Məhkəmə qərarları › İş №2(005)-1748/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1748/2023

05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1748/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərof Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqların saxlanması üçün sabit pul məbləğində hər uşağa 220 manat olmaqla, cəmi 440 manat hər ay alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh Xosein oğlu ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü Dəmirçiyev İlkin və xx.xx.2009-cu il təvəllüdlü Dəmirçiyev İlqar adlı iki övladı doğulmuşdur. Lakin sonra münasibətləri getdikcə pisləşmiş və birgə təsərrüfat aparmaları qeyri mümkün olmuşdur. xx.xx.2009-cu il təvəllüdlü Dəmirçiyev İlqar daha doğulmadan cavabdehlə münaqişələr baş vermişdir. Son dəfə yaranmış insident cavabdehin gecəyarı onu evdən qovması ilə nəticələnmiş, evi yalnız ev paltarı və başmaqlarla tərk etmək məcburiyyətində qalmışdır. Daha sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsi xx.xx.2008-ci il tarixində qətnaməsi ilə nikah rəsmi pozulmuşdur. Cavabdeh yanında qalan yetkinlik yaşına çatmamış uşaqların qayğısına qalmır, onların saxlanması üçün hər ay 308 manat aliment ödəməlidir, lakin vaxtı-vaxtında ödəmir, ödəməkdən yayınır, iş üzrə qətnamə çıxandan sonra yönəldilmişdir. İki uşağa 308 manat aliment alır, ölkədə hər şey bahalaşıb, iqtisadi böhran yaşayır. 2001-ci ildə övladı Dəmirçiyev İlkin ensefalomielit xəstəliyinə tutulmuşdur. Dəfələrlə xəstəxanada müalicə almış, hazırda uşağı qıcolma əleyhinə dərmanlar qəbul edir. Uşağı 3 dəfə RF Novosibirsk şəhərinə müalicə və müayinəyə aparmış, İran İslam Respublikasında və Türkiyə Cümhuriyyətində müalicə olunmuşdur. Uşağa loqopetik və psixoloqun dərsləri lazımdır. Pandemlya şəraitində xəstəxanalar bağlıdır və məcburdur fərdi şəraitdə uşaqla məşqul olsun. Mövcud şəraitdə təkbaşına 308 manat alimentlə iki uşaq böyütmək onun üçün olduqca çətindir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia tələbini təmin edilməməsi, qarşılıqlı iddia təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün 530 manat aylıq rəsmi maaşının 1/3 hissəsinin İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, hazırda ailəlidir. İki yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il tarixində dünya gəlmiş əkiz övladları var. Çox çətinliklə dolanır. Rəsmi işdə çalışır, aylıq 530 manat məvacib alır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-3097/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2057/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir; AZE seriyalı, 11547973 nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə doğulmuş, atası “Cavabdeh”, anası “İddiaçı” qeyd edilmişdir; AZE seriyalı, 11547969 nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə doğulmuş, atası “Cavabdeh”, anası “İddiaçı” qeyd edilmişdir; Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də “qiymətləndirici” vəzifəsində işləyir, aylıq əmək haqqısı 530 manat təşkil edir; AZE-İİİ seriyalı, 901111 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə doğulmuş, atası “Cavabdeh”, anası “Ələkbərova Səma” qeyd edilmişdir; AZE-İİİ seriyalı, 901100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə doğulmuş, atası “Cavabdeh”, anası “Ələkbərova Səma” qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan iki övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşaqların iddiaçının yanında saxlanılmasını və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda ödədiyi aliment uşaqların saxlanılmasına kifayət etmir. İddiaçının əldə edə biləcəyi pul vəsaiti isə (işləyərək əmək haqqı alması, yaxud valideynlərinin maddi köməkliyi və s.) uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq qeyd olunmalıdır ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla işlədiyinə və aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.7-ci bəndinə görə, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3097/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, alimentin məbləğinin azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamalarını və böyümələrini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşaqların mənafelərini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. İddiaçı ailəli olsa da, bu alimentin məbləğinin azaldılması üçün əsas vermir. Belə ki, qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarından da görünür ki, cavabdehin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3097/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar