Məhkəmə qərarları › İş №2(005)-195/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-195/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-195/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəlikdənkənar ödənilmiş pul vəsaitlərinin qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6.960 manat, 2008-ci il tarixdən başlayaraq 10 ilə görə hər ili 500 manat olmaqla ümumi olaraq 5 000 (beş min) zərərin, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixli 11573 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok 3 otaqdan ibarət olmaqla ümumi yaşayış sahəsi 112,32 kv/m 87 nömrəli mənzili 56160 manat ödəniş edərək almış, bu barədə xx.xx.2010-cu il tarixdə N4553 nömrəli maliyyə arayışı verilmiş, lakin sonradan yəni xx.xx.2010-cu il tarixdə öz istəyinə uyğun olaraq iddiaçının adına keçirilmiş, bu barədə iddiaçıya mənzilə dair N4911 nömrəli maliyyə arayaışı verilmişdir. Bundan sonra həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış, xx.xx.2021-ci il tarixdə reyestrdən çıxarış və texniki pasport verilmişdir. Həmin sənədlərdə daşınmaz əmlakın ümumi sahəsi 98,40 kv/m göstərilmişdir. Halbuki iddiaçının oğlu ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin və xx.xx.2010-cu il tarixli N4553 nömrəli maliyyə arayışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok 3 otaqdan ibarət olmaqla 87 saylı mənzilin ümumi yaşayış sahəsi 112,32 kv/m göstərilmişdir. Beləliklə müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə 7 nömrəli binanın 1 blok üç otaqdan ibarət olmaqla 87 nömrəli mənzilin 1 kv/m üçün 500 manat müəyyən edilmiş və 112,32 kv/metrə görə 56160 manat pul vəsaiti alınmış, halbuki mənzilin ümumi sahəsi 98,40 kv/m təşkil edir. Bunun dəyəri isə 49200 manat olduğu halda iddiaçıdan 6960 manat artıq pul vəsaiti alınmışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia tələbinə yazılı etirazını təqdim etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən xx.xx.2010-cu il tarixli, 11573 saylı alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) əsasında mənzil (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə, Y. Əliyev küçəsi küçəsi, Bakıxanov yaşayış kompleksi, bina 7, blok 1, mənzil 87) almışdır. Müqavilələsinin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin qiyməti 56160 manat müəyyən edilmişdir. Mənzil (bina) layihə əsasında inşa edilmiş və layihə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 2012-ci ildə təsdiq olunmuşdur. Mənzilin sahəsi həmin dövrdəki ölçmə qaydalarına uyğun hesablanaraq 112,32 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilərək müvafiq dövlət qrumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh bir qayda olaraq mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzilin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. Cavabdeh yeni qanunvericiliyin (Tikinti və Şəhərsalma Məcəlləsinin) qəbul olunacağını, mənzillərin sahəsinin ölçülməsinin yeni qaydalarla hesablanacağını qabaqcadan bilə bilməzdi. Nəzərə çatdırır ki, Cavabdeh tərəfindən mənzillər İddiaçıya təhvil verilərkən İddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı Cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasmda müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terraslanın sahələri -0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar(verandalar)-l,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığım əsas gətirir. Bununla bağlı qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı-satqı müqavilələrində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmədiyinə görə Cavabdehin satdığı mənzillərin sahələri də Müqavilədəki qeyd olunan sahələrlə uyğun gəlmir. Hesab edirlər ki, iddiaçının tələbi tam əsassızdır. Eyni zamanda hesab edir ki, iddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilir. Mənzil vahid qiymətlə satıldığı üçün mənzilin sahəsi bu günki qaydalarla hesablanaraq daha az müəyyən edilsəydi də mənzilin qiyməti dəyişməyəcəkdi. Beləliklə, yuxanda qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı iddiası əsassız olduğu üçün rədd edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı haqqında müqaviləsinin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllədə Y.Əliyev küçəsində inşa etdirdiyi 7 nömrəli binanın, 1 blok, 73 saylı 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv/m olan, mənzili Alıcıya satmağı, Alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin 2.1-ci bəndində qeyd edilən Mənzilin dəyəri (qiyməti) Tərəflərin razılığı ilə 56160 manat məbləğində müəyyən olunur. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 4553 saylı maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllədə Y.Əliyev küçəsində inşa etdirdiyi 7 nömrəli binanın, 1 blok, 73 saylı 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv/m olan mənzilə ümumi dəyəri 56160 manat tam ödənilib, heç bir borcu yoxdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Məhəllə-2595, 7 nömrəli evin 87 saylı mənzili (yeni qaydalarla - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi 24, M9, m3) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı haqqında müqaviləsinin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllədə Y.Əliyev küçəsində inşa etdirdiyi 7 nömrəli binanın, 1 blok, 73 saylı 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv/m olan, mənzili Alıcıya satmağı, Alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin 2.1-ci bəndində qeyd edilən Mənzilin dəyəri (qiyməti) Tərəflərin razılığı ilə 56160 manat məbləğində müəyyən olunur. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, balkon və (və ya) eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli 10/473 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarlarına əsasən, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda inşa edilən 7 nömrəli binanın 1 blok, 3 otaqdan ibarət, 87 nömrəli mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 98,4 m2 təşkil etdiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda inşa edilən 7 nömrəli binanın 1 blok, 3 otaqdan ibarət, 87 nömrəli mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 112,3m2 (104,7+7,6) təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2022-ci il tarixli 10/6071 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda inşa edilən 7 nömrəli binanın 1 blok, 3 otaqdan ibarət, 87 nömrəli mənzilin oxdan-oxa sahəsi, yəni qonşu tikililərlə arakəsmə divarların yarısının yerləşdiyi sahə, daxili arakəsmələrin sahəsi bütövlüklə, mənzildə olan dəhliz, sanitar novşağı, yaşayış otaqları, mətbəx və balkonun sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 112,3 kv/m təşkil etdiyi müəyyən olunur. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı haqqında müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllədə Y.Əliyev küçəsində inşa etdirdiyi 7 nömrəli binanın, 1 blok, 73 saylı 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv/m olan, mənzili Alıcıya satmağı, Alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin 2.1-ci bəndində qeyd edilən Mənzilin dəyəri (qiyməti) Tərəflərin razılığı ilə 56160 manat məbləğində müəyyən olunur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 4553 saylı maliyyə arayışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllədə Y.Əliyev küçəsində inşa etdirdiyi 7 nömrəli binanın, 1 blok, 73 saylı 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv/m olan mənzilə ümumi dəyəri 56160 manat tam ödənilib, heç bir borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Məhəllə-2595, 7 nömrəli evin 87 saylı mənzili (yeni qaydalarla - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi 24, M9, m3) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı haqqında müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllədə Y.Əliyev küçəsində inşa etdirdiyi 7 nömrəli binanın, 1 blok, 73 saylı 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv/m olan, mənzili Alıcıya satmağı, Alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin 2.1-ci bəndində qeyd edilən Mənzilin dəyəri (qiyməti) Tərəflərin razılığı ilə 56160 manat məbləğində müəyyən olunur. Müqavilənin 1.2ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, balkon və (və ya) eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2022-ci il tarixli 10/6071 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda inşa edilən 7 nömrəli binanın 1 blok, 3 otaqdan ibarət, 87 nömrəli mənzilin oxdan-oxa sahəsi, yəni qonşu tikililərlə arakəsmə divarların yarısının yerləşdiyi sahə, daxili arakəsmələrin sahəsi bütövlüklə, mənzildə olan dəhliz, sanitar novşağı, yaşayış otaqları, mətbəx və balkonun sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 112,3 kv/m təşkil etdiyi müəyyən olunur. Hazırda iddiaçı cavabdehdən Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllədə Y.Əliyev küçəsində inşa etdirdiyi 7 nömrəli binanın, 1 blok, 73 saylı 3 otaqdan ibarət mənzili müqavilədə mənzilin ümumi yaşayış sahəsi 112,32 kv/m göstərildiyi halda, mənzilin çıxarış aldıqdan sonra ümumi sahəsinin 98,40 kv/m təşkil etdiyini, bu səbəbdən də artıq ödənilmiş pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə, habelə xx.xx.2010-cu il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin müvafiq olaraq 1.1 bəndinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi göstərilmişdir. Habelə qeyd olunmuşdur ki, Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, balkon və (və ya) eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 112,32 kv/m göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda inşa edilən 7 nömrəli binanın 1 blok, 3 otaqdan ibarət, 87 nömrəli mənzilin oxdan-oxa sahəsi, yəni qonşu tikililərlə arakəsmə divarların yarısının yerləşdiyi sahə, daxili arakəsmələrin sahəsi bütövlüklə, mənzildə olan dəhliz, sanitar novşağı, yaşayış otaqları, mətbəx və balkonun sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 112,3 kv/m təşkil etdiyi müəyyən olunur. Həmin mənzildə təmir işlərinin görüldüyü müəyyən olunmuşdur. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş materiallarında olan işçi layihəsindən göründüyü kimi mübahisəli binanın layihəsi 2012-ci il tarixində müvafiq dövlət orqanlarında razılaşdırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırda iddiaçı mənzillərin sahəsinin “Şəhərsalma və Tikinti” Məcəlləsinin normalarına uyğun ölçülməsinə istinad edilərək, müqavilədənkənar pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı deyildir. Bundan başqa məhkəmə bildirir ki, cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə zərurət görmür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" qarşı “pul vəsaitinin tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar