Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1931/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 12800 manat borc pulun və 500 manat faiz pulunun, cavabdeh X1 800 manat məbləğində borc pulun, cavabdeh X4 1750 manat borc pulun, Cavabdeh2 90 manat məbləğində borc pulun, cəmi 15940 manatın, eləcə də tərəfindən ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun paylarına uyğun cavabdehlərdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X2 Cavabdeh3 ilə əvəz edilməsini, eləcə də X5 cavabdehlər sırasından çıxarılaraq Cavabdeh2 1750 manat və 90 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il tarixdən ailəvi yaxın tanıdığı, aralarında mehriban münasibətləri olan Cavabdeh1, anası X3, qardaşı Cavabdeh2 və atası X8 onlara olan inamından sui istifadə edərək borc adı ilə ondan 15440 manat məbləğində pul almış, ancaq vəd etdikləri müddətdə geri qaytarmamışlar. Dəfələrlə pullarını onlardan tələb etsə də, qaytaracaqlarını vəd edib, ancaq qaytarmamışlar. Aldadıldığını, pulunu geri ala bilməyəcəyini anladıqdan sonra şikayət ərizəsi ilə Nərimanov RPİ-yə müraciət edib göstərib ki, 2021-ci ilin oktyabr ayında cavabdeh Əhmədova Səringül ona deyib ki, bir nəfərdən faizlə borc götürüb, ancaq borcunu qaytara bilmir. Faiz artdıqca durumu da ağırlaşır. Ondan 1100 manat məbləğində borc pul istəyərək deyib ki, “borcumu ödəyim,faizdən çıxım, sonra pulunu sən tələb edəndə qaytaracam”. Səringülə inandığı üçün istədiyi 1100 manat məbləğində pulu ona borc olaraq verib. Ancaq sonradan tələb edəndə bu pulu Səringül ona qaytarmayıb. Çox çətinliklə 300 manat ondan ala bilib, qalan 800 manatı verməyib. 13 dekabr 2021-ci il tarixdə Səringülün oğlu Cavabdeh1 ona inamından sui istifadə edib aralarında notarial qaydada borc müqaviləsi bağlamaqla 10000 manat məbləğində ondan borc pul alıb. xx.xx.2022-ci il tarixdə bu borcunu ödəyəcəyini müqavilə ilə öhdəsinə götürmüşdü. Ancaq vaxtı gələndə öhdəliyinə əməl etmədi. Bu günə qədər bir manat belə ona qaytarmamış, hər istəyəndə verəcəyini deyib, ancaq verməyib. Daha sonra Seymur evini satıb borclarını ödəyəcəyini vəd verməklə ondan yenə borc pul istədi. O, kartından öz kartına köçürmək yolu ilə 15 iyul 2022-ci il tarixdə ondan 850 manat məbləğində, 01 avqust 2022-ci tarixdə 300 manat, 14 avqust 2022-ci il tarixdə 150 manat, 24 avqust 2022-ci il tarixdə 1200, 12 oktyabr 2022-ci il tarixdə 300 manat cəmi 2800 manat məbləğində ondan borc pul alıb. Ancaq bu pulları da qaytarmayıb. Hazırda Seymur cəmi 12800 manat ona borcludur. Bundan bir müddət sonra Səringülün həyat yoldaşı Əhmədov Yusub ona zəng edib deyib ki, oğlu Əmrah tutulub 1750 manat pul lazımdır. O bu qədər məbləği ona borc kimi verməsini xahiş edib. Əlavə olaraq deyib ki, “sən bu 1750 manatı ver, sonra mən evimi satıb Səringülün və Seymurun da borcları daxil olmaqla sənə olan bütün borclarımızı bir ay müddətində ödəyəcəm”. Ona inandığı üçün razılaşdıb. Sonra oğlu Seymur 5 oktyabr 2022-ci il tarixdə gəlib kartını aparıb 1750 manatı çıxarıb aparıb. Bundan bir həftə sonra 12 oktyabr 2022-ci ildə Səringülün oğlu Əmrah ona zəng edib 90 manat borc pul istəyib. Kartından 90 manat Əmrahın kartına pul göndərib. Ancaq sonra geri qaytarmayıb. Beləcə Səringül, həyat yoldaşı Yusub və oğlanları Seymurla Əmrah onun onlara olan inamından sui-istifadə edərək üst-üstə ondan 15440 manat məbləğində borc adı ilə pul almışlar, ancaq geri qaytarmamışlar. Həmin pulları ev almaq üçun yığırmış. Cavabdehlərlə mehriban münasibətləri olduğundan bilirdilər ki, onda bu qədər pul var. Ürəyinin açıqlığından istifadə edib pulunu hissə-hissə borc adına alıb indi geri qaytarmırlar. Onlara pulunu qaytarmasalar polisə verəcəyini deyəndə, ona deyirmişlər ki əgər onları polisə, məhkəməyə versə onu şantaj edib, biabır edəcəklər. Ona hədə qorxu gəlirmişlər. Cavabdehlərin ona qarşı davranışlarından anlayıb ki,bu adamlar onu aldadıb pullarını borc adına alıblar və öz xoşlarına qaytarmayacaqlar. Odur ki,məcbur olub Nərimanov RPİ-nə şikayət ərizəsi ilə müraciət edib. Sonuncu iş üzrə cinayət işi başlanmasının rədd edilməsi qərarı çıxarıb. Qərardan göründüyü kimi Seymur, Səringül 15 min manat aldıqlarını etiraf edirlər. Cavabdehlər əlavə 440 manat da ona borcludurlar Cavabdeh1 ondan müqavilə ilə aldığı 10 000 manat məbləğində pulu ödəmə müddətini (xx.xx.2022-ci il) bir ildən artıq uzatdığı üçün qanunauyğun olaraq həmin məbləğin 5 faizi miqdarında onun xeyrinə illik 5 faiz həcmində, yəni borcu ilə birlikdə əlavə 500 manat da faiz ödəməlidir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə iddiaçıya 12800 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə iddiaçıya 1250 manat və 90 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə iddiaçıya 800 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraf ərizəsinə uyğun izahat verərək 12800 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 etiraf ərizəsinə uyğun izahat verərək 800 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 1750 manat borcundan 500 manatını ödədiyini, cəmi 1340 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, cavabdehlərin etiraf ərizələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri 52 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh1 10000 manat məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər; xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 10000 manat pul kredit müqaviləsi üzrə təhvil verilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Bank çıxarışlarından görünür ki, 15 iyul 2022-ci il-12 oktyabr 2022-ci il tarixlərində 850, 300, 1200, 150, 90, 300 manat məbləğində pul köçürülmüşdür; Ödəniş qəbzlərindən görünür ki, İddiaçı hesabına xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində 300 və 200 manat olmaqla, cəmi 500 manat pul köçürülmüşdür. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixində iddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən “borc verən” İddiaçı “borclu” Cavabdeh1 10000 manat məbləğində borc verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu müvafiq olaraq xx.xx.2022-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh1 on min manatdan əlavə 2800 manat pul aldığını, cəmi 12800 manat borcunun olduğunu qəbul etmişdir. Digər Cavabdeh3 iddiaçıya 800 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh2 isə iddia tələbini qismən etiraf edərək iddiaçıya cəmi 1340 manat borcunun olduğunu etiraf etmiş, 500 manatını isə ödəməsi barədə qəbzlər təqdim etmişdir. Hazırda iddiaçı iddia ərizəsində göstərdiyi məbləğlərin cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə uyğun olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yazılı ərizələr verərək öz borclarını etiraf etdiklərindən, iddiaçı müvafiq borcların olduğunu sübut etmək vəzifəsindən azaddır. Məhkəmə tərəfindən həmin etirafların qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin borcun etirafı haqqında ərizəsi qəbul edilməli və iddia Cavabdeh1 12800 manat pulun, Cavabdeh3 800 manat pulun tutulması hissəsində təmin edilməlidir. İddia tələbinin Cavabdeh1 gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 500 manat pulun tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-Cavabdeh1 borc müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, Cavabdeh1 əsas borcla (12800 manat) yanaşı, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 500 manat məbləğində pul da tutulmalıdır. İddia tələbinin digər cavabdeh X4 1750 manat və 90 manat pulun tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbini qismən etiraf etmiş, iddiaçıya 1250 və 90 manat olmaqla, cəmi 1340 manat borcunun olduğunu qəbul etmişdir. Qalan 500 manat pulu isə ödəməsi barədə qəbzlər təqdim etmiş, iddiaçı öz növbəsində həmin 500 manat pulun ona verildiyini qəbul etmiş, lakin bunun borcun qaytarılması məqsədilə deyil, kömək məqsədilə verildiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 500 manat pulun ödənilməsi mötəbər sübutlarla, o cümlədən iddiaçının izahatı ilə təsdiq edilir. İddiaçının həmin pulun ona cavabdeh tərəfindən borcun qaytarılması üçün deyil, kömək məqsədilə verilməsi barədə izahatları isə yalnız mülahizələrə əsaslanmaqla hər hansı bir sübutla təsdiq edilmir. Belə olan halda iddiaçının həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 borcdan toplamda 500 manat ödədiyini məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə sübuta yetirdiyindən, iddia ona münasibətdə qismən təmin edilməli, 1340 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borca görə 12800 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 500 manat olmaqla, cəmi 13300 manat, Cavabdeh2 1340 manat və Cavabdeh3 800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 138 manat pulun 133 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borca görə 12800 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 500 manat olmaqla, cəmi 13300 (on üç min üç yüz) manat, Cavabdeh2 1340 (min üç yüz qırx) manat, Cavabdeh3 800 (səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 138 manat pulun 133 (yüz otuz üç) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1931/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1931/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver