Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1754/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2014cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə tutulan alimentin məbləği artırılaraq Cavabdeh hər ay hər uşağa görə 235 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının arasında xx.xx.2013-cu ildə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 151 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X11 iddiaçı (anaları) Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının yanında saxlanılması,Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment hesablanaraq Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının xeyrinə tutulması qət olunmuşdur. Lakin bu aliment məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyil. Uşaqlar artıq böyümüşdür. Uşağın artıq təhsili ilə əlaqədar əlavə kurslarla bağlı xərcələrinin, eyni zamanda onun sağlamlığının qorunması üçün tez-tez tibbi xərclərinin, əlavə dərslərin keçirilməsi üçün kursların ödənişinin, gündəlik yeyinti, geyim və s. kimi yaşayış məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Hazırkı dövrdə uşağın gündəlik maddi tələbatlarını ödəmək isə tək qadın olaraq iddiaçı üçün çox çətindir. Bu məqsədlə bu gün “aliment tələbinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehdən onun başqa nikahından olan uşağının saxlanılması üçün 300 manata yaxın aliment tutulduğunu öyrənikdən sonra övladlarının saxlanılması üçün bu məbləğdə alimentin tutulmalı olması qənaətinə gələrək məhkəməyə müraciət etdiyini, onda olan məlumatlara görə əlavə gəlirlərinin olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh gəlirlərində heç bir dəyişiklik olmadığını, hazırki halda hər iki nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimenti ödəməkdə çətinlik çəkdiyini, aliment məbləği artırılacağı halda həmin məbləği ödəyə bilməyəcəyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı , xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının arasında xx.xx.2013-cu ildə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 151 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 iddiaçı (anaları) Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının yanında saxlanılması,Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment hesablanaraq Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının xeyrinə tutulması qət olunmuşdur. xx.xx.2024-cü il tarixli, 014 saylı arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də təmir şöbəsinin opretaoru vəzifəsində xx.xx.2023-cü il tarixdən işləyir və onun “NETT” əmək haqqı 783.12 manat təşkil edir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-450/2022 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 15 avqust 2020-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş, onların nikahından 02 oktyabr 2021-ci il tarixdə X14 doğulmuşdur. Sonradan X1 Fərid Cəlaləddin oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə 02 oktyabr 2021-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, 02 oktyabr 2021-ci il təvəllüdlü X10 üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 ödənilməsi qət olunmuşdur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan qohumluq məlumatlardan Cavabdeh və X5 hazırda rəsmi nikah münasibətlərindədirlər. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X11 doğulmuşdur. Tərəflər arasındakı nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(080)-913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulması ilə yanaşı uşaqların İddiaçı himayəsində qalması və Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. X14 digər nikahdan olan yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün məhkəmə qətnaməsi ilə aliment ödəyir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X7 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağa görə tutulan alimentin məbləği 170 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə uşaqların saxlanılması üçün tutulan aliment məbləğinin artırılmasını qanuni və əsaslı hesab edir. Artırılan aliment məbləğinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir : Məhkəmə onu da qeyd edir ki, yuxarıdakı hallar məhkəmə araşdırması zamanı müəyyən edilsə də, iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən hər hansı sübut, o cümlədən cavabdehin gəlirlərində artımın olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh də məhkəmə iclasında hazırda başqa nikahdan yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh hazırda X5 adlı şəxslə rəsmi nikahda olduğu, bu nikahdan olan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən hər ay gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment ödədiyi müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Məhkəmə iş materiallarında cavabdehin gəlirləri barədə olan yeganə sübutu, onun iş yerindən əmək haqqı barədə arayışı nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi tam təmin edildiyi və cavabdehdən 470 manat aliment tutulduğu halda cavabdehin digər nikahdan olan uşağına görə tutulan aliment təqribi 195 manat (783 : 4 = ~195) pul məbləği də çıxıldıqdan sonra cavabdehə onun aylıq əmək haqqından təxminən 118 manat pul məbləği qalır ki, bu da onun minimum yaşayış tələbatlarını qətiyyən ödəmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Halbuki yuxarıda göstərilən halda cavabdehə onun əmək haqqısından qalacaq məbləğ göstərilən yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağıdır. Məhkəmə cavabdehin iş yerini və vəzifəsini nəzərdən keçirərək onun tam iş günü ərzində işləməsi barədə izahatını ağlabatan hesab edir. İddiaçı da şifahi olaraq cavabdehin əlavə gəlirlərinin olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiasını əsaslandırmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Digər gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmadığından iddianın təmin ediləcəyi halda cavabdehin əmək haqqısından tutmaların onun qazancının 70%-dən çox olacağı qənaətinə gəlir. Belə olan halda tutulması mümkün olmayan qalıq məbləğ aliment borcu olaraq yığılacaqdır ki, bu da kifayət qədər əsaslar olmadan tutulması qət olunmuş aliment məbləğinin yüksək olmasına görə sonradan cavabdeh barəsində icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiq edilməsinə yol açacaqdır. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İddiaçı iddia tələbini məhz “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə artırılmış yaşamış minimumu ilə və cavabdehin başqa nikahdan olan uşağının saxlanılması üçün 300 manata yaxın aliment ödəməsi ilə əsaslandırır. Halbuki qanunvericiliklə yaşayış minimumun bir valideyndən tutulmasına dair hər hansı imperativ norma müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğu qeyd edilsə də bu təminatın bütünlüklə bir valideyndən alınmalı olması barədə qanunvercilikdə imperativ norma müəyyən edilməmişdir. Qeyd edilən Plenum Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə başqa nikahdan olan uşağa görə tutulan aliment məbləği barədə iddiaçının qeyd etdikləri ilə bağlı bildirir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən cavabdehin digər nikahdan olan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının dörddə bir hissəsi miqdarında aylıq aliment ödədiyi müəyyən olunmuş, lakin bu alimentin iddiaçının tələb etdiyi hədd olması iş materialları ilə sübuta yetirilməmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, uşaqlar üçün yaşayış minimumu onların minimum yaşayış səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Qanunvericiliklə uşağın qayğısına qalmağın hər iki valideynin vəzifəsi olması səbəbindən uşağın himayəsində olmadığı valideyndən uşaqlar üçün yaşayış minimumu həddində və ya bu həddə yaxın məbləğdə aliment tutularkən uşaqla yaşayan valideynin uşağın qayğıları ilə yaxından məşğul olması nəzərə alınır və uşağın tərbiyəsində həmin valideyn qədər yaxından iştirak etməyən digər valideyndən az azından uşağın yaşayış minimumun təmin edilməsi tələb olunur. Lakin nəzərə alınmalıdır ki, cavabdeh başqa nikahdan uşağın saxlanılması üçün qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə aliment ödəyir. Cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olduğu müəyyən olunmur. İddiaçı cavabdehin əlavə gəlirlərinin olduğunu bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə iddianın qismən təmin edilməsini və yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə tutulan alimentin məbləği artırılaraq Cavabdeh hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsini daha ədalətli və əsaslı hesab edir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə tutulan alimentin məbləği artırılaraq Cavabdeh hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə tutulan alimentin məbləği artırılaraq Cavabdeh hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1754/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1754/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver