Məhkəmə qərarları › İş №2(005)-194/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-194/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-194/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7.690,08 (yeddi min altı yüz doxsan manat səkkiz qəpik) pul vəsaitinin, 2008-ci il tarixdən başlayaraq 12 ilə görə hər ili 500 manat olmaqla ümumi olaraq 6.000 (altı min) zərərin, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 08.02.2008-ci il tarixli 5511 nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 MMC tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi. 2595 saylı məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok, 3 otaqdan ibarət olmaqla ümumi yaşayış sahəsi 112,32 kv.m 76 nömrəli mənzili 62,056,80 (altmış iki min əlli altı manat səksən qəpik) ödəniş edərək almışdır. Bundan sonra həmin mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 06.02.2021-ci il tarixdə reyestrdən çıxarış və texniki pasport verilmişdir. Həmin hüquqmüəyyənedici sənədlərdə daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 98,40 kv.m göstərilmişdir. Halbuki, aralarında bağlanmış müqavilənin və 08.02.2008-ci il tarixli N2092 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok, 3 otaqdan ibarət olmaqla 76 nömrəli mənzilin ümumi yaşayış sahəsi 112,32 kv.m göstərilmişdir. Belə olan halda məlum olur ki. ümumi yaşayış sahəsinin düzgün dəqiq hesablanması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həyata keçirilmişdir. Beləliklə də, yuxarıda göstərilənlərdən müəyyən olunur ki, 08.02.2008-ci il tarixdə 7 nömrəli binanın, 1 blok, 3 otaqdan ibarət olmaqla 76 nömrəli mənzilin 1 kv 552,50 (beş yüz əlli iki manat əlli qəpik) müəyyən edilmiş və 112,32 kv görə 62,056,80 manat pul vəsaiti alınmış halbuki, mənzilin ümumi sahəsi 98,40 təşkil edir bunun dəyəri isə 54.366 manat olduğu halda ondan 7690,08 (yeddi min ,altı yüz doxsan manat səkkiz qəpik) artıq pul vəsaiti alınmışdır. Göründüyü kimi 08.02.2008-ci il tarixdən etibarən əsassız olaraq iddiaçıdan alınmış 7.690,08 (yeddi min altı yüz doxsan manat səkkiz, qəpik) pul vəsaitini X4 MMC özündə saxlamaqla ondan faydalanmışdır, belə olan halda Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq faizlər ödəməlidir. cavabdehə pretenziya edərək 7.690,08 (yeddi min altı yüz doxsan manat səkkiz qəpik) manat, 2008-ci il tarixdən başlayaraq 12 ilə görə hər 500 manat olmaqla ümumi olaraq 6 000 (altı min) cəmi isə 13.690,08 (on üç min altı yüz doxsan manat səkkiz qəpik) pul vəsaitinin mənə ödənilməsini xahiş etsə də, müraciətimə cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 08.02.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı "xxxx" ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 7 – bina, 1-blok, 7ci mərtəbədə, 112,32 kv.m ümumi sahəsi olan 63 saylı mənzili (112,32 kv.m) alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 08.02.2008-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 7 – bina, 1-blok, 7-ci mərtəbədə, 112,32 kv.m ümumi sahəsi olan 63 saylı mənzilin ümumi dəyəri 62.056,80 manat tam ödənilib, İddiaçı heç bir borcu yoxdur. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,40 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə-2595, ev 7, mənzil 76 (yeni qaydalarla: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M8, m4 İddiaçı mülkiyyətindədir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5370 №-li, 30 dekabr 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən: -Ekspertiza qarşısında qoyulmuş birinci sual üzrə- Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********55-05301-093060 reyestr nömrəli çıxarış və Texniki pasporta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595-də inşa edilmiş yaşayış kompleksinin 7-ci binasının 8-ci mərtəbəsində yerləşən 76 saylı mənzilin ümumi sahəsi 98,4 kv.m (yaşayış sahəsi 53,2 kv.m və köməkçi sahəsi 45,2 kv.m) təşkil edir; - Ekspertiza qarşısında qoyulmuş ikinci sual üzrə - mülki iş materiallarına əlavə edilmiş 7-ci mərtəbənin hörgü-planı layihə-cizgi sənədindən görünür ki, həmin mərtəbədə yerləşən 3 otaqlı mübahisəli mənzilin konfiqurasiyasına uyğun olan mənzilin ümumi sahəsinin 104,7 kv.m olduğu müəyyən edilmişdir. Lakin 08.02.2008-ci il tarixli, 5511 saylı müqaviləyə həmin mənzilə dair layihəcizgi sənədi əlavə edilmədiyindən həmin mənzilin müqavilə üzrə yaşayış və qeyri-yaşayış sahəsinin hər birinin ayrı-ayrılıqda nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır; -Ekspertiza qarşısında qoyulmuş üçüncü sual üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərar ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595-də inşa edilmiş yaşayış kompleksinin 7-ci binasının 8-ci mərtəbəsində yerləşən 76 saylı mənzilin faktiki olaraq ümumi sahəsi 98,4 kv.m (yaşayış otağının sahəsi 53,2 kv.m və köməkçi otaqlarının sahəsi 45,2 kv.m) təşkil edir; -Ekspertiza qarşısında qoyulmuş dördüncü sual üzrə aparılmış hesablamalar nəticəsində mənzilin faktiki sahəsinin 104,7 kv.m olduğu və mənzilin faktiki ölçüləri ilə texniki pasportda əks olunmuş ölçülərin eynilik təşkil etdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********18-05310-093006 reyestr nömrəli çıxarışda qeyd edilən ümumi sahəsi hesablanarkən balkon 0,3 azalma əmsalı ilə hesablandığından mənzilin ümumi sahəsi 98,4 kv.m təşkil etmişdir; -Ekspertiza qarşısında qoyulmuş beşinci sual üzrə mənzilin faktiki sahəsi (104,7 kv.m) ilə həmin mənzilə dair "xxxx" ASC tərəfindən verilmiş layihə-cizgidə qeyd edilən mənzilin ümumi sahəsi (104,7 kv.m) (yaşayış və qeyri-yaşayış sahəsi daxil olmaqla) arasında hər hansı bir fərqin olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı və "xxxx" ASC arasında bağlanmış 08.02.2008-ci il tarixli müqaviləyə əsasən ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə-2595, ev 7, mənzil 76-nı İddiaçı verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 112,32 kvadrat metr olan yaşayış sahəsinin ümumi dəyəri olan 62.056,8 manat alıcı tərəfindən ASC-yə tam ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 98,40 kvadrat metr olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, sözügedən mənzilin faktiki sahəsinin 104,7 kv.m olduğu və mənzilin faktiki ölçüləri ilə texniki pasportda əks olunmuş ölçülərin eynilik təşkil etdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********18-05310-093006 reyestr nömrəli çıxarışda qeyd edilən ümumi sahəsi hesablanarkən balkon 0,3 azalma əmsalı ilə hesablandığından mənzilin ümumi sahəsinin 98,4 kv.m təşkil etməsi halı müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi faktiki olaraq 112,32 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 98,40 kvadrat metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 98,40 kvadrat metr kimi hesablansa da, cavabdeh ASC müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 112,32 kvadrat metr təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 112,32 kvadrat metr olmasını və mənzildə balkonların olmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bundan əlavə, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə qiymət verərək hesab edir ki, sözügedən əmlak iddiaçının mülkiyyəti hesab olunduğuna görə onun həmin əmlaka dair artıq ödənilmiş pulun qaytarılması haqqında tələbinə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar