Məhkəmə qərarları › İş №2(005)-1732/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1732/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1732/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Həsrətova (Adıgözəlova) Arzu Əlipaşa qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya borclu olduğu 438 manat dəyərində parfumların, 1150 manat qızıl zinyət əşyalarının pulunu, 36,20 manat dövlət rüsumunun pulunu, cəmi 1624,20 AZN pulun ondan alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X2 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş və Füzuli,Cəbrayıl,Xocavəndin azad edilməsində iştirakına görə X3 Baş Komandan cənab İlham Əliyev tərəfindən medallarla təltif edİlmişdir. O, müharibə başa çatandan sonra xəstəlikdən vəfat etmişdir. İddiaçı bildirir ki, o, ailəsinin maddi imkanının çətinliyi üzündən özünə məxsus olan parfyum və qızıl zinvət əşyalarımı satıb pul əldə edərək ehtiyaclarına sərf edirdi. Ona görə də 2023-cü ilin təxminən avqustsentyabr aylarında tanışı və onunla bir küçədə yaşayan Cavabdeh nisyə olaraq satıb pulunu sonra ona qaytarması şərti ilə parfyum,habelə qızıl-zinyət əşyaları vermişdir. O aldığı malların pulunun bir hissəsini aydan-aya qaytardı, lakin son bir neçə aydır ki, 438 manat dəyərində parfyum, habelə 1150 manat dəyərində qızıl-zinyət əşyalarının isə pulunu qaytarmır. Pulunu dəfələrlə ondan istəsə də, o, iddiaçıya borclu olduğunu dəfələrlə etiraf etməsinə baxmayaraq, pulunu verməkdən imtina edir, ondan pul istəyəcəyi təqdirdə isə özünü öldürəcəyini və onu şərləyəcəyini, günahı iddiaçının üstünə atacağını bildirir. Bu faktları təsdiq edən Cavabdeh ilə olan vatsapp yazışmaları vardır və onları məhkəməyə təqdim edir. Ona görə də iddiaçı Cavabdeh ondan pulunun məhkəmə qaydasında iddiaçıya qaytarılması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında borcu ödəməkdən yayınmadığını, lakin, hazırda borc məbləğinin 438 manat ətirlərə görə borc hissəsində, habelə ona məxsus karta iddiaçının göndərdiyi 550 manat hissəsində qəbul etdiyini, əlavə olaraq cavabdehin iddiaçıya 1550 manat dəyərində qızıl-ziynət əşyaları verdiyini, elə həmin gün əşyaların iddiaçıya qaytarıldığını, bundan başqa İddiaçı 550 manat pul verdiyini bildirdi. Habelə tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəni yazsa da, həmin vaxt özünü yaxşı hiss etmədiyi üçün belə bir ərizə yazdığını bildirdi. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, X1 şikayət ərizəsi əsasında material üzrə Cavabdeh əməlində cinayət tərkibinin olmaması əsasına görə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehin etirafedici izahatları və onlar arasında olan “whatsapp” yazışmalarının surətinə əsasən müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən İddiaçı 438 manat dəyərində ətir və 1150 manat dəyərində qızılzinyət əşyalarını Cavabdeh vermiş, cavabdeh isə həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəflər arasında olan şifahi razılaşma üzrə öhdəliklərinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd edilənlərlə müəyyən edildi ki, iddia tələbində qeyd olunan dəyərdə əşyaların nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə verilməsi barədə tərəflər arasında şifahi razılaşma olmuşdur. Cavabdeh verdiyi izahatlarda iddia tələbini qismən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh nisyə alğı-satqı müqaviləsinin hissə-hissə ödənilməsi ilə bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında “438 manat və 550 manat hissəsini qəbul etdiyini, iddiaçının verdiyi 1550 manat dəyərində qızıl-zinət əşyalarını elə həmin gün iddiaçıya geri qaytardığını, iddiaçının ona məxsus bank kartına yalnız 550 manat köçürdüyünü” bildirməsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf məhkəməyə etirazının dəlillərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Lakin iddiaçı bunun əksinə olaraq, məhkəməyə tərəflər arasında sosial şəbəkə üzərindən aparılmış yazışmalar və polis orqanında aparılmış araşdırma ilə bağlı qərarı təqdim etmiş, üstəlik də cavabdeh yazılı ərizə ilə iddianı tam qəbul etmişdir. Düzdür növbəti məhkəmə iclasında iddiaçının iştirak etməməsi səbəbindən iddia tələbinin etirafına dair ərizəsini müdafiə etməmişdir. Belə olanda məhkəmə iddiaçının iştirakının təmin edilməsini, iddia tələbinə tərəflərin çəkişmə prinsipinə uyğun olaraq hüquqi qiymət verilməsini zəruri hesab etmiş, lakin bu dəfə də cavabdeh məhkəməyə hər hansı üzrlü səbəb bildirmədən gəlməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə cavabdeh iddiaçının verdiyi qızıl-zinət əşyalarını elə həmin gün sonuncunun özünə təhvil verməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, tərəflər arasında ətirlərə görə yaranmış 438 manat pulun, habelə 1500 manat dəyərində qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə verilməsi, o cümlədən cavabdehin yaranmış borcdan 350 manat ödəməsi mülki işin mübahisəsiz halıdır. Hazırda cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının verdiyi qızıl-zinət əşyalarını həmin gün onun özünə qaytarmış, iddiaçı isə onun bank kartına 550 manat pul köçürmüşdür. Lakin cavabdeh etirazının əsaslı olmasını təsdiq edəcək mötəbər sübutları (o cümlədən şahidləri, yazılı sübutları, tərəflər arasındakı mübahisə ilə bağlı yazışmaları, bank hesablarından müvafiq çıxarışları və s.ni) məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən etirazın dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh etirazını ziddiyyətli və mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Əlavə olaraq ziddiyyətli məqamlardan biri kimi qeyd olunmalıdır ki, cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında 438 manat ətirlərə görə, 550 manat isə bank kartına köçürülmüş vəsaitə görə borcunun olduğunu qəbul etsə də, polis orqanında verdiyi izahatında iddiaçının borcdan 150 manat borcu sildiyini, həmçinin də özünün 200 manat borcunu iddiaçıya ödədiyini bildirmişdir. Belə olanda cavabdehin deməsinə görə hazırda onun bank kartına iddiaçı tərəfindən köçürülmüş borca görə sonuncuya 550 manat deyil, 200 manat borcu qalmalı idi. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin izahatlarını və ziddiyyətli dəlillərini borcun qaytarılmasından yayınma kimi qiymətləndirərək, həmin hallara tənqidi yanaşmağı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 438 manat dəyərində parfumların, 1150 manat qızıl zinyət əşyalarının pulu və ödənilmiş 36,20 manat dövlət rüsumu məbləği olmaqla, cəmi 1624,20 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 438 manat dəyərində ətirlərin, 1150 manat qızıl zinət əşyalarının pulu və 36,20 manat dövlət rüsumu olmaqla, cəmi 1624,20 (bir min altı yüz iyirmi dörd manat, iyirmi qəpik) manat borc iddiaçı Həsrətova (Adıgözəlova) Arzu Əlipaşa qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar