Məhkəmə qərarları › İş №2(005)-1807/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1807/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1807/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 235 manat pul məbləğində alimentin Cavabdeh ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X2 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3236/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə nikah məhkəmə qaydasında pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılması və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda son məhkəmə qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 193 manat alimentin tutulması qət edilmişdir. Bildirir ki, uşaq artıq elə bir yaş həddinə çatmışdır ki, onun adi məişət ehtiyaclarının ödənilməsinə ayda ən azı 250-300 manat pul lazımdır. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların ehtiyacını ödəmir. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün qətnamə üzrə müəyyən edilmiş aliment uşağın saxlanılması üçün kifayət etmir. Ona görə də həmin aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh məhkəmə dəftərxanası vasitəsilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 008315 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1842/2018 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli , 2(005)-8265/2016 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1195/2022 saylı, 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilə iddianın təmin edilməsi, bu qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli , 2(005)- 8265/2016 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və əmək haqqısı əlavə ilə birlikdə cəmi 784 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynin daimi gəliri yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcud olan “istehlak qiymətləri indeksinin hesablamasına dair” kalkulyatoru vasitəsilə hazırki iş üzrə alimentin məbləğinin müəyyən edildiyi dövr (2022-ci ilin aprel ayı) ilə 2024cü ilin aprel ayının istehlak qiymətləri indeksini müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində respublika üzrə qiymətlərin səviyyəsi 12.7 faiz artmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, əvvəlki qətnamə ilə təyin edilmiş aliment yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğindən daha azdır. Alimentin məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Alimentin məbləğinin dəyişdirilməməsi uşağın hüquqlarının əsaslı pozulmasına gətirib çıxara bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən mülki işə onun iştirakı olmadan baxılması barədə ərizədən də məlum olur ki, cavabdeh iddia ərizəsi ilə tanışdır və iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və əmək haqqısı əlavə ilə birlikdə cəmi 784 manat təşkil edir. Həmin məbləğ tələb edilən alimenti ödəmək üçün kifayətdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanmaları üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, alimentin miqdarının artırılması barədə tələbə baxılarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1195/2022 saylı, 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.20-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir Məhkəmə qeyd olunan prosessual hüquq normalarını və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasını, hazırki mülki iş üzrə alimentin iddiaçının xeyrinə tutulmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2820 manat təşkil etdiyindən, 48,20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar