Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1828/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun ödənilməsinin təsdiq edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2015-ci ildə “Dəmir Bank" ASC-dən 26%-lə 12.600 USD məbləğində götürdüyü kreditin tam həcmdə ödənilməsi və ləğv edilən "xxxx" ASC-yə 9.843 manat borcunun olmamasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə "xxxx" ASC-yə müraciət edərək 26%-lə 12.600 USD məbləğində kredit götürmüşdür. 2015-ci ilin fevral ayından avqust ayına qədər 7 ay müddətində ödənişlərini etmişdir. 8 ay da isə onun "xxxx" ASC-yə 10.196 manat borcu qalmışdır. O, kredit götürən zaman 1 dollar 0.78 qəpik idi. "xxxx" ASC 2016cı ildə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir və Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(016)-1716/2016 saylı qətnaməsi ilə 10.881.72 ABŞ dolları (9243.54 ABŞ dolları əsas borc olmaqla, 1538.18 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə faizi olmaqla) və 27.9 manat məhkəmə rüsumunun ondan tutulması qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1716/2016 saylı qətnaməsi ilə onun 9243.54 ABŞ dolları məbləğində olan borcunun 1.10 manat kurs ilə bağlanması qət olunmuşdur. Lakin 2015-ci ildəki artım nəticəsində 1 dollar 1.05 qəpikdən hesablandı. Həmin vaxt "xxxx" ASC-nin Ağsu filialının rəhbəri onu filiala çağıraraq onun banka olan borcunun 1.05 qəpikdən hesablanacağını bildirdi. Belə ki, o, "xxxx" ASC-yə olan 10.196 manat məbləğində borcunu 1.05 qəpikdən hesablanmaq şərti ilə tam həcmdə ödəyib. Onun "xxxx" ASC-yə olan borcunun tam həcmdə ödənilməsi barədə xx.xx.2017-ci ildə "xxxx" ASC-nin Ağsu filialının rəhbərliyi tərəfindən akt da tərtib edilmişdir. "xxxx" ASC-nin Ağsu filialının müdiri olan X3 tərəfindən imza və möhürlə təsdiq edilən akta əsasən, onun "xxxx" ASC-yə heç bir borcu qalmamışdır. Bu faktı "xxxx" ASC-nin Ağsu filialının müdiri olan X3 özü də təsdiq edir. Belə ki, xx.xx.2017-ci ildə "xxxx" ASC-nin Ağsu filialının rəhbərliyi tərəfindən təsdiq edilən akta əsasən onun banka olan 10.196 manat məbləğində borcunun 70101588-1 saylı hesaba mədaxil edilməsi təsdiq edilmişdir. Bununla da onun cavabdeh olan "xxxx" ASC-yə qarşı heç bir öhdəliyi qalmamışdır. Həmçinin İ Qarabağ müharibəsi veteranıdır. Lakin Ağsu Rayon İcra və Probasiya Şöbəsindən ona bildirilmişdir ki, onun cavabdeh "xxxx" ASC-yə 9.843 manat borcu qalmışdır. Halbuki o, borcunu tam həcmdə ödəmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi cavabdehə olan borcunun ödənilməsinə rəğmən ondan 9.843 manatın tələb edilməsidir. Belə ki, "xxxx" ASC 2017-ci ildə ləğv edilmişdir. Və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-yə ləğv edici təyin edilmişdir. Əsassız olaraq silinməyən borcun ləğv edilməsi ilə bağlı Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də nəticə əldə edə bilməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı kredit məbləğini sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürdüyünü, lakin işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X2 işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Cavabdeh LPO Cavabdeh1 ASC isə kommersiya hüquqi şəxsidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə borc pul sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilmişdir. Belə ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 2.2-ci maddəsinə əsasən kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə verilir. Göründüyü kimi, hazırki mülki iş üzrə olan tələb məhz tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gələn tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının kommersiya hüqiqi şəxsinə qarşı borcun ödənilməsinin təsdiq edilməsi tələbi kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun ödənilməsinin təsdiq edilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1828/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1828/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver