Məhkəmə qərarları › İş №2(005)-184/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-184/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-184/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi 8 saylı hündürmərtəbəli evin 638 saylı mənzil ona məxsusdur, cavabden isə onun üst qonşusudur. 2020-ci ilin əvvəlindən bu günə kimi evə girəndə sağ tərəfdən hamamayaqyolu, sol tərəfindən mətbəx və balkona müntəzəm çirkab suları axıdılır, nəticədə mənzil yaşamaq üçün tam yararsız hala düşmüş, mənzlin dəhliz hissəsi, tavanı ləkələnmiş, stabilizatoru qısa qapanma nəticəsində qəza vəziyyəti törətmişdir. Ona görə də o, məcbur olub bu günə kimi bağ evində yaşamağa məcbur olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri barədə o, xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə yazmış olduğu ərizə əsasında onun mənzilinə gələn çirkab sulları və bununla mənzilinə dəyən maddi ziyan ilə əlaqədar «xxxx» MMC-nin iştirakı ilə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir, belə ki, yaşadığı hündürmətrəbəli bina «xxxx» MMC-nin balansındadır. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin araşdırmasından sonra ona rəsmi qaydada izah olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri barədə yəni onun tərəfindən vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməlidir. Hesab edir ki, cavabdehin mənzilindən çirkab sularının axıdılması nəticəsində vurmuş olduğu zərəri tam həcmdə ödəməli, mülkiyyətinə qəsd edən hərəkətlərin qarşısı alınmalıdır. Bundan sonra da cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmiş, mənzilində heç bir təmir-bərpa işləri aparmamış, nəticədə onun mənzilində dözülməz antisanitar şəraiti yaranmışdır, üst mərtəbədən çirkab sularının axıdılması davam edir. Hesab edir ki, cavabdehin təqsiri üzündən ona ilkin hesablamalara görə 8-10 min manata yaxın maddi ziyan dəymişdir. Həmin məbləğ müvafiq ekspert rəyindən sonra dəqiqləşdirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın tam həcmdə onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək cavabdehdən 2033 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan “xxxx” MMC ilə mənzil mülkiyyətçiləri arasında çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2020-ci il tarixli 29№-li müqavilədən görünür ki, bu Müqaviləyə görə «idarəedici təşkilat» Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 8 küçəsi, 1937 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. İş materiallarında olan çoxmənzilli binanın idarəetmə müqaviləsinin 1 №-li əlavədən görünür ki, çoxmənzilli binanın saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısı və məbləği 1kv.m -ə 0.35 AZN müəyyən edilmişdir. İş materiallarında olan Nərimanov RPİ 17-ci PŞ-dən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sızın xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə yazmış olduğunu ərizə araşdırılmışdır. Mənzilinə iddia etdiyi kimi üst mərtəbə yerləşən mənzildən gələn su və bununla da mənzilə dəyən maddi ziyan ilə əlaqədar barəsində şikayətçi olduğu digər mənzilin sahibəsi olan X1 izahatı alınmış, eləcə də mənzilə dəymiş maddi ziyan ilə əlaqədar “xxxx” MMC-nin iştirakı ilə baxış keçirilmiş və bu barədə akt tərtib etmişdirlər. Ərizədə qeyd edilən xüsusatlar mülkü xarakterlidir. Mənzilə dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsi ilə əlaqdar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ var. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 93№-li arayışdan görünür ki, Cavabdeh həqiqətən "xxxx“ ASC-nin inşa etdiyi ünvan 2 ünvanında yerləşən Kosmos yaşayış kompleksi blok 6, mənzil 643 (12016 saylı müqaviləyə əsasən) həmin şəxsə aiddir. İş materiallarında olan 10172 nömrəli xx.xx.2009-cu il tarixli mənzilin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı “X2” ASC ilə alıcı İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllədə Ə.Əliyev küçəsindəki 8 saylı binanın 731 saylı mənzili İddiaçı mülkiyyətinə keçmişdir İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli aktından görünür ki, həqiqətən xx.xx.2020-ci il tarixində Kosmos Y/K-də blok mənzil 638-in şikayətinə əsasən biz aşağıda imza edən şəxslər həmin mənzilə baxış keçirmişlər. Həmin mənzilin qonaq otağı və eyvanının dam örtüyünün su sızması nəticəsində yararsız hala düşməsinə şahidi olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2586 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Ə.Əliyev küçəsi, 8 nömrəli evin 638 saylı mənzilin tavanında və divarlarında su sizmə ləKələrinin, eləcə də mülki iş Materiallarında olan, «İDEAL-YAŞAM MMC»-nin əməkdaşları Tərəfindən Tənrib olunmuş xx.xx.2020-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Ə.Əliyev Küçəsi, 8 nömrəli evin 638 saylı Mənzilinə yuxarı mərtəbədəki 643 saylı mənzildən suyun sızması müəyyən olunur. 643 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, xanalizasya boru xətləri) gizli şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, 638 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Baxı şəhəri, Ə.Əliyev Küçəsi, 8 nömrəli evin 638 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2033.0 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.(MM-nin 1096.1,1096.2,1097.1-ci mad.) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində ziyan vurulması təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Məhkəmə iddiaçıya vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçının tələb etdiyi məbləği təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb iş üzrə keçirilən ekspertizanın rəyi ilə müəyyən olunmuş məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2033 manat, həmçinn ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar