Məhkəmə qərarları › İş №2(005)-1886/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1886/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1886/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və istehlakçı hüquqlarının pozulmasından vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli,010842160 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin Bərdə satış filialından xx.xx.2021-ci il tarixdə aldığı Samsung A525 Black 2** GB ***550801977 139 seriyalı mobil telefona görə ödədiyi 399 (üç yüz doxsan doqquz) manat pulun və hazırkı iddia tələbinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən həmin MMC-nin Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 25№-li satış filialından 1 ədəd Samsung A525 Black 2** GB ***5508019771139 seriyalı mobil telefon almışdır. Telefonun qiyməti 968 manat olmuş, ödəniş cədvəlinə əsasən bu məbləği 12 ay ərzində ödəməli, həm də ilk 11 ayda hər ayın 10-u günü 81 manat,12-ci ayda isə 77 manat ödəməklə 10 iyun 2022-ci il tarixdə ödəmə başa çatmalı idi. Müqavilənin imzalanıb telefonu aldığı gün ona həmin satış filialından xx.xx.2021-ci il tarixli X5 və həmin tarixli X3 da verilmiş, ilkin ödəniş olaraq 20 manat 90 qəpik, komissiya ödənişi olaraq 79 manat 10 qəpik, cəmi 100 manat alınmışdır. X2 görə isə xx.xx.2021-ci il tarixdə 99 manat ödəmişdir. Sonrakı aylarda xx.xx.2021-ci il tarixdə 100 manat,xx.xx.2021-ci il tarixdə isə daha 100 manat ödəniş etmişdir. Beləliklə də toplamda 399 manat ödəniş etmişdir. 2021-ci ilin iyul ayının son günlərində qəflətən telefonumun ekranında və korpusunda əyrilik hiss etmişəm və bu əyrilik hər gün artmışdır. Odur ki, 05.082021-ci il tarixdə növbəti aylıq ödənişi edərkən bu barədə “İrşad Elektronics’’MMC-nin Bərdə satış filialının rəhbərliyinə məlumat vermiş və telefonu onlara təqdim etmişdir. Orada aidiyyəti mütəxəssislər telefonu viziual yoxlayaraq ciddi defektlər, yəni onun ekranında və korpusunda adı gözlə də baxdıqda dərhal görünən əyrilik olduğunu təsdiqləmişlər. Odur ki, elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə telefonu təmir etmək adı ilə ondan təhvil götürmüş, bu zaman ona “Müştəri müraciəti № 000157668” saylı qəbz də vermişlər. Həmin qəbzdə də yazılmışdır ki, ’’məhsulda əyrilik var müştəri təmir olunmasını istəyir. Ekranı üzü üstə qoyanda əyrilik hiss oİunur. Ekranda əyrilik var”. Həmin qəbzdəki qeydiyyata görə telefonum təxmini olaraq 14 iş günü ərzində təmir edilərək, təmiri mümkün deyildirsə yenisi ilə dəyişdirilərək ona təhvil verilməli idi. xx.xx.2021-ci il tarixindən sonra mobil telefonunun aqibəti ilə maraqlanmaq üçün dəfələrlə Bərdə satış filialına gəlib-getmişdir. Hər dəfə ona bildirilib ki, gözlə, hələ bir xəbər yoxdur, telefonunu Bakı şəhərinə "xxxx"in Texniki servis mərkəzinə göndərmişik”. Nəhayət 2021-ci ilin sentyabr ayının sonlarında Bərdə satış filialında rəhbərlik tərəfindən telefonu təmir olunmamış vəziyyətdə özümə qaytarılmış və ona şifahi olaraq bildirilmişdir ki, “telefon sənin öz günahından xarab olub, qızmar günəş altında qoymusan” İddiaçı isə onlardan tələb etmişdir ki, bu barədə ona yazılı bildiriş versinlər. Filialın rəhbərliyi belə bildirişi verməkdən imtina edərək buna səlahiyyətləri olmadığını, heç kimə belə bildiriş vermədiklərini bəhanə edərək ona bildiriş, yaxud Texniki Servis mərkəzinin rəyini verməkdən imtina etdilər. Onun ödənişləri etməyəcəyi barədə xəbərdarlığından sonra 1 aya yaxın müddət isə Cavabdeh MMC-nin rəhbərliyi ilə danışacaqlarını, ona yeni telefon verəcəklərini vəd etsələr də bunu da etməmişlər. Cavabdeh "xxxx" MMC Bərdə satış filialı vasitəsi ilə 5 aydır ki, onu aldatmaqla, bununla da vaxt udmaqla məşğuldur, cavabdehin ona satdığı defektli telefonu, nə təmir etmək, nə onu yenisi ilə əvəzləmək, nə də ödədiyi 399 manat pulunu qaytarmaq məqsədi yoxdur. Cavabdehin ona verdiyi X6 və X3 müştərini aldatmaqla əlavə pul ələ keçirmək niyyəti ilə düşünülmüş adi bir kağız parçasıdır, bu talonlarda müştəriyə (konkret olaraq bu halda ona) satdıqları məhsulun sonradan defektli çıxarsa, onun defektli aksessuarlarını pulsuz dəyişdirmək, məhsulu təmir etmək, təmir mümkün deyilsə məhsulu dəyişdirib yenisini vermək və s. kimi cəlbedici vədlər nəzərdə tutulsa da, əslində bunlar aldadıcı vədlərdir. Hətta cavabdeh özünü o qədər məsuliyyətsiz və cavabdehlik daşımayacağına arxayın hiss edir ki, onun ünvanına bir neçə gün bundan əvvəl nömrəsiz, tarixsiz, möhürsüz və künc ştampsız hədələyici məzmunlu bildiriş-xəbərdarlıq göndərmişdir. Həmin bildirişxəbərdarlıqda göstərilir ki,”xx.xx.2021-ci il ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 768 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 1152 manat cərimə məbləği, 1920 manat borcu 10 (on) gün ərzində ödəməyiniz tələb olunur. Əks halda, barənizdə qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldırılacaqdır". Mobil telefonu guya qızmar günəş şüası altında saxlamağı səbəbindən onu xarab etməsi barədə cavabdehin Bərdə satış filialının rəhbərliyinin şifahi olaraq ona bildirdikləri tamamilə yalandır. İddiaçı bu telefonu heç vaxt günəş şüası altında saxlamamış, təxminən 1000 manat dəyəri olan bu telefonu o xarab etmək üçün deyil, işlətmək üçün almışdır. Telefon original olmadığı üçün cəmi 2 aydan da az işlədildikdən sonra xarab olmuşdur. Yuxarıda şərh etdiyi səbəblərdən cavabdehlə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və istehlakçı kimi pozulmuş hüquqlarımın bərpası, yəni ödədiyi 399 manatın cavabdeh alınaraq özünə qaytarılması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, aldığı telefon bir müddət istifadə etdikdən sonra əyilməyə başladı, təmir olunmasını ona təklif etsələr də bununla razılaşmamışdır. Hazırda ödədiyi pulun ona qaytarılmasını istəyir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Qüsur olduğu qeyd olunan mobil telefonun yenisi ilə əvəzlənməsi ilə də razılaşmır. iddiaçıya telefonun təmir olunması, qüsur aşkar olunduğu halda aradan qaldırılması təklif olunmuş, lakin buna etiraz etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, əşyanın nisyə alqısatqısına dair ödəniş cədvəlinə əsasən İddiaçı "xxxx" MMC-dən qiyməti 988.9 manat olan “Samsung A525 Black 256GB” markalı mobil telefonu almış və 12 ay müddətinə ayda 81 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC tərəfindən İddiaçı verilmiş X5dan görünür ki, “Samsung A525 Black 256GB” markalı mobil telefon üçün 1.İstehsalçı tərəfindən yaranmış qüsura; 2. İstehlakçı tərəfindən yaranmış qüsura (zədələnmə, su nüfuzu, ekran sınması və s.); 3. Batareya; 4. Ekran; 5. Aksessuarlar adapter, qulaqcıqlar, birləşdirici kabel. (İstehsalçı tərəfindən yaranmış qüsura) zəmanət verilmiş, təmir 20 gün ərzində icra edilir, bəzi ehtiyat hissələri çatışmadığı halda müddət 30 günə qədər uzadıla bilər; "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alqı-satqı müqaviləsi üzrə öhdəliyin 10 gün müddətində yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli müştəri müraciətinə əsasən İMEİ nömrəsi **********77139 olan “Samsung A525 Black 256GB” markalı mobil telefon təmir edilməsi üçün İddiaçı tərəfindən təhvil verilərkən telefonda “ekranda əyrilik var” qüsuru aşkar edilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC birlikdə alqı-satqı qiyməti 988.9 manat olan müqavilədə qeyd edilən əşyanı 12 manat ilkin ödəniş edilməklə İddiaçı nisyə satmağı, İddiaçı isə həmin əşyaları qəbul etməyi və 12 ay müddətinə hər ay 81 manat aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya "xxxx" MMC tərəfindən İddiaçı tam qüsursuz halda təhvil verilmişdir. Bundan sonra İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinin predmeti olan əşyada “ekranda əyrilik var” qüsurunun olmasını bildirərək təmir edilməsi üçün satıcıya təhvil verilmişdir. Məhkəməyə müraciət etməkdən əvvəl cavabdeh iddiaçıya müvafiq bildiriş göndərməklə 10 gün ərzində yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə iddiaçıya xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəməyə müraciət etmiş və müqavilənin ləğv edilməsini, "xxxx" MMC-yə hər hansı məbləğdə borcunun olmadığını bildirir və telefona görə ödədiyi 399 manat məbləğində pulu "xxxx" MMC-dən tələb edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinə istinadən iddia ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilənin predmeti olan əşyanın İddiaçı tərəfindən tam qüsursuz vəziyyətdə təhvil alınmış və əşyalarda mövcud olan qüsurlar İddiaçı təhvil verildikdən sonra yaranmışdır. Bu isə öz növbəsində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilə üzrə satıcı "xxxx" MMC tərəfindən öhdəsinə götürülmüş öhdəliklərin tam şəkildə icra edilməsini dəlalət edir. İddiaçı "xxxx" MMC-dən onun xeyrinə 399.00 manat məbləğində dəymiş ödəmiş olduğu pulun tutulmasını tələb etsə də, bu halları sübut edilməsi yükü iddiaçının üzərinə düşür. Hazırda iddaçının "xxxx" MMC-dən aldığı telefonun satıcıya qaytarılması tələbi olmadığı halda əşyanı almaq üçün ödədiyi pulun qaytarılması üçün əsas yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan telefonda gözlə görünən əyrilik aşkar olunmamışdır. Cavabdeh tərəf məhkəmə iclasında ididaçıya keyfiyyətli məhsul təslim etdiyini və buna dair təhvil verilmə aktının olmasını bildirdi. Məhkəmə hesab edir ki, iddiaçıya məhsul satılan istehlakçı hüquqlarına dair qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə görə, İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7-ci maddəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İşin hallarından aydın olur ki, iddiaçı aldığı telefonun qüsurlu vəziyyətdə olmasını qeyd etsə də, məsulun dəyişdirilməsi barədə satıcıya müraciət etməmiş, telefonun təmirinə razı olmamış, hazırda məhkəməyə ödədiyi pulun geri qaytarılması barədə iddia ərizəsi vermişdir. Digər tərəfdən, iddiaçı ona məhsulu alarkən qüsurlu məhsul verildiyinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 586.3-cü maddəsinin tələbinə görə, əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Həmin Məcəllənin 587.1.-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin -587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 587.5-ci maddəsinə görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğısatqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və istehlakçı hüquqlarının pozulmasından vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və istehlakçı hüquqlarının pozulmasından vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar