Məhkəmə qərarları › İş №2(105)-1354/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1354/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1354/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X2, Cavabdeh, onun nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi, nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(074)-918/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Kamaz 6520 yük markalı, **-RZ-*** dövlət nömrə nişanlı maşına dair bağlanmış 20 mart 2020-ci il tarixli nəqliyyat vasitəsinə dair ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəymiş zərərin əvəzi olaraq 5784 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı mülkiyyətində olan Kamaz 6520 yük markalı, **-RZ-*** dövlət nömrə nişanlı maşının Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi, nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iddia qaldıraraq onunla Cavabdeh arasında Kamaz 6520 yük markalı, **-RZ-*** dövlət nömrə nişanlı maşına dair bağlanmış 20 mart 2020-ci il tarixli nəqliyyat vasitəsinə dair ilkin alqısatqı müqaviləsinin ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 7000 (yeddi min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi və onun mülkiyyətində olan Kamaz 6520 yük markalı, **-RZ-*** dövlət nömrə nişanlı maşının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 20 mart 2020-ci il tarixdə özünə məxsus Kamaz 6520 yük markalı, **-RZ-*** dövlət nömrə nişanlı maşına dair “Nəqliyyat vasitəsinə dair ilkin alqı satqı müqaviləsi” bağlamışdır. Müqavilənin şərtlərinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 21700 (iyirmi bir min yeddi yüz) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş məbləği 15 ay müddətində hər ay 1446 (bir min dörd yüz qırx altı) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ilkin alqı-satqı müqaviləsi üzrə ilk iki ayın ödənişləri həyata keçirilsə də, qalan məbləğ indiyə qədər ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə 4 ayın ödənişləri həyata keçirilməmişdir ki, bu da ümumilikdə 5784 (beş min yeddi yüz səksən dörd) manat təşkil edir. Cavabdeh Kamaz 6520 yük markalı, **-RZ-*** dövlət nömrə nişanlı maşına dair 20 mart 2020-ci il tarixli “Nəqliyyat vasitəsinə dair ilkin alqı satqı müqaviləsi”nin şərtlərinə əməl etməyərək, aylıq ödənilməli olan məbləğləri ödəməmiş, bununla da iddiaçıya zərər vurmuşdur. Buna görə də aralarında bağlanmış müqavilə ləğv edilərək ona dəymiş zərər ödənilməli, ona məxsus nəqliyyat vasitəsi onun sahibliyinə qaytarılmalıdır. Cavabdeh iddiaçıya vurduğu zərərin məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulmuş bank faizləri ilə birlikdə 7000 (yeddi min) manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən sübutlar qiymətləndirilməmiş, iş üçün əhəmiyyəti olan hallar müəyyən edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəymiş zərərin əvəzi olaraq 5784 manat pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi, nəticədə iddiaçıya maddi zərər vurması ilə əsaslandırmışdır. İşdən göründüyü kimi Cavabdeh İddiaçı 2020-ci ilin mart ayında “Kamaz 6520” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dair ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtinə əsasən avtomobilin satış qiyməti 21700 manat, aylıq ödəniş 15 ay müddətinə 1446 manat müəyyən olunmuş, cavabdeh ilk iki ayın ödənişlərini etsə də, müqavilə üzrə dörd ayın ödənişlərini etmədiyindən, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, bu nəticə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Cavabdeh qətnamənin ləğvini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Mülki Məcəllənin 600.1. maddəsi). Mülki Məcəllənin 601.1. maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bu normaların mənasına görə tərəflər alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutula bilər ki, buna əşyaların nisyə satışı deyilir. Əşyaların qabaqcadan ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə düşdüyü halda, əşyaların nisyə satışında müqavilənin əsas şərti olan ödənilmədən qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi alıcının üzərinə düşür. Buna görə də əşyaların qabaqcadan ödənilməsini nəzərdə tutan müqavilənin ödənilmiş əşyanın verilməsi ilə bağlı pozuntulara görə satıcı üçün yaranmış əlverişsiz hüquqi nəticələr, əşyanın nisyə satılması haqqında müqavilənin ödənişsiz qəbul edilmiş əşyanın ödənilməsi ilə bağlı pozuntulara görə yaranan eyni əlverişsiz hüquqi nəticələr alıcının üzərinə düşür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1., 386.1. maddələri) Qeyd olunduğu kimi tərəflər arasında avtomobilin nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə tərəflər əşyanın qiyməti, ödəniş qaydası, müddətləri və məbləği haqqında mühüm şərtlər barəsində razılığa gəldikləri halda, ödənişin həyata keçirilməməsi səbəbindən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğvi və mübahisəli avtomobilin Cavabdeh alınması, həmçinin ödənilməmiş məbləğlərin ödənilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə müqaviləni ləğv etməklə həm mübahisəli avtomobilin, həm də ödənilməmiş məbləğin cavabdehdən alınmasına dair nəticəyə gəlmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, məhkəmə müqavilənin ləğvi və mübahisəli avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə düzgün nəticəyə gəlmiş olsa da, 5784 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, 20.03.2020-ci il tarixli ƏN-V № 186540 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı KAMAZ 6520 yük markalı, ban KAB 1958259, mühərrik 62329842, buraxiış ili 2006-cı il, dövlət nömrə nişanı ** RZ *** olan avtomobili Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququnu 7 ay 2 gün müddətinə etibar etmiş və “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən İddiaçı tərəfindən Cavabdeh KAMAZ 6520 yük markalı, ban KAB 1958259, mühərrik 62329842, buraxılış ili 2006-cı il, dövlət nömrə nişanı ** RZ *** olan avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş 20.03.2020-ci il tarixli ƏN-V № 186540 saylı etibarnaməyə 08 iyun 2020-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi iddiaçı müqavilə bağlanan gün Cavabdeh 7 ay 2 gün (20.03.2020- 22.10.2020-ci ilədək) müddətinə etibarnamə vermiş və həmin etibarnaməni 08 iyun 2020ci il tarixdə ləğv etdirmişdir. Lakin iddia tələbi ilə məhkəməyə 21.09.2020-ci il tarixdə müraciət etmişdir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (Mülki Məcəllənin 600.4. maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından məhkəmə kollegiyası qeyd edir ki, nisyə alqı-satqı müqaviləsinin şərtlərinə riayət olunmadıqda, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etməli olduğu halda, iddiaçı avtomobilin qaytarılması ilə yanaşı həm də etibarnaməni ləğv etdirməklə ödənilməmiş pulu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olmayaraq avtomobilin geri qaytarılması ilə yanaşı, həmçinin məbləğin ödənilməsi barədə nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə işin şərh olunan hallarında düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə bu hissədə səhv nəticəyə gələrək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi dəymiş zərərin əvəzi olaraq 5784 manatın ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi dəymiş zərərin əvəzi olaraq 5784 manatın ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi dəymiş zərərin əvəzi olaraq 5784 manatın ödənilməsi hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilməyən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar