Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1731/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Nərimanov Rayon Məhkəmisinin 2(005)-315/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulmuş alimentin artırılaraq, hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci ildə nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-315/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman yaşayış minimumu 175 manat olmuş, həmin vaxtdan 3 il keçmişdir. Yaşayış minimumu artırılmış, gündəlik tələbat mallarının qiymətləri qalxmış, illik inflyasiya baş vermişdir. Əvvəllər uşaqların tələbatını ödəmək üçün çəkdiyi xərcdən daha çox xərc çəkməlidir. Bu isə maddi vəziyyətinin ağırlaşmasına səbəb olur. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Nərimanov Rayon Məhkəmisinin 2(005)-1275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulmuş alimentin artırılaraq, hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın təmin edilməsinə etirazını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı, 059025 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur; AZ-İİİ seriyalı, 337945 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 doğulmuşdur; AZ-İ seriyalı, 323919 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-315/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat müəyyən edilməsi qət edilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan iki övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşaqların iddiaçının yanında saxlanılmasını və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 İddiaçı ilə Cavabdeh övladlarıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-315/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda ödədiyi aliment uşaqların saxlanılmasına kifayət etmir. İddiaçının əldə edə biləcəyi pul vəsaiti isə (işləyərək əmək haqqı alması, yaxud valideynlərinin maddi köməkliyi və s.) uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq qeyd olunmalıdır ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin artırılması barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyini, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-315/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-315/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1731/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1731/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver