Məhkəmə qərarları › İş №2(005)-1845/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1845/2023

21.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1845/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və su sızıntısının qarşısının alınması öhdəliyinin qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və su sızıntısının qarşısının alınması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilinə dəymiş ümumilikdə 2496,38 manat məbləğində maddi ziyanın, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun tutulması və Cavabdeh üzərinə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 21 saylı evin 54 saylı mənzilinə su sızıntısının qarşısı alınması öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh İsmiyət qızı onun üst qonşusudur. Cavabdeh tərəfindən müntəzəm olaraq mənzilinə su axıdılır və zərər vurulur. Bir dəfə öz mənzilində su sızmasından sonra təmir-bərpa işləri aparmış və bu barədə cavabdehə xəbərdarlıq etmiş, lakin cavabdeh xəbərdarlığına məhəl qoymamış, həmin su sızıntısının qarşısını almamış və yenidən mənzilinə ziyan vurmuşdur. Cavabdehin mənzilinin döşəməsində izolyasiya düzgün aparılmadığına görə mənzilinə su sızması baş vermiş və ona məxsus mənzilin yataq otağına və balkonuna maddi ziyan dəymişdir. Qeyd olunan maddi ziyanın müəyyən edilməsi ilə bağlı təmir-tikinti işlərini aparan şirkətdən smeta çıxarılmış və həmin smetada mənzilinə 2496,38 manat məbləğində vurulmuş ziyan nəticəsində çəkilməli olan xərc göstərilmişdir. Bundan başqa, tikinti şirkəti tərəfindən bildirilmişdir ki, yuxarı qonşu tərəfindən ona məxsus mənzildə izolyasiya işləri aparılmalıdır. Belə ki, həmin işlərin görülmədiyi təqdirdə su sızıntısı davam edəcək və təmir-bərpa işlərindən sonra yenidən maddi ziyan dəyəcəkdir. Cavabdehə mənzilinə dəymiş ziyanın aradan qaldırılması üçün xəbərdarlıq olunsa da, cavabdeh buna əhəmiyyət verməmiş, mənzilin təmir olunması üçün heç bir səy göstərməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh mənzilinə dəymiş ümumilikdə 2496,38 manat məbləğində maddi ziyanın, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun tutulması və Cavabdeh üzərinə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 21 saylı evin 54 saylı mənzilinə su sızıntısının qarşısı alınması məqsədi ilə cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 21 saylı evin 56 saylı mənzilinin açıq eyvan tikilisinin döşəməsinə vurulmuş metlaxın bir hissəsi (su sızması baş verən hissə) sökülərək, döşəmə yenidən izolyasiya olduqdan sonra üstü metlax metarialı ilə üzlənməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, məlumat alan kimi dərhal iddiaçının evinə usta yönəltmiş və məlum olmuşdur ki, evə az məbləğdə maddi ziyan dəymişdir. Hazırda eyvanın döşəməsinin təmirinə başlanmış, bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3514 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21, 54 nömrəli mənzildə aşkar olunmuş zədələrin texniki səbəbi cavabdehin istifadəsində olan 56 saylı mənzilin açıq eyvan tikilisinə yağan təbii çöküntülər (yağış, qar və sair) nəticəsində açıq eyvanda yığılan suyu iddiaçının 54 saylı mənzilnə axdığı müəyyən edilir; İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşınski küçəsi, ev 21, 54 nömrəli mənzilə su sızmasının mənbəyi cavadehin istifadəsində olan 56 saylı mənzilin açıq eyvan tikilisinə yağan təbii çöküntülər (yağış, qar və sair) nəticəsində açıq eyvanda yığılan suyun iddiaçının mənzilnə axdığı müəyyən edilmiş və su sızmanın qarşısının alınması üçün açıq eyvan tikilisinin döşəməsinə vurulmuş metlaxın bir hissəsi (su sızma baş verən hissə) sökülərək döşəmə yenidən izolyasiya olduqdan sonra üstü metlax materialı ilə üzlənməlidir; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşınski küçəsi, 21 saylı binada yerləşən 54 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 262 manat məbləğində müəyyən olunur; Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Cavabdeh məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bu halın bir neçə dəfə təkrarlandığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halları və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(006)- 1845/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən 54 saylı mənzilə 56 saylı mənzilin açıq eyvanından su sızmasının baş verdiyi, vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 262 manat məbləğində olması müəyyən edilmişdir. Hazırda iddiaçı 2496,38 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, həmçinin cavabdehin mənzilindən suyun axıdılmasının qarşısının alınması məqsədi ilə onun mənzilinə aid olan və suyun iddiaçının mənzilinə axıdılmasına səbəb olan hissələrdə təmir-bərpa işlərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzilin eyvanından sızması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin eyvanından olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin eyvanından su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 262 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 262 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının “Cavabdeh üzərinə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 21 saylı evin 54 saylı mənzilinə su sızıntısının qarşısı alınması məqsədi ilə cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 21 saylı evin 56 saylı mənzilinin açıq eyvan tikilisinin döşəməsinə vurulmuş metlaxın bir hissəsi (su sızma baş verən hissə) sökülərək, döşəmə yenidən izolyasiya olduqdan sonra üstü metlax metarialı ilə üzlənməsi öhdəliyinin qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşınski küçəsi, ev 21, 54 nömrəli mənzilə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşınski küçəsi, ev 21, 56 nömrəli mənzilin eyvanından su sızmasının baş verməsi müəyyən edilmiş və iddiaçının izahatına əsasən həmin hal bir neçə dəfə təkrarlanmışdır. Məhkəmə ekspert rəyinə və iddiaçının dəlillərinin ağlabatan olmasına əsaslanaraq hesab edir ki, iddia bu hissədə də təmin olunmalı, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşınski küçəsi, ev 21, 54 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 21 saylı evin 56 saylı mənzilinin açıq eyvan tikilisinin döşəməsinə vurulmuş metlaxın bir hissəsi (su sızma baş verən hissə) sökülərək, döşəmə yenidən izolyasiya olduqdan sonra üstü metlax metarialı ilə üzlənməsi vəzifəsi qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İddiaçının tələbinin qismən təmin edildiyindən məhkəmə hesab edir ki, çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyana görə 262 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manatın 50 manatı, cəmi 312 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşınski küçəsi, ev 21, 54 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 21 saylı evin 56 saylı mənzilinin açıq eyvan tikilisinin döşəməsinə vurulmuş metlaxın bir hissəsi (su sızma baş verən hissə) sökülərək, döşəmə yenidən izolyasiya olduqdan sonra üstü metlax metarialı ilə üzlənməsi vəzifəsi qoyulmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 262 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manatın 50 manatı, cəmi 312 (üç yüz on iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşınski küçəsi, ev 21, 54 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 21 saylı evin 56 saylı mənzilinin açıq eyvan tikilisinin döşəməsinə vurulmuş metlaxın bir hissəsi (su sızma baş verən hissə) sökülərək, döşəmə yenidən izolyasiya olduqdan sonra üstü metlax metarialı ilə üzlənməsi vəzifəsi qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar