Məhkəmə qərarları › İş №2(005)-1772/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1772/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1772/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12595 (on iki min beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti, 30,40 (otuz manat qırx qəpik) manat və 100 manat olmaqla ümumilikdə 12725 (on iki min yeddi yüz iyirmi beş) manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsi üzrə sonuncu sürücü kimi işə götürülmüşdür. Habelə onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və o, sürücü vəzifə təlimatı ilə təlimatlandırılmışdır. Sonradan cavabdeh tərəfindən iş üzrə iddiaçının mülkiyyətində olan “Daewoo BS090” markalı, **- SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən, "xxxx" ASCyə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. İş üzrə müvafiq olaraq qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi iş üzrə hazırki Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri ucbatından baş vermiş və subroqasiya hüququ üzrə "xxxx" ASC-nin işəgötürənə, yəni İddiaçı qarşı qaldırılması öz təsdiqini tapmış və nəticədə həmin iddia təmin edilərək, İddiaçı 12595 manat məbləğində pul vəsaiti, 30,40 manat və 100 manat olmaqla ümumilikdə 12725 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qətnamə qəbul edilmişdir. Həmin qətnamə ididaçı tərəfindən icra olunmuş və icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla icraata xitam verilmişdir.Qanuni qüvvəsini almış məhkəmə qərarlarında iş üzrə iddiaçıya izah edilmişdir ki, İddiaçı hazırki iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləğini digər Cavabdeh reqres qaydada tələb etmək hüququna malikdir. Ona görə də, İddiaçı hazırda "xxxx" ASC-yə ödədiyi həmin pul məbləğini reqres qaydada iş üzrə cavabdeh olan Cavabdeh tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbindən göründüyü kimi İddiaçı ilə onun arasında 15 may 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı onu sürücü kimi işə götürmüşdür. Daha sonra tərəfindən İddiaçı mülkiyyətində olan “Daewoo BS090” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən, "xxxx" ASC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulmuşdur. Hazırki mülki işdə göründüyü kimi iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Həmin Məcəllənin 373.3cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Göründüyü kimi, onlar arasında yaranan mübahisə 2017-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında mülki müqavilədən irəli gəlir. Odur ki, həmin müqaviləyə əsasən iddiaçı iddia müddətini ötürmüşdür. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən İddiaçı ona, Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən və xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh, sürücü vəzifəsinə İddiaçı tərəfindən təyin edilmişdir; xx.xx.2017-ci il tarixli Tam maddi məsuliyyət haqqında fərdi müqavilədən görünür ki, Cavabdeh-ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, baş vermiş yol-nəqliyyat hadisələri zamanı onun günahı üzündən nəqliyyat vasitəsinə və zərərçəkmişə dəymiş ziyana görə tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(001)-3749/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 12595,30 (on iki min beş yüz doxsan beş manat otuz qəpik) manat məbləğində pul vəsaitinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx) qəpik məbləğində bank xidmət haqqının cavabdeh İddiaçı tutularaq, "xxxx" ASC-nə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin, 20 (iyirmi) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 100 (bir yüz) manat hissəsinin isə cavabdeh İddiaçı tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-5240/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020ci il tarixli, 2(103)-5240/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında İddiaçı izah etmişdir ki, cavabdeh İddiaçı hazırki iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləğini digər Cavabdeh reqres qaydada tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, İddiaçı Cavabdeh arasında bağlanmış əmək, tapşırıq və ya tam maddi məsuliyyət haqqında müqavilələr məhz onlar arasındakı hüquq münasibətlərini (vurulmuş zərərin ödənilməsi və s.) tənzimləyən razılaşmadır. Başqa sözlə, həmin əqdlər müqavilələrin tərəfləri üçün öhdəliklər yaratmaqla, işçinin üçüncü şəxsə vurduğu zərərə görə işəgötürəni mülki məsuliyyətdən azad edə bilməz. Çünki, bu halda işəgötürənin məsuliyyəti Mülki Məcəllənin 1099-cu maddəsindən irəli gəlir. xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərardan görünür ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019-014 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam icra olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 128,20 (bir yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsi üzrə sonuncu sürücü kimi işə götürülmüşdür. Habelə onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və o, sürücü vəzifə təlimatı ilə təlimatlandırılmışdır. Sonradan cavabdeh tərəfindən iş üzrə iddiaçının mülkiyyətində olan “Daewoo BS090” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən, "xxxx" ASC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. İş üzrə müvafiq olaraq qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi iş üzrə hazırki Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri ucbatından baş vermiş və subroqasiya hüququ üzrə "xxxx" ASC-nin işəgötürənə, yəni İddiaçı qarşı qaldırılması öz təsdiqini tapmış və nəticədə həmin iddia təmin edilərək, İddiaçı 12595 manat məbləğində pul vəsaiti, 30,40 manat və 100 manat olmaqla ümumilikdə 12725 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qətnamə qəbul edilmişdir. Həmin qətnamə ididaçı tərəfindən icra olunmuş və icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarla icraata xitam verilmişdir. Hazırda iddiaçı onun tərəfindən ödənilmiş 12595 (on iki min beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti, 30,40 (otuz manat qırx qəpik) manat və 100 manat olmaqla ümumilikdə 12725 (on iki min yeddi yüz iyirmi beş) manat məbləğində pulu cavabdehdən reqres qaydada tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Halbuki tərəflər arasında artıq qanuni qüvvəsini almış və preyudisial xarakterli məhkəmə aktları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2 və 82.3-cü maddələriə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə İddiaçı hazırki iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləğini Cavabdeh reqres qaydada tələb etmək hüququ izah olunmuş, 12595 (on iki min beş yüz doxsan beş) manat məbləğində pulun İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilməsi müəyyən olunmuşdur. Belə olan halda, iddiaçının reqres iddia tələbi təmin edilməlidir. Cavabehin iddia müddətinin tətbiq olunması barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinin tələbi baxımından, həmin müddət ötürülməmişdir. Belə ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 12595 (on iki min beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti, 30,40 (otuz manat qırx qəpik) manat və 100 manat olmaqla ümumilikdə 12725 (on iki min yeddi yüz iyirmi beş) manat İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12595 (on iki min beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti, 30,40 (otuz manat qırx qəpik) manat və 100 manat olmaqla ümumilikdə 12725 (on iki min yeddi yüz iyirmi beş) manat İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar