Məhkəmə qərarları › İş №2(005)-1803/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1803/2020

05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1803/2020 05.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü - X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğinin cavabdeh - X3 tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2013-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2012-ci il təvəllüdlü - X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2013-ci il tarixli, 2(005)-1143/2013 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat sabit pul məbləğində aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X4 8 yaşı var. Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2010-cü ildə hər uşaq üçün 250 manat müəyyən edilməsi gözlənilir. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə qətnamə çıxandan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı "aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 027208 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 251649 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah İddiaçı arasında olan nikah xx xxxxxx 2016-cı il tarixdə 319 № ilə pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2013-ci il tarixli, 2(005)-1143/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, xx xxxxxx 2012-ci il təvəllüdlü - X4 anasının yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi Cavabdeh iddiaçının xeyrinə 100 manat alimentin tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2013-ci il tarixli, 2(005)-1143/2013 saylıqətnaməsi ilə xx xxxxxx 2012-ci il təvəllüdlü - X4 anasının yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi Cavabdeh iddiaçının xeyrinə 100 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2013-ci il tarixli, 2(005)-1143/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxxx 2012-ci il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar