Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1815/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Ağababa qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Ağababa qızının Cavabdeh qarşı “evdən istifadə etməklə yaşamağı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ağababa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ev tikib vermək adı ilə aldığı 36 min manat məbləğində pulu, 30 manat dövlət rüsumunu və hüquq xidmətləri üçün ödədiyi 267 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci tarixində iddia tələbinin dəyişdirilməsinə dair yazılı ərizə təqdim edərək, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki ünvanda olan evdən istifadə edərək yaşamağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağababa qızı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Xətai rayonu, General Şıxlinski küçəsi 37 nömrəli binada yaşayan Solmaz Əliyevanın və oğlu Cavabdeh ilə birlikdə 3 ildən artıq bir müddətdə yaxşı qonşuluq münasibətləri olmuşdur. Cavabdeh bildirmişdir ki, Sabunçu rayonu Raman qəsəbəsində özləri üçün 4 sot torpaq sahəsində ev tikdirmişlər. Hazırda onlara tikinti işlərini görmək üçün pul lazımdır. İddiaçı bir həftə ərzində özündə olan pullarla birinci dəfə 10 min manat, sonrakı vaxtlar isə 26 min manat düzəltməklə 36 min manat məbləğində pul düzəldib onlara vermişdir. Cavabdeh həmin pulların müqabilində Suraxanı Rayonu Zığ qəsəbəsində yerləşən təzə tikdiyi evi onun adına keçirtməyi və ona verməyi vəd vermişdir. Habelə onunla birlikdə Suraxanı rayon Zığ bələdiyyəsinə getmiş 802 nömrəli xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, “verilir həmin arayış İddiaçı ondan ötrü ki, Zığ qəsəbəsi H.Allahverdiyev yaşayış ünvanında qeydiyyatsız yaşayır”. Bundan əlavə Azərsu ASC-nin xx.xx.2019-cu il tarixli, 010/3/201- TŞ nömrəli istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərdən görünür ki, Zığ qəsəbəsi, H.Allahverdiyev yaşayış ünvanında İddiaçı üçün su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması nəzərdə tutulmuşdur. Cavabdeh (Əlaqə telefonu: ***-***-**-**) və anası Əliyeva Solmaz etibardan sui-istifadə edərək iddiaçını aldadıb, guya ev tikib ona vermək adı ilə 36 min manat məbləğində pulunu mənimsəmişdirlər. İddiaçı onlardan 36 min manat məbləğində pulunun qaytarılmasını tələb etdikdə, o hər vasitə ilə qaçıb-yayınmış, müxtəlif bəhanə gətirmişdirlər, lakin onun pulunu qaytarmamış və evi iddiaçıya verməmişdirlər. Evin açarını tez-tez dəyişərək, onu aldatmış və dələduzluq edərək, 36 min manat məbləğində pulunu qaytarmamışlar. O, cavabdehlər Cavabdeh və X4 barəsində Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin 35-ci polis bölməsinə həmin şəxslərin cəzalandırılmasını və pulunun qaytarılması barədə rəsmi ərizə ilə müraciət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Xətai rayon 35-ci polis bölməsi Cinayət işinin başlanması barədə qərar rədd edərək öhdəliyin yerinə yetirilməsi və evlə bağlı mübahisəli məsələ olduğuna görə məhkəməyə müraciət etməyi bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ağababa qızı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, iddiaçı borcunun müqabilində Bakı qəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev yaşayış ünvanında tikdiyi evi ona verməyi söz vermiş, özünün adına bələdiyyədən arayış da almışdır, lakin həmin evdə yaşamamışdır. Sonradan evin verilməsinə dair aralarında razılıq əldə edilməmişdir. Cavabdeh evi başqasına satmışdır. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı onun qonşusudur. Ondan müxtəlif vaxtlarda pul almışdır. Müəyyən bir qismini qaytarsa da, hazırda iddiaçıya 20 min manat borcu vardır. İddiaçı Ağababa qızına aldığı borcun əvəzinə Bakı qəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev yaşayış ünvanında tikdiyi özbaşına tikilini verməyi təklif etmiş, lakin həmin evin qiymətini iddiaçı 15 min manatdan hesablanmasını bildirmişdir. Həmin evin iddiaçiya verilməsi barədə heç bir razılıq olmamış, hazırda həmin özbaşına tikilini başqa şəxslərə satmışdır. Ev borcun müqabilində təklif olunsa da, iddiaçı 15 min manatı borcla əvəzləşdirmə istədiyindən narazılıq olmuşdur. İddiaçı Ağababa qızı ilə aralarında borc pul alınması olmuşdur, qonşusu ona faiz hesablamaqla pul vermiş, həmin pulun bir qismi qaytarılmış, borcdan 20 min manatının qalmasını qəbul edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2019-cu il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X2 və Cavabdeh Dilgəm oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından X2 və Cavabdeh barələrində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı, X3 və Cavabdeh izah edilsin ki, evin tikintisi üçün pulun verilməsi, aralarında olan evin təhvil verilməsi və öhdəliyin yerinə yetirilməsi ilə bağlı məsələnin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət etməkləri qərar alınmışdır; Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 803 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Ağababa qızı ondan ötrü verilmişdir ki, o Zığ qəsəbəsi, H.Allahverdiyev yaşayış ünvanında qeydiyyatsız yaşayır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı Ağababa qızı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında iddia tələbinin hüquqi əsasını dəyişərək cavabdehdən pul məbləği deyil, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində özbaşına tikilinin ona verilməsini, yəni evdən istifadə edərək yaşamağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir, aralarında belə bir razılaşmanın olmadığını, sadəcə borc münasibətləri olduğunu bildirmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı Ağababa qızının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində evdən istifadə edərək yaşamağı barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, faktiki olaraq nə iddiaçı, nə də cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmamıdır. İddiaçı cavabdelə verdiyi pulun əvəzləşdirilməsi üçün həmin evin ona verilməsini tələb etsə də, İddiaçı Ağababa qızı tələb etmək hüququna malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının həmin evdən istifadə hüququ və ya evdən istifadə etməklə yaşamağı hüququ əmələ gəlməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin əsası kimi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində olan evdən istifadə edərək yaşamağını tələb etməyə hüququnun olduğu müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı Ağababa qızının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, evə münasibətdə cavabdeh də eyni statusa malik şəxs olmuşdur; bu isə o deməkdir ki, iddiaçının subyektiv hüququ yaranmamışdır. İddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Məhkəmə İddiaçı Ağababa qızına izah edir ki, ona vurulmuş ziyan və ya pul tələbinə dair Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Ağababa qızının Cavabdeh qarşı “evdən istifadə etməklə yaşamağı” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ağababa qızının Cavabdeh qarşı “evdən istifadə etməklə yaşamağı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1815/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1815/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver