Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-192/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2670/2023 sayılı qətnaməsinə əsasən, təyin edilmiş 220 manat alimentin tutulma qaydasının dəyişdirilərək hər ay əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması, və ya 400 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 61 manat pulun Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdeh X7 övladları X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2000 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2670/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə aralarında olan xx.xx.2014-cü il tarixli, 738 nömrəli akt qeydi ilə olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X8 iddiaçının himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki iqtisadi çətinliklər dövründə cavabdehin ödədiyi 220 manat aliment yetərincə deyildir. Uşağın bütün maddi xərcləri iddiaçı tərəfindən ödənilir, lakin maddi imkanı zəif olduğundan uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh Almaniya Federativ Respublikası, Dortmund şəhərində yerləşən “Agaplesion Elisabethenstift GmbH” Klinikasında həkim- Assistant vəzifəsində işləyir və aylıq sabit maaşı 8039,94 euro təşkil etməkdədir. Cavabdehin xeyli dərəcədə gəliri olmasına baxmayaraq, övladının qeydinə qalmır, onun təhsili, səhhəti və digər xərcləri ilə maraqlanmır. Uşağının ehtiyacları üçün pul tələb etdikdə, cavabdeh daima iddiaçını təhqir edir, bir ata kimi üzərinə düşən öhdəliklərdən müxtəlif bəhanələrlə yayınmağa çalışır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin 600-700 manat sabit pul məbləğində tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 220 manat aliment pulunu vaxtlı-vaxtında iddiaçı Alimetova-X2 hesabına ödədiyini, hətta bundan başqa qızı Alimetova Aylanın bağçası üçün 400 manat, rəqs qrupunda iştirakı üçün hər ay 40 manat, gimnastika və rəqs qrupunda da iştirakı üçün hər ay 90 manat əlavə pul ödədiyini, əksər hallarda bayram və ad günlərində əlavə olaraq 200-250 manat pul xərclədiyini, bundan əlavə sirk, teatr, tibbi və geyim xərclərini də iddiaçı tərəfə ödədiyini təsdiq etmişdir. Hazırda Cavabdeh Almaniyada rezidentura təhsili alır, eyni zamanda Almaniya vətəndaşıdır və onun Almaniya vətəndaşı kimi hər hansı formada aylıq gəlirlərindən tutulmalar onun hər ay 600-700 manat məbləğindən artıq aliment pulu ödəməsini istisna edir. Bundan başqa Cavabdeh 2024-cü ildə X5 ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir və bir övladları dünyaya gəlmişdir. Bu halın onun ümumi maddi vəziyyətinə və öhdəliklərin yerinə yetirməsinə təsir etdiyi məlumdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, Almaniya qanunvericiliyinə əsasən, ər-arvadın bir-birlərinin gəlirləri barədə məlumat almaq hüququ yoxdur, bu səbəbdən hazırda Cavabdeh qazancı barədə yazılı sübut təqdim etməyi qeyri-mümkündür. Lakin cavabdehin tutduğu vəzifəyə və işlədiyi tibb müəssisəsinə müvafiq olaraq, onun aylıq sabit maaşının 8000-9000 avrodan aşağı olmadığı qənaətinə gəlmək olar. Cavabdeh əvvəlcə övladını onun razılığını almadan 3-4 ay “Nord kids” uşaq bağçasına göndərmiş, aralarında hər mübahisə yarandıqda Cavabdeh yenə onun fikrini öyrənmədən uşağı bağçadan çıxarmışdır. Elə vaxtlar olmuşdur ki, övladları Alimetova Ayla aylarla bağçaya getməmişdir. Ən son cavabdehin seçimi ilə 2025-ci ilin avqust ayından övladı “Bilik Açarı” uşaq bağçasına getməyə başlamışdır. Başqa zaman cavabdeh övladı ilə maraqlanmadığı halda, məhkəmə iclaslarına bir neçə gün qalmış atası uşağı bağçaya, tibbi müayinəyə, tamaşalara yollamış, hədiyyələr almışdır. O, cavabdehin təklif etdiyi aylıq 600-700 manat məbləğlə razılaşmır. Onun uşağın bağçasına, rəqsinə, digər xərclərinə verdiyi pulları da qəbul etmir. Belə ki, bağçanı cavabdeh özü tapıb onun razılığı olmadan ora qoymuşdur. Həmin pulu ona versə idi uşaq üçün daha səmərəli istifadə edə bilərdi. Uşağa geyim və hədiyyələr də onun razılığı olmadan, cavabdehin öz təşəbbüsü ilə alınmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 220 manat məbləğində aliment hər ay vaxtında bütöv şəkildə ödənilirdi. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, uşaq üçün aylıq 220 manat aliment vaxtında verilməklə yanaşı, Cavabdeh tərəfindən əlavə xərclər, bağçasına, rəqsinə, geyiminə, əyləncəsinə də əlavə pullar ödənilmişdir. Cavabdeh hazırda Almaniyada yaşayır və rezidentura təhsili alır. İddia tələbinin qismən, 600-700 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2670/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X8 anasının himayəsində saxlanılması və iddiaçı Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir; - Nikahın pozulması haqqında AZ-İ seriyalı, 480154 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir; - xx.xx.2021-ci il tarixli iştirak serifikatından və xx.xx.2021-ci il tarixli transkriptdən görünür ki, Cavabdeh “Agaplesion Elisabethenstift GmbH”-də (Psixiatriya və Psixoterapiya Klinikasında) həkim-assistent kimi işləmişdir; - xx.xx.2025-ci il tarixli X14 Sığorta Fondunun məlumatından görünür ki, Cavabdeh “Agaplesion Elisabethenstift GmbH”-də (Psixiatriya və Psixoterapiya Klinikasında) işləyir; - xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər keçərli olan həkimlərin əmək haqqı cədvəlindən görünür ki, həkim-assistent stajın 1-ci ilində 5626,91 euro, 2-ci ilində 5945,86 euro, 3-cü ilində 6173,67 euro..., həkim-mütəxəssis stajın 1-ci ilində 7426,63 euro, 4-cü ilində 8049,32 euro, 7-ci ilində 8596,06 euro-ya yaxın maaş almaqdadır; - Doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X5 və Cavabdeh xx.xx.2025-ci il tarixdə Darmştadt şəhərində Alimetov Narin adlı uşaqları dünyaya gəlmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xərci 60 manat İddiaçı tərəfindən ödənilmişdir. Avtomobil qəzasından sonra xəstəxana və əlavə xərclər üçün xx.xx.2025-ci ildə 700 manat, xx.xx.2025-ci ildə 300 manat və 115 manat olmaqla, ümumilikdə 1115 manat məbləğində pul Cavabdeh tərəfindən ödənilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X15 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2670/2023 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq ananın himayəsinə verilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı ödənilən alimentin uşağın saxlanması üçün kifayət etmədiyini və cavabdehin gəlirlərinin yüksək olduğunu əsas gətirərək alimentin 2000 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh isə həmin məbləğin yüksək olduğunu bildirərək, iddianın 600-700 manat aliment tutulması hissəsində təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi, habelə aliment ödəyən şəxsin gəlirlərinin artması tərəflərin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə qeyd edir ki, cavabdehin gəlirlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tapşırığı verilmiş, lakin almaniya qanunvericiliyinin tələblərinə uyğun olaraq, Cavabdeh “Agaplesion Elisabethenstift GmbH”də (Psixiatriya və Psixoterapiya Klinikasında) hansı ixtisas dərəcəli həkim vəzifəsində çalışması və əldə etdiyi gəlirlər barədə birbaşa məlumatın əldə olunması mümkün olmasa da, xx.xx.2021-ci il tarixli iştirak sertifikatı və xx.xx.2021-ci il tarixli transkript onun 2021-ci ildə həmin klinikada həkimassistent kimi fəaliyyət göstərdiyini, xx.xx.2025-ci il tarixli X14 Sığorta Fondunun məlumatı isə hazırda da həmin tibb müəssisəsində çalışmaqda davam etdiyini təsdiq edir. Həkimlərin əmək haqqı üzrə nümunəvi göstəricilər nəzərdən keçirildikdə, Almaniyada ixtisas dərəcəsi və ya iş stajı artdıqca həkimin əmək haqqının da mütənasib şəkildə yüksəldiyi müəyyən olunur. Bu baxımdan, Cavabdeh 2021-ci ildən etibarən ya həkim ixtisas səviyyəsinin yüksəlməsi, ya da eyni vəzifədə iş stajının artması onun maddi vəziyyətində dəyişiklik baş verdiyini göstərir. Eyni zamanda, göstərilən cədvəlin məzmunundan həkimlərin aylıq əmək haqqının 5000 avrodan az olmadığı da aşkardır. Qeyd olunmalıdır ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyildir. Uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalıdır. Bu baxımdan hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün tədbirlər görülməli, həmçinin konkret iş üzrə yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edilən halları və Cavabdeh xarici ölkədə təxmini gəlirlərini, uşağın əvvəlki təminat səviyyəsinin maksimum qorunub saxlannmasının zəruriliyini nəzərə alaraq, hazırkı vəziyyətdə alimentin məbləğinin artırılaraq X1 üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 3,75 misli həddində müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.11-1-ci maddəsinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. İddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 30 manat, xx.xx.2024-cü ildə 75 manat, xx.xx.2024-cü ildə 45 manat, xx.xx.2024-cü ildə 90 manat, 35 manat, 44 manat, xx.xx.2024-cü ildə 150 manat, xx.xx.2025-ci ildə 35 manat, 06 may 2025-ci ildə 115 manat, 300 manat, 19 may 2025-ci ildə 100 manat, 7 iyun 2025-ci ildə 200 manat, 11 iyun 2025-ci ildə 50 manat, xx.xx.2025-ci ildə 420 manat, 22 iyun 2025-ci ildə 100 manat, 29 iyun 2025-ci ildə 20 manat, 5 iyul 2025-ci ildə 200 manat, 20 oktyabr 2025-ci ildə 50 manat, 04 noyabr 2025-ci ildə 10 manat, 05 noyabr 2025-ci ildə 18,40 manat, 03 dekabr 2025-ci ildə 120 manat, 65 manat, 06 dekabr 2025-ci ildə 20 manat, 08 dekabr 2025-ci ildə 1000 manat, 500 manat, olmaqla, cəmi 4292,4 manat pul iddiaçının kart hesabına köçürülmüşdür. Həmçinin məhkəmə iclasında iddiaçı uşağın avqust ayından davamlı bağçaya getdiyini, hər ay cavabdeh tərəfindən 450 manata yaxın pul ödənildiyini qəbul etmiş, əvvəlki dövrlərdə isə onun etiraz etdiyini, fasilələrlə bağçaya getdiyini, cavabdehin aylarla ödəniş emədiyindən bağçadan qaldığını, cavabdehin özü tərəfindən öz istədiyi bağçaya onun razılığı olmadan göndərildiyini bildirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci tarixdə 450 manat, xx.xx.2025-ci il tarixdə 450 manat, xx.xx.2025ci il tarixdə 450 manat, xx.xx.2025-ci il tarixdə 450 manat, xx.xx.2025-ci il tarixdə 450 manat, xx.xx.2025-ci il tarixdə 60 manat, xx.xx.2026-cı il tarixdə 490 manat bağça, 1115 manat avtomobil qəzasından sonra xəstəxana və əlavə xərclər üçün ödənilmiş pul olmaqla, cəmi 4365 manat, ümumilikdə isə 8700 manata yaxın (8657,4 manat) pul ödənilmişdir. Digər xərclərə münasibətdə isə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən X10 hədiyyələr, tamaşa biletləri, dərman preparatları, müxtəlif çeşiddə geyim, aksessuar, oyun məhsulları və gigiyenik vasitələr və s. üçün xərclər valideynin şəxsi təşəbbüsü ilə çəkildiyindən və uşaq himayəsinə verilmiş ananın razılığının alınmasını təsdiq edən sübut təqdim edilmədiyindən, həmin xərclər ödəniləcək aliment məbləğindən çıxılmamalıdır. Bir sıra qəbzlər isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 220 manat alimentin ödənilməsi ilə bağlıdır. Məhkəmə cavabdeh tərəfindən uşağın saxlanılması ilə bağlı müxtəlif tarixlərdə çoxsaylı ödənişlər edildiyini, cavabdehin mübahisəli dövr ərzində uşağın təminatında faktiki iştirak etdiyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının xx.xx.2025-ci il tarixdən hesablanması ağlabatan və məqsədə müvafiqdir. Həmçinin aliment borcu icra qaydasında hesablanarkən qətnamə ilə hər ay ödənilmiş 220 manat aliment məbləğləri də ümumi borcdan çıxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2670/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 3,75 misli həddində aliment (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2670/2023 saylı qətnaməsi nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2670/2023 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 3,75 misli həddində aliment (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2670/2023 saylı qətnaməsi nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-192/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-192/2025
23.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver