Məhkəmə qərarları › İş №2(105)-3618/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3618/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3618/2021 29.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 7204.82 manat əsas borc, 200 manat dəbbə pulu olmaqla, cəmi 7404.82 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “Mətanət A” şirkətininin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı “Mətanət A” şirkəti Cavabdeh qarşı «borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 7204.82 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 7204,82 manat penya və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 14409,64 manat cavabdehdən alınaraq “Mətanət A” şirkətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “Mətanət A” şirkəti arasında bağlanmış 9/20 saylı, 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 06.01.2020-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, lakin indiyədək 7204,82 (yeddi min iki yüz dörd) manat 82 (səksən iki) qəpik borc qalığını ödəməmişdir. Son ödəniş tarixi 07.12.2020-ci ildə hesablanıb. Cavabdehin 7204.82 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 7204,82 manat penya olmaqla, cəmi 14379,64 manat borcu vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya borcu vardır, lakin 7204 manat deyil, az məbləğdədir. Həmin borcu ödəyəcəyinə söz vermiş və əlavə olaraq göstərmişdir ki, işlədiyi bazar yandığına görə ziyana düşmüşdür. Ona görə də hazırda borcu ödəyə bilmir, ona dəyən ziyanla, yəni bazarın yanması ilə əlaqədar məhkəmə prosesi gedir və ona dəyən ziyan həmin məhkəmə prosesinin sonunda ödənilərsə iddiaçıya olan həmin borcunu ödəyəcək. İddiaçı tərəf onunla razılaşsa da, məhkəməyə müraciət edib və qətnamə çıxarılıb. Həmin qətnamə ilə onlan əlavə olaraq 200 manat da dəbbə pulu tutulması qət olunub. Həmin dəbbə pulu ona əsassız yerə hesablanıb və ümumi məbləğdən çıxarılmalıdır, çünki o, borcu ödəməkdən yayınmır. Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(060)-5719/2021 saylı qətnaməsində dəyişiklik olunması, əsas məbləğin dəqiqləşməsi ilə dəbbə pulunun ümumi ziyandan çıxarılmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi F.M.Əliyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya borcun tərəflər arasında alqı-satqı müqaviləsinin olmasına və iddiaçıya vaxtında qaytarılmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan müqavilələrdən görünür ki, Cavabdeh ilə bağladığı 06.01.2020-ci il tarixli müqaviləyə əsasən, aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 06.01.2020-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, 7204 (yeddi min iki yüz dörd) manat 82 (səksən iki) qəpik borc qalığını ödəməmişdir. İşdə olan 05.05.2020-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı “Mətanət A” şirkəti tərəfindən borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı “Mətanət A” şirkətinə 7204.82 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarına əsasən, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbindən göründüyü kimi, cavabdehdən eyni zamanda 9/20 saylı, 06.01.2020ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 200 gün ərzində gecikdirmənin hər gününə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 7204,82 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 06.01.2020-ci il tarixli müqaviləyə əsasən, 200 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir və bu hissədə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası iclası zamanı Cavabdeh iddiaçı təşkilata borcun olmasını etiraf etmiş, lakin maddi imkanı ağır olduğu üçün həmin borcun hazırda qaytara bilməməsini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 04 avqust 2021-ci il tarixli 2(060)-5719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar