Məhkəmə qərarları › İş №2(005)-1871/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1871/2021

25.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1871/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Əmirxan oğlunun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 Əmirxan oğluna və Cavabdeh2 qarşı məhv edilmiş əmlakın əvvəlki vəziyyətinin bəpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh1 Əmirxan oğluna qarşı məhv edilmiş əmlakın əvvəlki vəziyyətinin bəpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinin üzərindəki 113,3 kv.m olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, qeyri- yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 Əmirxan oğluna həvalə edilməsi, cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində dəymiş 2 000 000 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə, həmçinin cavabdehin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.04.2004-cü il tarixli, 2-848/2004 saylı qətnaməsinə və digər hüquqmüəyyənedici sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinə və və həmin torpaq sahəsinin üzərində yerləşən 113,3 kv.m. tikilidən ibarət olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ 03.08.2004-cü il tarixdə, 02 №-li reyestr kitabında 29 səhifədə 513-a reyestr nömrəsi ilə qeydə alınmışdır. Mülkiyyətində olan həmin daşınmaz əmlaka dair 03.08.2004cü il tarixli, İNV. № 513, QEY. № 513-a olan texniki pasportda qeyd olunan əmlaka aid bütün ölçülər, texniki göstəricilər öz əksini tapmışdır.Lakin, buna baxmayaraq qeyd olunan qeyri-yaşayış sahəsi 14.02.2021 -ci il tarixdə gecə vaxtı cavabdehlər Cavabdeh1 və onun bu işə cəlb etdiyi digər şəxslər tərəfindən özbaşınalıq olunaraq sökülmüş, tikilidə olan bütün əşya və avadanlıqlar talan edilmişdir. Halbuki, ondan bir gün əvvəl, yəni 12.02.2021 -ci il tarixdə cavabdehə iddiaçı tərəfindən mülkiyyətində olan daşınmaz əmlakla bağlı bütün hüquqmüəyyənedici sənədlər göstərilmişdir. Cavabdeh tərəfindən və onun bu işə cəlb etdiyi digər şəxslər tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması üçün texnika vasitəsi ilə katlovan qazılır. İddiaçı hesab edir ki, cavabdehin özbaşınalığı nəticəsində dövlət tərəfindən qorunan iddiaçının mülkiyyət hüququ kobudçasına pozulmuş, həmçinin bu qanunsuz hərəkətlər nəticəsində iddiaçıya 2 000 000 manat məbləğində ziyan dəymişdir. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsini və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinin üzərindəki 113,3 kv.m olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, qeyri- yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 Əmirxan oğluna və Cavabdeh2 həvalə edilməsi, cavabdehlərin bu cür qanunsuz hərəkətləri nəticəsində dəymiş 2 000 000 manat zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə, həmçinin cavabdehlərin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Əmirxan oğlunun vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən iclasda iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. X7 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, sözügedən sahə daimə istifadə olunan yer olmuşdur və orada meyvə ağacları, hamam, mətbəx, sanitar qovşağı və oturacaq yerlər olmuşdur. 12 fevral tarixində gecə saatlarında X8 və Cavabdeh1 Əmirxan oğlu tərəfindən ərazidə söküntü işləri aparılmışdır. Bu barədə məlumatı 13 fevral tarixində saat 09600 radələrində almışdır. X6 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, sözügedən sahədə 4 otaq, hamam, sanitar qovşağı, mətbəx, hovuz, 110 meyvə ağacı, it və pişiklər üçün yuvalar olmuşdur. Sahədə yaşayış evi olmuşdur. Söküntü işləri aparılan zaman Cavabdeh1 Əmirxan oğluna evin sənədlərini təqdim etmişdir. Söküntü işləri aparılan zaman orda olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.04.2004-cü il tarixli 2-848/2004 saylı qətnaməsindən müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən evin 46, 48, 50, 51, 56 saylı mənzillərinin sahəsi 62,4 kv.m olan qaraj, 15,4 kv.m olan bağlı eyvan, 12,7 kv.m olan təsərrüfat otağı, 2.1 kv.m olan hamam və 1,9 kv.m olan sanitar qovşağı tikililəri ilə birlikdə mövcud vəziyyətinə uyğun olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində dəyişiklik edilməsi və həmin mənzillərə dair mənzillərin mövcud vəziyyətinə uyğun olaraq X4 adına texniki pasport verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 03 avqust 2004-cü il tarixdə verilmiş 513-a nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında tam payda X3 məxsusdur. Mülki işin araşdırılmış halları ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi, həmin ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi müəyyən edilmşdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin təqsirli əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən iddiaçı tərəfindən cavabdehlərdən maddi zərərin tutulması barədə iddiası təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı ona məhz cavabdehlər tərəfindən zərər vurulmasını sübuta yetirə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ona cavabdehlərin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hazırki işdə cavabdehlər Cavabdeh1 Əmirxan oğlu və Cavabdeh2 tərəfindən hər hansı hüquq pozuntusunun törədilməsinin təsdiq edilmədiyini nəzərə alaraq iddia tələbini maddi zərərin ödənilməsi və qeyri- yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi hissəsində əsassız hesab edir və onun təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər təqdim edə bilmədiyindən prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsi hissəsində də idaçıının ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 Əmirxan oğlu və Cavabdeh2 qarşı məhv edilmiş əmlakın əvvəlki vəziyyətinin bəpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar