Məhkəmə qərarları › İş №2(005)-1824/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1824/2023

22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1824/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı inzibati hüquqpozma nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı inzibati hüquqpozma nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus: buraxılışı 2003-cü il “Volkswagen Passat” markalı, **- KH-*** dövlət qeydyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 1500 manat məbləğində vəsaitin və ödənilmiş 35 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində idarə etdiyi “X5” markalı, **- NA-*** dövlət qeydyyat nişanlı avtomobili ilə onun idarəetdiyi, ona məxsus “Volkswagen Passat” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, avtomobilinə xeyli ziyan dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələrinin tələbini pozmuş, bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1.-ci maddələri ilə təqsirli bilinərək, İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərara əsasən 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün cavbadeh avtomobilini yaxşı təmir etdirməmiş, avtomobili pis vəziyyətə salmışdır. Hadisə zamanı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün əlavə olaraq 1500 manat xərc tələb olunur. Bu barədə "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli qüsur aktı var. Cavabdeh isə həmin xərci vermək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.20222-ci il tarixli, TP5415135 inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 09:55-da “X5” markalı, **- NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İXM-nin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və bunun nəticəsində 40 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” markalı, **-KH-*** qeydiyyat nömrəli avtomobilin sahibi İddiaçıdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 06/2023 Qüsur aktının surətindən görünür ki, “Volkswagen Passat” markalı, **-KH-*** qeydiyyat nömrəli avtomobilə cəmi 1500 manat məbləğində ziyan dəymişdir; Qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək məqsədilə 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5404 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı “Volkswagen Passat” markalı, **-KH-*** qeydiyyat nömrəli avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1100 manat müəyyən edilmişdir. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “X5” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “Volkswagen Passat” markalı, **-KH-*** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərər əvəzini cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Eyni Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Belə ki, xx.xx.20222-ci il tarixli, TP5415135 nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən “Volkswagen Passat” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin qiyməti 1100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iddiaçının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 1100 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 1100 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, tərəflərə aid edilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 35 manatın 25,7 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 13,3 manatı iddiaçıdan, 36,7 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki prosessual 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 1100 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 35 manatın 25,7 manatı Cavabdehdan alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 13,3 manatı İddiaçı, 36,7 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar