Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1828/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manat əsas borc, 2000 manat mənəvi zərərə görə və 125 manat dövlət rüsumu olmaqla, cəmi 11125 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi əvvəllər tanımış, bir yerdə işləmiş və münasibətləri yaxşı olmuşdur. Bundan istifadə edən cavabdeh ondan müxtəlif vaxtlarda böyük məbləğlərdə pul borc almışdır. O, əvvələr borcu qaytarmış, sonradan isə onu aldatmağa başlamış və qərəzli olaraq borcu qaytarmamışdır. 2024-cü il ərzində onun 9000 manat borcu yaranmışdır. Dəfələrlə ona müraciət edib pulu geri istəmiş, lakin bunun nəticəsi olmamışdır. Cavabdehin pulu qaytarmaması bir yana, onu ələ salmış, “pulu qaytarıram-qaytarıram” deyib aldatmış, sonra onu ağır sözlərlə təhqir etmiş və barəsində polisə yalan məlumatlar verərək, əsəbi gərginlik və mənəvi sarsıntı yaşatmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, cavabdeh ilkin 5000 manatı qaytardıqdan sonra ona əlavə 5000 manat da Nərimanov rayonunda 45 saylı məktəbin yanında gündüz vaxtı borc pul vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. Həmçinin cavabdeh izahatında bildirdi ki, yazışmalar köhnə borclarla bağlı olmuşdur, iddiaçı faizə pul verdiyi üçün yenidən əlavə 5000 manat pul istəməkdədir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 2024-cü il ərzində Cavabdeh İddiaçı cəmi 9000 manat borcu olmuşdur. O, borcu qərəzli olaraq qaytarmadığından və iddiaçıya ağır mənəvi zərər vurduğundan yazılı xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; AR DİN Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 2/2-M-204 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış, onunla X2 arasında olan münasibətlər üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur; Tərəflər arasında 2024-cü il ərzində “Whatsapp” platforması üzərindən aparılmış yazışmalardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borc pul verilmiş, borclu borc məbləğini verməyi gecikdirmiş və ona borcverən tərəfindən pulun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilmişdir; Kart məlumatlarından görünür ki, Cavabdeh məxsus **********444847 və **********266553 nömrəli Birbank plastik kartları mövcuddur. İddiaçı **********598744 və onun rəfiqəsi Əliyeva Səbinəyə **********827664 nömrəli plastik kartlar məxsusdur; "xxxx" ASC-nin əməliyyatlara dair plastik kart hesabından çıxarışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü ildə 122 manat (İddiaçı bank hesabına), xx.xx.2024-cü ildə 170 manat (İddiaçı), xx.xx.2024-cü ildə 200 manat (Əliyeva Səbinənin bank hesabına), xx.xx.2024-cü ildə 150 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 150 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 20 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 40 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 1750 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 450 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 10 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 900 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 140 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 150 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 65 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü ildə 50 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü il tarixdə 200 manat (Əliyeva Səbinə) olmaqla, ümumilikdə 4567 manat məbləğində vəsait borc verilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü ildə 1300 manat (İddiaçı bank hesabından), xx.xx.2024-cü ildə 330 manat (İddiaçı), xx.xx.2024-cü ildə 1000 manat (İddiaçı), xx.xx.2024-cü il 1150 manat (Əliyeva Səbinənin bank hesabından), xx.xx.2024-cü ildə 500 manat (Əliyeva Səbinə), xx.xx.2024-cü il tarixdə 760 manat (Əliyeva) Səbinə olmaqla, ümumilikdə 5440 manat məbləğ borcverənə qaytarılmışdır; Tərəflər arasında xx.xx.2025-ci il tarixdə “Whatsapp” platforması üzərindən aparılmış yazışmalardan görünür ki, İddiaçı Cavabdeh 5000 manat məbləğində borcu qalmışdır; Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh İddiaçı geri qaytarmaq şərtilə borc pul istəmiş, iddiaçı tərəfindən ona müxtəlif vaxtlarda hissə-hissə 10000 manat borc pul verilmişdir. Lakin borclu bu günə kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc məbləğinin Cavabdeh tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, bu da iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə borc münasibətlərinin mövcudluğuna nisbətdə qeyd edir ki, tərəflər arasında “Whatsapp” platforması vasitəsi ilə həyata keçirilmiş danışıqlarda İddiaçı tərəfindən Cavabdeh borc pul verilməsi və borc məbləğinin ödənilməsində tərəflər arasında mübahisə öz əksini tapmış, o cümlədən şifahi borc müqaviləsinin bağlanmasını tərəflər özləri də mübahisələndirməmişlər. Lakin verilmiş borcun məbləğinə və müqavilədən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icrasına münasibətdə iş üzrə təqdim olunmuş materiallarla aydınlıq gətirməyə ehtiyac vardır. Belə ki, İddiaçı tərəfindən Cavabdeh və Əliyeva Səbinənin adına olan bank hesablarına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək atılmış hissə-hissə məbləğlərdən məlum olur ki, ümumilikdə onun tərəfindən cavabdehə 5040 manat həcmində borc verilmişdir. Eynilə Cavabdeh və Əliyeva Səbinənin adına olan bank hesablarından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı bank hesabına 4567 manat pul vəsaiti köçürülmüş, beləliklə, 2024-cü il ərzində iddiaçı tərəfindən cavabdehə verilən borc məbləği ödənilmişdir. (5040 - 4567=473 manat qalıq borcu olmaqla). Göründüyü kimi 2024-cü il ərzində borclu ilə borcverən arasında şifahi borc müqaviləsi üzrə hesablaşmalar aparılmışdır. Son olaraq xx.xx.2025-ci il tarixdə “Whatsapp” platforması üzərindən aparılmış yazışmalarda isə Cavabdeh İddiaçı 5000 manat məbləğində borcu qaldığı onlar tərəfindən təsdiqlənmişdir. Beləliklə məhkəmə, iddiaçı ilə cavabdeh arasında baş tutumuş xx.xx.2025-ci il tarixli etirafedici danışıqları əsas götürməklə, iddia tələbinin 9000 manat əsas borc hissəsinin 5000 manat həcmində təmin olunması qənaətindədir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1828/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1828/2025
18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver