit ödənişi 257.00 (iki yüz əlli yeddi manat 00 qəpik) manatdır. Xəzinə məxaric orderinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə cavabdeh 5.000 (beş min) manat məbləğində kreditə verilmiş vəsaiti qəbul edərək öz şəxsi imzası ilə təsdqiləmişdir. xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə 4909.74 (dörd min doqquz yüz doqquz manat 74 qəpik) manat əsas borcu, 382.05 (üç yüz səksən iki manat 05 qəpik) manat faiz borcu, 263.91 (iki yüz altmış üç manat 91 qəpik) cərimə borcu olmaqla 5555.7 (beş min beş yüz əlli beş manat 7 qəpik) manat ümumi borcu vardır. Kredit sifarişinin məzmunundan görünür ki, cavabdeh istehlak məqsədi ilə 24 ay müddətinə 5000 AZN məbləğində kredit ayırlmış və qeyd edilmiş məlumatların doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Cavabdehə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli MXD-2020/6085 nömrəli bildirişin surətindən görünür ki, cavabdehin xx-xx-2019 FN-00162-00/19A saylı “kredit müqaviləsi” üzrə banka xx.xx.2020-ci il tarixinə ümumi borcu 5036.87 (beş min otuz altı manat, 87 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 263,91 AZN (iki yüz altmış üç manat 91 qəpik) cərimə borcu məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 70 (yetmiş) manata endirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00162-00/19A saylı kredit müqaviləsinə əsasən isə 24 ay müddəti tətbiq edilməklə illik 21 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. Lakin cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Bank “xxxx” ASC Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, qismən iddia qismən təmin edilməli, Cavabdeh ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış FN-00162-00/19A saylı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə FN-00162-00/19A saylı kredit müqaviləsinə əsasən 4909.74 manat əsas, 382.05 manat faiz, 70 manat cərimə borcu olmaqla cəmi 5361.79 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış FN-00162- 00/19A saylı, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh FN-00162-00/19A saylı, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4909.74 manat əsas, 382.05 manat faiz, 70 manat cərimə borcu olmaqla cəmi 5.361.79 ( beş min üç yüz altmış bir manat 79 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “Bank xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar