Məhkəmə qərarları › İş №2(005)-1855/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1855/2024

22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1855/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: «Elektron notariat” X1 çıxarış əsasında İddiaçı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsini və onun adına olan Abşeron rayonu, Masazır qəsəbəsi ümvanda inşa edilən yaşayış binalarının 5C korpusundakı ümumi sahəsi 89,2 kv.m olan 3 otaqlı 21 nömrəli mənzil payını X2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. 13 dekabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında X3 rayonu, Masazır kəndi, Yeni Bakı yaşayış kompeksi, ev 26, mənzil 70 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır. AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, özünə məxsus 3 otaqlı mənzili sataraq əldə etdiyi 80000 manat pulu saxlanc üçün qardaşı İbrahimov Hilala vermiş, cavabdehlər isə həmin pul məbləğini sonuncudan götürərək Cavabdeh1 adına mənzil əldə etmişdirlər. Cavabdehlər etiraz edərək satılan mənzilin iddiaçının adına olsa da, Cavabdeh1 atası Mayılov Aydın tərəfindən əldə edildiliyini, alınmış mənzildə iddiaçının həyat yoldaşı və üç uşağının yaşadığını bildirirlər. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 80000 (səksən min) manat borc pulunun və ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o həyat yoldaşı X4 ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 3 azyaşlı övladları vardır. Övladlarının hər üçü məktəbli olmaqla, 2-ci, 6-cı və 7-ci sinifdə oxuyurlar. Hal-hazırda həyat yoldaşının “nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatındadır. Qeyd edir ki, birgə nikah dövründə əldə etdikləri evi 87000 (səksən yeddi min) manata satmışdırlar. Bu pulun 80000 (səksən min) manatını qardaşı Cəlal Bayramova vermiş və o da həmin pulu dayısı Cavabdeh2 Şirəlı oğluna verdi ki, onlara yeni ev almasına köməklik göstərsin. Həyat yoldaşının atası Aydın Mayılov dayısı Cavabdeh2 işçisi olduğundan Cavabdeh2 həyat yoldaşı ilə ona ev alınmasına çalışdı. Beləliklə, Cavabdeh2 onun qaynı Cavabdeh1la birgə 2-otaqlı ev alıb həmin evi qayını Cavabdeh1 adına sənədləşdirmişlər. Bunu təsdiq edən şahidləri vardır və məhkəmə prosesində həmin şahidlərini məhkəməyə dəvət edəcək və onlar prosesdə iştirak edəcəklərdir. Qeyd edir ki, onun pulu ilə alınmış ev ya onun, ya da həyat yoldaşının adına rəsmiləşdirilməli idi. Həmin 2 otaqlı ev Abşeron Rayonu Masazır qəsəbəsində Yeni Bakı Yaşayış Kompleksində yerləşir. O cavabdehlərdən 80000 (səksən min) manat pulunu istəyir. b) Cavabdeh2 iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh2 etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsini əsaslandırmışdır ki, X4 ilə o birgə nikah dövründə əldə olunan evi 87 (səksən yeddi) min manata satıb həmin pulun 80 (səksən) min manatını o özünün qardaşı Cəlal Bayramova vermişdir. X10 bu pulu o Cavabdeh2 Şiralı oğluna verib ki, onlara yeni ev almasına köməklik göstərsin. Göründüyü kimi İddiaçı yazdığına görə o Azadla birgə 2- otaqlı ev alıb həmin evi Cavabdeh1 adına keçirtmişdir. İddiaçı qeyd edib ki, bu barədə guya bunu təsdiq edən şahidləri var. Məhkəməyə bildirir ki, İddiaçının yazdıqları cəfəngiyyatdır. Şəxsən o iddiaçıya məxsus pulla Cavabdeh1 ev axtarıb almamışdır. İddiaçının və onun həyat yoldaşının evini də satdırmamışdır. Qaldı ki, iddiaçı Cəlal Bayramov şər-böhtan danışır, belə ki, öz ailəsinə qarşı son vaxtlar hörmətsizlik etdiyinə görə, həmçinin ailəsinə dolanışıq üçün maddi köməklik etmədiyinə görə onun ailəsi dağılmışdır. Mən onların ailə işlərinə qarışmamışam və bu səbəbdən guya iddiaçının pulu ilə ev alıb kiminsə adına keçirtməmişdir. İddiaçı ərizəsində yalanlar yazıb, çünki onun özünün qazancı kimi heç vaxt çoxlu pulu olmamışdır. Həmin pul və ev iddiaçının keçmiş həyat yoldaşı Könül Bayramovanın atası Aydın kişiyə məxsus olmuşdur. Ona görə də İddiaçı yazdıqlarınn hamısı cəfəng sözlərdir. Azərbycanda qanun var, qayda var. Ona görə də o İddiaçı bu əsassız iddia tələbini qəbul etmir. c) Cavabdeh1 iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh1 etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsini əsaslandırmışdır ki, bacısı X4 ilə o birgə nikah dövründə əldə etdikləri evi 87 min manata satmışlar və həmin pulun 80 min manatını o öz qardaşı Bayramov Cəlala vermiş və o da həmin pulu bu işdə digər Cavabdeh2 Şiralı oğluna verib ki, onlara yeni ev almasına köməklik göstərsin. Beləliklə, iddiaçının yazdığına görə Cavabdeh2 onunla birgə 2-otaqlı ev alıb həmin evi onun adına sənədləşdirmişlər. Guya iddiaçının bunu təsdiq edən şahidləri vardır və s.. İddiaçının yazdıqlarının hamısı yalandır o mənada ki, şəxsən o iddiaçıya məxsus pulla özünə ev almamışdır. O iddiaçı və bacısının birgə nikahı müddətində onların əldə etdikləri evi satmamış və ya satdırmamışdır. İddiaçının qeyd etdiyi məbləğdə pulu heç vaxt olmamışdır və o öz ailəsi ilə birgə onlara məxsus – yəni onlar tərəfindən alınmış evdə yaşamışdır. İddiaçı ərizəsində iddia etdiyi tələbi heç vaxt sübut edə bilməz ona görə ki, belə hallar olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O izahatında bildirmişdir ki, Qardaşı pulu cavabdehlərə verdiyi üçün onlara qarşı tələb irəli sürmüşdür. 2010-cu ildə aldığı mənzil kiçik idi, satıb yeni mənzil almışdır. İlkin olaraq mənzil qaynatası Mayılov Aydın tərəfindən alınsa da, iddiaçının adına rəsmiləşdirilmişdir. Daha sonra həmin ev satılaraq,ikinci - 3 otaqlı təmirsiz mənzil əldə edilmişdir. İkinci aldığı mənzilin təmirinə xeyli vəsait xərcləmişdir. Ev alqı-satqıları həmişə dayısı Cavabdeh2 iştirakı ilə olmuşdur. Daha sonra bu qənaətə gəlib ki, həyət evi əldə etsin. Həyat yoldaşının da razılığı ilə mənzili 2021-ci ildə 82.000 manata satmışdır. Daha sonra qardaşı ilə birlikdə pul vəsaitini dayısıın evinə aparmış və saxlamasını xahiş etmişdir. Dayısı Cavabdeh2 isə ona məsləhətsiz iş gördüyü, evi ucuz qiymətə satdığı üçün əsəbləşmiş və pulu qəbul etməmişdir. Bundan sonra o pulu qardaşna vermiş, qardaşı isə onun icazəi olmadan pulu bir müddət sonra dayısı M.Müslümə təhvi vermiş o da qaynının adına mənzil almışdır. Həmin mənzildə həyat yoldaşı və uşaqları yaşayır, iddiaçı özü də qısa müddət həmin mənzildə yaşayıb. Cavabdehlərin pulunu qaytarmalarını gözlədiyi üçün məhkəməyə gec müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçının qayınatası bibisi oğludur. Bibisi oğlu ona onun qızı və keçmiş kürəkəni Hilala ev alması üçün 57000 manat pul vermişdir. O 2010-cu ildə 57000 manata 2 otaqlı ev almışdır. Həmin pul iddiaçının qayınatası Aydın tərəfindən verilmişdir. Ondan 5 il sonra həmin mənzili böyütmək istədiklərini bildirdilər. O 2015-ci ildə isə onlar üçün Aydının verdiyi vəsaitə əsasən Hilal və Könülə 3 otaqlı mənzil almışdır. İddiaçı isə həmin mənzili heç kimə məlumat vermədən satmışdır. O öz evində olarkən iddiaçı gələrək, evi satdığını bildirmiş, lakin cavabdeh pulu götürməyərək, pulu sahibi Aydına qaytarmasını bildirmişdir. Həmin mənzilin dəyəri 120000 manat olmuş, lakin iddiaçı tərəfindən mənzil 80000 manata satılmışdır. Aydın zəng etdikdə qarışmayacağımı bildirmişdir. O isə maklerin evin boşaldılmasını tələb etdiyini bildirdikdə ailəsi çöldə qalmasın deyə onlara iki otaqlı ev almışdır. İddiaçı etibarı itirdiyi üçün mənzil Azadın adına alınmışdır. Uşaqların 18 yaşı tamam olduqdan sonra onların adına keçiriləcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, ilkin mənzili atası almışdır. İddiaçının mənzil almaq üçün pulu olmamışdır. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı kiçik qardaşıdır, Cavabdeh2 dayısı, digər Cavabdeh1 isə dayısı oğludur. İddiaçı mənzili satdıqdan sonra pulu ona vermişdir. Pul 20 gün onda qalmışdır. İddiaçı torpaq alıb fərdi yaşayış evi tikmək məqsədi ilə bina evini satıb. İddiaçı onlara qonaq gələn zaman 80.000 manat pulu ona saxlamaq məqsədi ilə verib. Pul 100 və 50 manatlıq əskinazlıqlar olub. Mənzilin satışı ilə bağlı heç bir prosesdə iştirak etməmişdir. Pulu özünün götürəcəyini bildirmişdi. Bir neçə dəfə Aydın dayı zəng edərək pulu cavabdehlərə verməyini bildirirdi. Şamaxıda işləyirdi, cavabdehlərlə danışıb Müşfiq qəsəbəsində onlarla görüşərək 80.000 manat pulu sayıb cavabdeh M.Müslümə verdi. Aydın dayının pulunu istəməsini qardaşınaiddiaçıya demişdi, o isə pulu verməməyini bildirib. Pulun kimə aid olduğunu bilmir. Mənzili satan zaman qardaşı ailəsi ilə orada yaşayırdı, mənzildən çıxmaq üçün 1 ay vaxt verilmişdi. Mənzili alan şəxs mənzildən çıxmalarını bildirmişdi. Müslüm dayı ilə danışdı, yenidən mənzil alınacağını bildirdi və 1 həftə sonra yeni mənzil alındı. Sonuncu alınan mənzildə qardaşı təxminən 15 günə yaxın yaşadığını xatırlayır. Qardaşına mənzillə bağlı zənglərin gəldiyini və həll etməsini bildirsə də etmədi. Qardaşı pulu cavabdehlərə verməyi ilə bağlı ona qarşı pul tələbi ilə şikayət etməmişdir. Mülki işin materialları - xx.xx.2015-ci il tarixli mənzil müqaviləsindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 21 saylı mənzili İddiaçı təhvil vermişdir. - xx.xx.2021-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsini və onun adına olan Abşeron rayonu, Masazır qəsəbəsi ümvanda inşa edilən yaşayış binalarının 5C korpusundakı ümumi sahəsi 89,2 kv.m olan 3 otaqlı 21 nömrəli mənzil payını X2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. - 13 dekabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu, Masazır kəndi, Yeni Bakı yaşayış kompeksi, ev 26, mənzil 70 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır. - AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Mülki işə tətbiq edilən hüquq AR Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 824.1. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Maddə 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Maddə 826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İşə baxan məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ilə məlum olur ki, iddiaçı özünə xüsusi mülkiyyət hüququ ilə məxsus olan, birgə nikah dövründə əldə etdiyi 3 otaqlı mənzilin özgəninkiləşdirilməsi nəticəsində əldə etdiyi 80000 manat məbləğində pul vəsaitini saxlaması üçün öz qardaşı – Cəlal Bayramova təhvil vermişdir. Həmin faktı həm iddiaçı və cavabdehlər öz izahatlarında, həm də şahid Cəlal Bayramov öz ifadəsində qeyd etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəməyə bildirdiyi və məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki, iddiaçı ilə qardaşı arasında 80000 manat pul məbləğinin saxlama müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddiaçı isə saxlamağa verdiyi pulun qaytarılmasını qardaşı – Cəlal Bayramovdan deyil, onun pulu təhvil verdiyi cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 tələb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 824.3-cü maddəsinə əsasən, pul məbləği tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Pul məbləğinin iddiaçıya qaytarılanadək başqa şəxsə - cavabdeh M.Müslümə təhvil verilməsi halına gəldikdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 826.1-ci maddəsinin tələbinə əsasən saxlamaya pul qəbul edildiyindən və pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçdiyindən cavabdehləri buna görə məsul hesab etmək mümkün deyildir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər İddiaçı pul tələbi üzrə subyektiv cavabdehlik daşımırlar. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə icraatına cəlb edilən şahid Cəlal Bayramovun ifadəsi mülki işin materialları və tərəflərin izahatları ilə üst-üst düşdüyündən, məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qiymətləndirir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar