Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1856/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Mustafayev Sərxan Ziyad oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yerinə yetirilmiş ödənişlərin geri qaytarılması, kondisionerin quraşdırılması ilə bağlı ödənilmiş 110 (yüz on) manat məbləğində pulun tutulmasına, mobil telefonla bağlı ödənilmiş 480 (dörd yüz səksən) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona “GALANZ” markalı 1080 manat dəyərində kondisioner, hissə-hissə ödənilməsi şərti ilə Sumqayıt şəhərində yerləşən Star Elektroniks mağazasından satılmışdır. Qeyd olunmalıdır ki, kondisioner quraşdırıldığı gündən normal işləməmişdir, xarabdır və həddindən artıq səs verdiyi üçün qonşuların narazılığına səbəb olur. İddiaçı dəfələrlə müraciət edərək bunun yoluna qoyulmasını tələb etsə də əhəmiyyət verilməmişdir. Həmçinin kondisioner quraşdırılarkən 110 manat məbləğində xərc çəkmişdir. Həmçinin həmin mağazada ona satılmış, 480 manat dəyərində olan “Hisense” markalı mobil telefon xarab çıxmışdır. Bir dəfə-xx xxx 2019-cu il tarixdə servisdə təmir edilmişdir, lakin heç bir nəticə verməmişdir. İşləmədiyi üçün iddiaçı məcbur qalaraq həmin mobil telefonu 80 manata satmışdır. Halbuki mobil telefonun pulunu tam ödəmişdir. Göründüyü kimi mobil telefonla bağlı da iddiaçı maddi zərərə məruz qalmış və bu maddi zərər də ona ödənilməlidir. Məhkəmədən cavabdeh “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yerinə yetirilmiş ödənişlərin geri qaytarılması, kondisionerin quraşdırılması ilə bağlı ödənilmiş 110 manat məbləğində pulun tutulmasına, mobil telefonla bağlı ödənilmiş 480 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iddiaçının izahatını, çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş iş materiallarında olan: xx.xx.2018-ci il tarixli satıcı xxxxxxxxxxxxxxx ilə İddiaçı arasında bağlanmış N ******* saylı müqaviləyə əsasən Lenovo tab 48 slate model planşeti sonuncuya 638 manata 12 ay müddətinə ödəmək şərtilə satmışdır. xx.xx.2018-ci il tarixli zəmanət talonundan görünür ki, Star Elektroniks mağazasından bir ədəd Galanz markalı kondisioner almışdır. Zəmanət müddəti iki ildir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-yə müraciət edərək, aldığı GALANZ” markalı 1080 manat dəyərində kondisioner və Hisense markalı 480 manat dəyərində olan telefon üçün ona dəyən zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-dən müxtəlif vaxtlarda aldığı “GALANZ” markalı kondisioner və Hisense markalı telefonun keyfiyyətsiz olması səbəbilə bağlanmış müqavilələrin ləğv edilməsini və ona dəyən ziyanın ödənilməsini xahiş edir. Məhkəmədə ilk növbədə qeyd edir ki, mübahisələndirilən “GALANZ” markalı kondisioner və Hisense markalı telefonun “xxxxxxxxxxxxxxx” MMC-dən alğı-satqı müqaviləsi əsasında alınması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Sadəcə xx.xx.2018-ci il tarixli zəmanət talonu təqdim edilmişdir ki, həmin talonda malın Star Elektroniks mağazasından alındığı qeyd olunmuşdur. Bundan başqa iddiaçı təqdim etdiyi xx.xx.2018-ci il tarixli N ******* saylı müqaviləyə əsasən Lenovo tab 48 slate model planşeti 638 manata 12 ay müddətinə ödəmək şərtilə almışdır. Hazırki iş üzrə mübahisə isə Hisense markalı telefon ilə bağlıdır. İş materiallarında olan kassa məxaric orderindən də görünür ki, “xxxxxxxxxxxxxxx” MMC-yə N ******* saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 53 manat, xx.xx.2018-ci il tarixdə 140 manat, xx.xx.2018-ci il tarixdə 160 manat, xx.xx.2019-cu il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. (Lenovo tab 48 slate model planşeti üçün) Hər bir halda cavabdeh tərəfindən “GALANZ” markalı kondisioner və Hisense markalı telefonun “xxxxxxxxxxxxxxx” MMC-dən alğı-satqı müqaviləsi əsasında alınıb-alınması ilə əlaqədar sübutlar təqdim edilmədiyi, habelə qeyd olunan mallarda hansı qüsurların olması barədə mötəbər sübutlar (qüsur aktı və s.) təqdim edilmədiyi üçün məhkəmə satılan əmlaklar barədə mübahisəyə aşağıdakı qanunvericilik normalarına istinad etməklə iddia tələbinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı tələbində istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçının izahata istinad edərək, cavabdehin ona bağlanmış müqavilə üzrə maddi ziyan vurduğunu, bu səbəbdən də ondan bağlanmış müqavilənin ləğv edilməsini və pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 20-ci fəslində müqavilələrin ləğvinin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsində isə göstərilir ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə görə isə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə belə bir hal müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının öhdəliyin icrası ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən də “müqavilənin ləğvi və pul tələbi”nə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1856/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1856/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver