Məhkəmə qərarları › İş №2(005)-1760/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1760/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1760/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2999/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə faktiki nikah münasibətlərinə girərək, ailə həyatı qurmuşdur. xx.xx.2020-ci il tarixdə onlar arasında bağlanan rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2999/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanan nikah pozulmuş, bigə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 onun yanında qalması müəyyən olunmuş və həmin uşağın saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Həmçinin uşaq üç yaşına çatana kimi 50 manat maddi yardım tutulub ona verilməsi qərara alınmışdır. xx.xx.2019-cu il təvəllüdlü X7 üç yaşı tamam olduğundan 50 manat maddi yardım tutulmasına xitam verilmişdir. Hazırda müvafiq qətnamə ilə təsdiq edilmiş 175 manat aliment uşağın maddi tələbatını ödəməyə kifayət etmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh hazırda əmək fəaliyyəti ilə məşğul olmadığını, eləcə də maddi vəziyyətinin qənaətbəxş olmadığını, onun ödədiyi aliment borcunun hazırda anası tərəfindən ödənildiyini bildirmiş, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2999/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış və 1543 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X8 anası Həşimova (Bayramova) Aynur Bəxtiyar qızının yanında saxlanılması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində aliment hesablanaraq Həşimova (Bayramova) Aynur Bəxtiyar qızının xeyrinə tutulması qət edilmişdir. 1 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə dünyaya gəlmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X5 arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Bayramova soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2999/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində aliment hesablanaraq Həşimova (Bayramova) Aynur Bəxtiyar qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddia tələbi rədd olunmalıdır. İşin materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olmamış, onun aliment borcu valideyni tərəfindən ödənilməkdədir. İddiaçı alimentin miqdarının artırılmasına əsas olan cavabdehin gəlirləri və ya başqa qazanclarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf cavabdehin sosial şəbəkələrdə paylaşdığı video görüntülərin olmasını şifahi olaraq bildirmiş, onun «tatu» xidməti ilə məşğul olmasını qeyd etmişdir. Lakin İddiaçı Cavabdeh bu xidmətlə bağlı hər hansı gəlir əldə etməsinə dair konkret sübutlar məhkəməyə təqdim etməmişdir. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin nəzərə alınmalıdır ki, "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi imkanlarını nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa bu hal alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı iddia tələblərində göstərilən hallar qətnamə ilə müəyyən edilmiş alimentin artırılması üçün əsas hesab edilə bilməz. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdurki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən iddia tələbi əsassızdır, buna görə də iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericinin tələbindən göründüyü kimi, iddia təmin olunmadığından ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar