Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5719/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əsədov Naib Abdulvahab oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Mətanət A” şirkətinin Cavabdeh qarşı «borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Mətanət A” şirkəti Cavabdeh qarşı «borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 7204.82 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 7204,82 manat penya və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 14409,64 manat Cavabdeh alınaraq “Mətanət A” şirkətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh ilə “Mətanət A” şirkəti arasında bağlanmış 9/20 saylı, 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 06.01.2020-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, lakin indiyədək 7204,82(yeddi min iki yüz dörd manat, 82 qəp) manat borc qalığını ödəməmişdir. Son ödəniş tarixi 07.12.2020-ci ildə hesablanıb. Cavabdehin 7204.82 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 7204,82 manat penya olmaqla, cəmi 14379,64 manat borcu vardır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, onun iddiaçıya borcu var. Onun işlədiyi bazar yandığına görə o, ziyana düşmüş, ona görə də borcunu ödəyə bilməmişdir. O, bu barədə iddiaçıya məlumat vermişdir. Hazırda ona dəymiş ziyanla bağlı məhkəmə mübahisəsi gedir. Həmin pul ona ödəniləndə, iddiaçıya olan borcunu ödəyəcəkdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan müqavilələrdən görünür ki, Cavabdeh bağladığı 06.01.2020-ci il tarixli müqaviləyə əsasən, aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 06.01.2020-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, 7204,82(yeddi min iki yüz dörd manat, 82 qəp) manat borc qalığını ödəməmişdir. İş materiallarında olan 05.05.2020-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı “Mətanət A” şirkəti tərəfindən borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı “Mətanət A” şirkətinə 7204.82 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1 maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarına əsasən, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda 9/20 saylı, 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 200 gün ərzində gecikdirmənin hər gününə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 7204,82 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 06.01.2020-ci il tarixli müqaviləyə əsasən, 200 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7204.82 manat əsas borc, 200 manat dəbbə pulu olmaqla, cəmi 7404.82 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı “Mətanət A” şirkətininin xeyrinə tutulmalı və qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7204.82 manat əsas borc, 200 manat dəbbə pulu olmaqla, cəmi 7404.82 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı “Mətanət A” şirkətininin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5719/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5719/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver