Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1903/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 25 iyun 2015-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 60 ay müddətinə 18700 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şənlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08 fevral 2021-dək Cavabdeh banka 25 iyun 2015-cü il tarixli kredit müqaviləsi üzrə 18402.49 ABŞ dolları əsas borc, 19522.4 ABŞ dolları faiz borcu, 2075.4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25 iyun 2020 il tarixdən, 08 fevral 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 568.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 40568.94 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 25 iyun 2015 il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd ediləlnəri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 25 iyun 2015-cü il tarixli kredit müqaviləsi üzrə 18402.49 ABŞ dolları əsas borc, 19522.4 ABŞ dolları faiz borcu , 2075.4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25 iyun 2020 il tarixdən, 08 fevral 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 568.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 40568.94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə «xxxx» ASC arasında bağlanmış 25.06.2015-ci il tarixli 23-M-2-0-329-15 saylı kredit müqaviləsinə əsasən borcluya 18700 ABŞ dolları məbləğində 60 ay müddətinə, 22 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan «xxxx» ASC-nin ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 400 ABŞ dolları məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı «xxxx» ASC-nin kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 18700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh oğluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank 25.06.2015-ci il tarixli 23-M-2-0-329-15 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 08.02.2021-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 25.06.2015-ci il tarixli 23-M-2-0-329-15 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 18402,49 ABŞ dolları əsas, 19522,04 ABŞ dolları faiz borcu, 2075,4 ABŞ dolları dəbbə pulu, 568,65 ABŞ dolları əldən çıxmış faydaya görə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsas və faiz borcu hissəsində təmin edilməli, Cavabdeh 18402,49 ABŞ dolları əsas borc, 19522,4 ABŞ dolları faiz, 568,65 ABŞ dolları 5% ilə hesablanmış əldən çıxmış fayda borcu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə 18402,49 ABŞ dolları əsas borc üzrə 2075,4 ABŞ dolları, məbləğində cərimənin hesablanmasını tənəsübsüz surətdə yüksək hesab edir və onun 100 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 18402.49 ABŞ dolları əsas borc, 19522.4 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 568.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda, ümumilikdə 38593,54 (otuz səkkiz min beş yüz doxsan üç dollar, 54 sent) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1903/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1903/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver