Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1731/2020 04.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi x1, İddiaçı nümayəndəsi x2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borca görə 3160 manat məbləğində, həmçinin əldən çıxmış fayda şəklində ona dəyən zərərin kompensasiyası üçün 2000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən qapı-pəncərə şüşələrinin topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Xaricdən gətirdiyi şüşə məmulatlarını yerləşdirmək və hissə-hissə onun satışını təşkil etmək məqsədi ilə 2013-cü ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən Bakı Maşınqayırma zavodu ilə icarə müqaviləsi bağlamışdır. Məhz bu işlə bağlı Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ondan az məbləğdə şüşə məmulatlarını ona nisyə verməyini xahiş etmiş və qısa müdət ərzində həmin malları sataraq pulu qaytaracağını söyləmişdir. Bir müddət ona borc pulun çox hissəsini qaytarsa da, müəyyən hissəsini qaytarmamışdır. Hər dəfə nisyə mal alaraq pulu qaytaracağını söyləmiş, lakin müxtəlif bəhanələrlə pulun ödənilməsini yubadaraq vaxt qazanmışdır. Artıq 2018-ci ilin may ayında onun ona 3160 (üç min yüz altmış) manat borcu olmuşdur. Mütəmadi olaraq borc pulun qaytarılmasını tələb etsə də, cavabdeh bu günə kimi heç bir ödəniş etməmişdir. 12.05.2018-ci il tarixdə Cavabdeh yazılı formada şüşə məmulatlarını aldığını etiraf edərək 3160 (üç min yüz altmış) manat borcunu qaytaracağını öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. Şüşə satışı biznesi ilə məşğul olan bir şəxs kimi, satdığı malların dəyərinin ona vaxtında ödənilməməsi onun fəaliyyətinə mənfi təsir etmişdir. Belə ki, borcun ona vaxtında ödənilməməsi nəinki biznes fəaliyyətimə yatırım edərək genişləndirməyinə imkan vermir, hətta başqa şəxslərə borclanmağı ilə nəticələnir ki, bu da ona xeyli miqdarda zərər vurur. Beləliklə, Cavabdeh təqsirli hərəkəti nəticəsində ona maddi zərər dəymişdir. Hal-hazırda müxtəlif təqsirli hərəkəti nəticəsində ona maddi zərərdəymişdir. Hal-hazırda müxtəlif şəxslərə xeyli borcu yaranmışdır və biznes fəaliyyətim iflasa uğramışdır. Bu səbəbdən, 2000 (iki min) manat məbləğində pulun əldən çıxmış faydanın kompensasiyası məqsədilə cavabdehdən tutulmasını ədalətli hesab edir. Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x3 əlavə olaraq bildirmişdir ki, dəfələrlə cavabdehə 3160 (üç min yüz altmış) manat borcunu ödəmək təklif olunmuş, lakin bu günə qədər aldığı malın dəyərini ödəməmişdir. Buna görə də, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında qəhvəyi güzgülü şüşə alveri olmuş, dəfələrlə alver etmişlər, bir dəfə şüşə yerinə qoyulduqdan sonra şüşənin rəngi müştərinin istədiyi kimi olmamışdır. Müştəri ona tam ödəniş etmədiyindən, o, da öz növbəsində 3160 manat pulu iddiaçıya ödəmir. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh tərəfindən 12 may 2018-ci il tarixdə əlyazma ilə yazılmış qəbzə (iltizama) əsasən Cavabdeh 3160 manatı 11.01.2018-ci il tarixinə qədər olan borcunu ödəməyi yazılı şəkildə qeyd etmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında qapı-pəncərə şüşələrinin satışı ilə bağlı münasibətlər olmuş, Cavabdeh iddiaçıya sonuncu dəfə aldığı 3160 manat dəyərində malın dəyərini ödəməmişdir. İşin bu halı cavabdehin məhkəmə iclasında verdiyi izahatı, eyni zamanda, əlyazma ilə yazılmış qəbzə (iltizama) əsasən təsdiq olunur. İddiaçı həmin qəbzə istinadən cavabdehin ona borcunun olduğunu bildirir və qeyd edilən məbləği və əldən çıxmış faydanı cavabdehdən tələb edir. Cavabdeh isə 3160 manat dəyərində malı iddiaçıdan aldığını, lakin həmin malın dəyərini müştəridən ala bilmədiyini, bu səbəbdən də iddiaçıya borcunu qaytarmadığını qeyd edir. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəf 3160 manat dəyərində borcunun olmasına dair əlyazma ilə yazdığı qəbzi təzyiq altında yazdığını bildirsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə iddia tələbinin 3160 manat pul tutulması barədə hissəsini əsaslı hesab edir, həmin hissədə iddia tələbi təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Digər tərəfdən, məhkəmə iddia tələbinin «əldən çıxmış fayda şəklində ona dəyən zərərin kompensasiyası üçün 2000 manat məbləğində pulun» tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3160 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3160 (üç min yüz altmış ) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddiatələbiqalanhissədərəddedilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1731/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1731/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver