Məhkəmə qərarları › İş №2(005)-176/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-176/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-176/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və “X3 Korporasiyası” ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və “X3 Korporasiyaı” ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “X4 Korporasiyası" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 22870,42 manat əsas, 6480 manat faiz borcu olmaqla, cəmi 29350,42 manat məbləğində kredit borcunun, ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC 20.09.2021-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 22870,42 manat, faiz borcu üzrə 1990,77 manat olmaqla, ümumilikdə 24861,19 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC 09.03.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 22870,42 manat, faiz borcu üzrə 1263,89 manat olmaqla, ümumilikdə 24134,31 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nərimanov" filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.12.2014-cü il tarixli, İ-14/231 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Cavabdeh1 95 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 41130,27 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank “X4 Korporasiyası” ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Qeyd olunan 01.12.2014-cü il tarixli, İ-14/231 nömrəli kredit müqaviləsinə əsasən 08.07.2021-ci il tarixinə əsas borc üzrə 22870,42 manat, faiz borcu üzrə 6480 manat, cəmi 29350,42 manat kredit borcu mövcuddur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının səlahiyyətli nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, onu iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Nərimanov" filialı ilə Cavabdeh1 arasında bağlanmış 01.12.2014-cü il tarixli, İ-14/231 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Cavabdeh1 95 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 41130,27 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01.12.2014-cü il tarixli, İ-14/231 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Bank “X4 Korporasiyası” ASC ilə bank arasında zaminlik müqaviləsi bağlamışdır. İş materiallarında olan 03 mart 2022-ci il tarixli № 1119 nömrəli arayışdan görünür ki, Cavabdeh1 əsas borc üzrə 22870,42 manat, faiz borcu üzrə 1263,89 manat olmaqla, ümumilikdə 24134,31 manat kredit borcu vardır. İş materiallarında olan 27.05.2021-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq ödənilməsini təklif etmişlər, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizasının 9/7587 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə hesabdan çıxarış məlumatları, 01.12.2014-cü il tarixli İ- 14/231 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 09.07.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 30.299,08 manat məbləğində və 24.01.2022-ci il tarixə (ekspert rəyinin yazıldığı tarix) banka olan əsas və faiz borcu 24.943,59 manat məbləğində müəyyən edilir, o cümlədən: 09.07.202-ci il tarixə əsas borc üzrə-25.955,57 manat, faiz borcu üzrə-4.343,51 manat, 24.01.2022-ci il tarixə əsas borc üzrə - 24.414,61 manat, faiz borcu üzrə 528,98 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə cavabdeh “X3 Korporasiyası” ASC-yə münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə mülki işə əlavə olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır və cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən əsas borc üzrə 22870,42 manat, faiz borcu üzrə 1263,89 manat kredit borcu olmaqla cəmi 24134,31 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq 200 (bir yüz) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən əsas borc üzrə 22870,42 manat, faiz borcu üzrə 1263,89 manat olmaqla, ümumilikdə 24134,31 manat kredit borcu və 30,40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar