Məhkəmə qərarları › İş №2(005)-1904/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1904/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1904/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1623 AZN əsas borc, 288.28 AZN faiz borcu və 99.27 AZN cərimə borcu olmaqla ümumilikdə, cəmi 2010.55 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və 01 sentyabr 2020-ci il tarixli, 13-0***-******* №-li kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh 01 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 39 faizlə 18 ay müddətinə 1623 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 1083 №-li 10 may 2018-ci il tarixli 004 №-İi müqaviləyə 10 sentyabr 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ '‘xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il fevralın 15dək Cavabdeh banka 01 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1623 AZN əsas borc, 288.28 AZN faiz borcu və 99.27 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 2010.55 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək, borcunu ödəmək üçün vaxt lazım olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, bankdan götürdüyü krediti özü üçün xərcləməmişdir, həmin məbləği iş yoldaşına vermişdir, buna görə də kredit borcunu ödəmək öhdəliyi daşımır, 01 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə pulu verdiyi şəxs borcu öədəməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 39 faizlə 18 ay müddətinə 1623 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 1083 №-li 10 may 2018-ci il tarixli 004 №-İi müqaviləyə 10 sentyabr 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ '‘xxxx” İKB ASC-yə ötürülmüşdür. Cavabdeh ilə“FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış 01.09.2020-ci il tarixli, 13-0***-******* nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh 01.10.2020-ci il tarixdən 01.02.2022-ci il tarixədək (sonuncu ay 120,64) hər ay 120,51 manat ödəməli idi; 01.09.2020-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, 1623 (bir min altı yüz iyirmi üç) manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir; 15.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.09.2020-ci il tarixli, 13- 0***-******* saylı kredit müqaviləsi üzrə 15.02.2021-ci il tarixinə 1623 manat məbləğində əsas, 288,28 məbləğində faiz borcu, 99,27 manat cərimə borcu, ümumilikdə 2010,55 AZN məbləğində borcu yaranmışdır; İş materiallarına əlavə edilmiş 04.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 5 gün ərzində yaranmış borcun ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; İş materiallarına əlavə edilmiş 16.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 01.09.2020-ci il tarixli, 13-0***-******* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə illik 39% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1623 (bir min altı yüz iyirmi üç) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh 01.09.2020-ci il tarixli, 13-0***-******* saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka 1623 manat məbləğində əsas, 288,28 məbləğində faiz borcu, 99,27 manat cərimə borcu, ümumilikdə 2010,55 manat məbləğində borcu qalmışdır. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 01.09.2020-ci il tarixli, 13-0***-******* nömrəli kredit müqavilənin icra müddəti bitməmiş, iddiaçı müqavilənin ləğv olunmasını xahiş edir. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 01.09.2020-ci il tarixli, 13-0***-******* nömrəli kredit müqaviləsi 7.1.1 və 7.1.2-ci maddəsinin tələbinə görə kreditor verdiyi krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 01.09.2020-ci il tarixli müqavilə üzrə yaranmış cəmi 1623 manat məbləğində əsas borc və 288,28 manat faiz borcu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 99,27 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, 01.09.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 99,27 manat dəbbə borcu əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 50 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 01.09.2020-ci il tarixli, 13-0***-******* nömrəli kredit müqaviləsi ləğv edilərək, 15.02.2021-ci il tarixə 1623 manat məbləğində əsas, 288,28 məbləğində faiz borcu, 50 manat cərimə borcu, ümumilikdə 1961,28 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 01.09.2020-ci il tarixli, 13-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 1623 (bir min altı yüz iyirmi üç) manat məbləğində əsas, 288,28 (iki yüz səksən səkkiz manat, iyirmi səkkiz qəpik) məbləğində faiz borcu, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 1961,28 (bir min doqquz yüz altmış bir manat, iyirmi səkkiz qəpik) AZN və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar