Məhkəmə qərarları › İş №2(005)-1823/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1823/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1823/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1170 manat məbləğində pulun, iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 40 manat, cəmi 1260 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə özünü vəkil kimi təqdim etmiş Cavabdeh probleminin həlli üçün 1800 manat məbləğində ödəniş etmişdir. Lakin Cavabdeh sonradan vədinə əməl etməmişdir. Bundan sonra aralarında yaranan narazılığa görə İddiaçı həmin puldan cəmi 630 manat geri qaytarmışdır. Yerdə qalan 1170 manat indiyədək ona geri qaytarılmışdır. Bununla bağlı Xətai rayon Polis şöbəsinə müraciət etsə də, məsələnin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Xətai rayon Polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da müəyyən olunur ki, həmin şəxs borcu olduğunu etiraf edir, lakin maddi imkanın olmaması səbəbindən geri qaytara bilmir. Nəticədə sözügedən şəxs İddiaçı məxsus pulu geri qaytarmamaqla onun qanunla qorunan hüquqlarını pozur. Hesab edir ki, iddia əsaslı və qanuni olduğu üçün təmin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin iclasında İddiaçı mülki işə cavabdehin iştirak etmədiyindən qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasını rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi ev 43-də yaşayan X2, Xətai RPİ-nin 35-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, qardaşı İddiaçı aliment borcu olduğundan ona ölkədən çıxmaya qadağan olduğundan onu götürmək üçün yol axtararkən xx.xx.2023-cü il tarixdə özünü vəkil kimi təqdim edən Cavabdeh ilə görüşmüş, sonuncu məhkəmədə işləri düzəldəcəyini vəd edərək hissə-hissə ümumilikdə 1800 manat pul alaraq mənimsəmişdir. Ərizə əsasında izahatı alınmış X2 ərizədə göstərilənləri bir daha təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı aliment borcu olmasından ona ölkə hüdudlanndan çıxmaya qadağan qoyulduğu üçün hüquqi yardım göstərməyi xahiş etmişdir. Cavabdeh R.l.Kazımova hüquqi yardım göstərmək üçün hissə-hissə 1800 manat pul almış, lakin İddiaçı işlər ləng getdiyindən razı olmayaraq ona verdiyi pulu geri tələb etmiş və o da aldığı puldan 630 manat qaytarmış qalan pulu da yaxın müddətə qaytaracağına söz vermişdir. Toplanmış material rayon prokurorluğunda geniş müzakirə olmuş tərəflər arasında mülki xarakterli mübahisənin mövcud olması qənaətinə gəlinmişdir. Beləliklə də, X1 ərizəsi əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməlidir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında baş vermiş mübahisə mülki xarakterli olduğundan Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququna malikdirlər. Odur ki, göstərilən fakt üzrə cinayət işinin başlanması rədd edilməlidir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdehin iddiaya hər hansı etirazını bildirmədiyi halda, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən tərəflər arasında mülki hüquq münasibətlərinin mövcud olduğu aydın olur. Bu münasibətlərin məzmunu İddiaçı ödədiyi pul məbləği müqabilində Cavabdeh tərəfindən hüquqi yardım göstərilməsindən ibarət olmuşdur. Cavabdeh razılaşmaya əsasən öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yetinə yetirmədiyindən ödənilmiş pul məbləğinin bir hissəsini İddiaçı qaytarmış, qalan hissəsini qaytaracağını bildirsə də, İddiaçı qalan pul məbləğini ödəməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı hüquqi yardım göstərilməsi məqsədi ilə cavabdehə pul məbləği ödəmişdir. Cavabdeh iddiaçıya tərəflər arasında olan razılaşmaya əsasən keyfiyyətli hüquqi yardım göstərməyi öhdəsinə götürmüş, lakin razılaşdırılmış qaydada hüquqi yardım göstərməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, razılaşdırılmış qaydada hərəkətlər etməmiş, bununla da razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, tələb olunan pul məbləğini iddiaçıya ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia təmin edilməli, cavabdehin ödəməyi gecikdirdiyi 1170 manat məbləğində pul, iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 40 manat, cəmi 1260 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 1170 manat məbləğində pul, iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 40 manat, cəmi 1260 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar